Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək həvəsinə düşənlərin sırası genişlənir. Belə bir hədəfi və regionda maraqları olanlar isə ilk növbədə Azərbaycan-Ermənistan sülh danışıqları masasının arxasında özünə yer tapmağa çalışır. Və bu, regional sülh prosesini daha da uzanmasına yol açır.
Bir müddət öncəyə qədər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında məhz Rusiya şəriksiz vasitəçi rolunu oynayırdı. Ancaq Kremlin vasitəçiliyi ilə regionda ədalətli sülhün və sabitliyin yaranma ehtimalı demək olar ki, sıfıra bərabər idi. Kreml sülh prosesindən birmənalı şəkildə Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin toxunulmazlığını təmin etmək üçün istifadə etməyə çalışırdı.
Təbii ki, ABŞ və Qərb regional sülh prosesində şəriksiz orbitr rolunu Rusiyanın öhdəsinə buraxmaq niyyətində deyildi. Rusiyanı Ukraynada “savaş bataqlığı”na salmış Ağ Evin əsas hədəfləri sırasına Kremlin Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılması da daxildir. Bunun üçün isə ilk növbədə Rusiyanın regional sülh prosesində oyundankənar vəziyyətə salınması lazım idi.
Ona görə də, ABŞ siyasi dairələri Avropa Birliyini Rusiyaya alternativ olaraq, sülh prosesində vasitəçilik missiyasına yönləndirdi. Əslində, bu, Cənubi Qafqazda sülh prosesi üçün də kifayət qədər sərfəli və uğurlu manevr sayıla bilər. Çünki məhz Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinə ümidləri artırdı. Və bu baxımdan, Kremldən daha effektiv vasitəçi olan Avropa Birliyi Şurasının rəhbəri Ş.Mişel sülh prosesində Rusiyanın orbitr mövqeyini sarsıtdı.
Hətta sonrakı mərhələdə Rusiyanın vasitəçiliyi sadəcə, formal xarakter aldı. Brüssel görüşləri Azərbaycan və Ermənistan arasında sülh sazişinin uzaqda olmadığı barədə təsəvvürləri gücləndirdi. Ancaq bu təsəvvürlər bir müddətdən sonra pessimist rəyləri gücləndirən situasiya ucbatından arxa plana keçdi. Çünki Ermənistanın “bacı”sı olan Fransanın o qədər də uzaqda olmadığı məlum oldu. Və bu ermənipərəst ölkənin prezidenti Emmanuel Makron nəyin bahasına olursa-olsun, Cənubi Qafqazdakı sülh prosesində iştirakçıya çevrilməyə can atırdı.
Nəticədə Ermənistanın mövqeyini açıq şəkildə ifadə edən prezident E.Makronun ucbatından ötən ilin dekabrında keçirilməli olan Brüssel görüşü pozuldu. Cənubi Qafqazda sülh danışıqlarını savaş təhlükəsi əvəz elədi. Yəni, rəsmi Parisin Ermənistanın maraqları ilə üst-üstə düşən hədəfləri regionda hərbi-siyasi gərginliyi son həddə çatdırdı. Və bununla da Fransa regional sülh prosesi qarşısında Rusiya ilə ortaq əngəlləyici faktora çevrilmiş oldu.
Ancaq Cənubi Qafqazda əsas balanslaşdırıcı faktor məhz ABŞ və Qərbin regional sülh prosesində maraqlarının Fransanın “qaranlıq hədəfləri” ilə kəskin ziddiyyət təşkil etməsidir. Fransadan fərqli olaraq, ABŞ və Qərb regionda sülhün və sabitliyin bərpa olunmasıyla, Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına nail olmağa can atır. Ona görə də, prezident Emmanuel Makronun pozduğu sülh prosesi məhz ABŞ-ın müdaxiləsi ilə bərpa olundu.
Əvvəl Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Böyük irəliləyişlərin əldə olunduğu Vaşinqton görüşünün razılaşma bazası üzərindən Brüssel prosesi yenidən bərpa olundu. Brüssel görüşündən sonra isə Azərbaycan və Ermənistan arasında əsas prinsipial mövzular ilə bağlı anlaşmanın olduğu vurğulandı. Hətta mövcud situasiyanın iyunun 1-də Kişineuda yekun sülh sazişinin imzalanma ehtimalını artırdı.
Halbuki, bu ehtimallarda Fransa və prezident Emmanuel Makronun sülh prosesini pozma qabiliyyəti nəzərə alınmamışdı. Hər halda, prezident E.Makron Kişineu görüşündə də özünə sülh danışıqları masasının bir küncündə yer tapmaqla, əldə olunmuş uğurları sıfırlamaq üçün mümkün olan hər şeyi etdi. Və indi regional sülh prosesinin hansı istiqamətdə irəliləyəcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır.
Məsələ ondadır ki, Cənubi Qafqazdakı sülh prosesinin əsas vasitəçisi Şarl Mişel Kişineu görüşü ilə bağlı ortaq bəyanatı yaydıqdan qısa müddət sonra Fransa prezidenti E.Makron yenə aranı qarışdırmaq qabiliyyətini sınaqdan çıxartdı. O, görüşlə bağlı təktərəfli və ümumi mövqeyə zidd açıqlama verərək, nəticələri təhrif etməkdən çəkinmədi: “Avropa liderləri Avropa Birliyinin müşahidə missiyasının Ermənistanın təhlükəsizliyi üçün vacibliyini vurğulayıblar. Onlar “Dağlıq Qarabağ” ermənilərinin hüquqlarının təmin olunması və təhlükəsizliyinin təminatı üçün müdafiə mexanizminin yaradılmasının lazım olduğunu da qeyd ediblər”.
Göründüyü kimi, prezident E.Makronun bu açıqlaması sülh prosesini pozmaq cəhdindən başqa bir şey deyil. Belə ki, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin ümumi bəyanatında Fransa prezidentinin dediklərinin heç birisi yer almır. Çünki Ermənistan prezident E.Makronun “Dağlıq Qarabağ” adlandırdığı bölgəni Azərbaycanın ərazisi olaraq, artıq tanıyıb. Rəsmi Bakı da həmin bölgədə yaşayan ermənilərlə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu dəfələrlə vurğulayıb.
Ancaq nə qədər qəribə də olsa, Rusiya kimi, Fransa da “Dağlıq Qarabağ” mövzusundan əl çəkmir. Hər imkanda bu “mövzu”nu gündəmə gətirmək cəhdilə bir tərəfdən Azərbaycanın daxili işlərinə qarışmağa, digər tərəfdənsə, sülh prosesini pozmağa çalışır. Ona görə də, rəsmi Bakının dərhal cavab reaksiyası verərək, prezident E.Makronu görüşün nəticələrini təhrif etməkdə, sülh prosesini pozmaqda və regional sabitliyə zərbə vurmaqda suçlaması tamamilə doğru addımdır.
Belə anlaşılır ki, Fransa prezidenti E.Makronun Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına dəstək vermək kimi bir niyyəti yoxdur. Əksinə, prezident E.Makron bütün cəhdlərini sülh prosesinin pozulması hədəfi üzərində indeksləşdirib. Yəni, prezident E.Makron sülh prosesinə yalnız aranı qarışdırıb, onu pozmaq məqsədilə qatılır. Bu baxımdan, Cənubi Qafqazda sülh elçisi deyil, məhz “geopolitik mikser” funksiyalarını icra edən prezident E.Makron prosesdən tam təcrid edilməyincə, regionda sabitliyə ümid bəsləmək sadəlövlük olardı. Və bu, həm də Ermənistanı fəlakətə sürükləyə biləcək məqamdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ