Onlayn ictimai-siyasi qəzet
Qərb siyasi dairələri onilliklər boyu xüsusi dəyərlərin - insan haqları, sərbəst toplaşma və özünüifadə azadlıqları və s. - təbliği ilə məşğul olublar. Qərb qurumları daim bütün dünyaya həmin dəyərləri örnək göstərərək, qürur duyduqlarını açıq-aşkar qabartmağa çalışıblar. Üstəlik, buna paralel olaraq, həm də Qərb dəyərlərini dünyanın digər regionlarına aid ölkələrə və xalqlara təlqin ediblər. Hətta qarşılıqlı münasibətlərdə məhz Qərb dəyərlərinin qarşı tərəfin ictimai-siyasi məkanında təsir mexanuizmlərini və səviyyəsini əsas şərtlərin daxilində göstəriblər. Və “Qərb standarları”na çevirdikləri həmin dəyərlərin dünyanın digər hissəsinə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər.
Ancaq son vaxtlar həm ABŞ-da, həm də Avropa Birliyi məkanında baş verənlər onu göstərir ki, “Qərb standartları” əslində, uydurma siyasi-ideoloji manevr mexanizmlərindən başqa bir şey deyil. Əgər, bu “standartlara” hətta Qərbdə nə vaxtsa, riayət olunmuş olsa belə, indi artıq həmin dəyərlər birmənalı şəkildə iflasa uğramaq üzrədir. Hər halda, Avropa Birliyi ölkələrində “Qərb dəyərləri”ndən böyük sürətlə imtina edildiyi açıq-aşkar müşahidə edilir. Və Qərbin “maska”sı düşür, nə qədər ədalətsiz olduğu birmənalı şəkildə ortaya çıxmış olur.
Məsələn, ABŞ və Qərbi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi qətiyyən qane etmir. Ona görə də, “xüsusi dəyərləri” təbliğ və təşviq edən Qərb siyasi dairələri davamlı olaraq, Azərbaycanı məntiqsiz və absurd iddialarla ittiham edirlər. Qərb rəsmi Bakını Azərbaycandan könüllü şəkildə Ermənistana köçmüş ermənilərin təhlükəsizliyini təmin etməməkdə suçlayır. Halbuki, rəsmi Bakı dəfələrlə ermənilər Azərbaycan vətrəndaşlığını qəbul edəcəkləri təqdirdə, onların bütün hüquqlarının digər vətəndaşlarda olduğu kimi, Konstitusiya çərçivəsində qorunacağını bəyan etmişdi.
Digər tərəfdən, ABŞ və Qərb son 30 il ərzində Ermənistandan zorakılıqla qovulmuş Azərbaycanlı məcburi köçkünlərin problemləri barədə bir dəfə də hər hansı səviyyədə müzakirə açmağa cəhd belə, göstərməyib. Halbuki, bəzi ermənipərəst və korrupsioner Qərb qurumları Azərbaycana qarşı arsurd iddialar irəli sürürlər. 2020-ci ilə qədər Azərbaycanın suveren ərazilərini işğal altında saxlayan Ermənistana heç bir irad bildirilmirdi. Ancaq AŞPA öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququnu ləğv etməklə, ədalətsiz və tərəfli olduğunu təsdiqlədi. Və bu baxımdan, “Qərb dəyərləri”nin insan haqları, yaxud ədalətlə əlaqəsi ən yaxşı halda, mübahisə mövzusu ola bilər.
Halbuki, Avropa Birliyinə üzv ölkələrin daxilində belə, demokratiya, insan haqları, ifadə və sərbəst toplaşma azadlığı real təsir mövcudluğundan çox-çox uzaqdır. Yəni, “Qərb dəyərləri” iflasa uğrayıb, Avropa məkanı böyük sürətlə diktaturaya doğru yönəlməyə başlayıb. Hər halda, Almaniyada mitinqə çıxmış insanları polis dərhal zorakı metodlarla darmadağın etməkdən çəkinmir. Fransa və Hollandiya müasir dünyada müstəmləkəçilik siyasətinin əsas daşıyıcıları rolunda çıxış edir. Haıbuki, həm Avropa Birliyi, həm də bu qurumun üzvü olan Fransa və Hollandiya hələ də başqa dövlətləri “Qərb dəyərləri”ndən uzaq qalmaqda suçlamaqda davam edir. Və bunu edərkən, Avropa Birliyi ölkələrində ən sadə insan hüquqları ilə bağlı qanunlar kobud şəkildə pozulur.
Fransada media azadlığının səviyyəsini təsəvvür etmək üçün elə yalnız “Teleqram”ın qurucusu Pavel Durovun dolayısı ittihamlarla həbs edilməsinə diqqət yetirmək tamamilə yetərlidir. Çünki onun həbsinin birmənalı şəkildə “Teleqram”a nəzarət məqsədi daşıdığı artıq qətiyyən şübhə doğurmur. Hər halda, Pavel Durovun həbsdən bir müddət öncə Fransa kəşfiyyatının “Teleqram”da yazışmalara çıxış kodlarını tələb etməsinə imtina cavabı verdiyi barədə məlumatlar mövcuddur. Və bu, onu göstərir ki, Makron hakimiyyəti Fransanı xofun hökm sürdüyü diktaturaya sürükləyir.
Əslində, son dövrlərdə Makron hakimiyyətinin demək olar ki, diktaturadan başqa çıxış yolu da qalmayıb. Çünki prezident Emmanuel Makronun partiyası həm Avropa Parlamentinə, həm də Fransa parlamentinə keçirilmiş seçkiləri uduzub. Hazırda Makron hakimiyyətinin Fransa siyasi-ictimai məkanında nüfuzu ciddi şəkildə zəifləyib. Ona görə də, rəsmi Paris ölkədaxili situasiyaya nəzarəti böyük sürətlə, itirməyə başladığından avtoritar metodları ön plana çıxartmaq məcburiyyətində qalıb.
Maraqlıdır ki, Makron hakimiyyəti son vaxtlar Fransa konstitusiyasını da kobud şəkildə pozmaqda ittiham olunur. Belə ki, prezident E.Makronun partiyası son parlament seçkilərinə məğlub olaraq, ali qanunverici orqanda əvvəlki ilə müqayisədə 90 yer itirib. Ona görə də, indi qanuna əsasən, prezident E.Makron seçkidə qalib gəlmiş rəqib siyasi düşərgənin baş nazir postuna namizədini təsdiqləməkdən imtina edir.
Bu səbəbdən də, müxalif düşərgənin lideri Jan-Lyuk Melanşon prezident E.Makronu “avtokrat” adlandırmaqla yanaşı, Fransanı ölkədaxili xaosa sürükləmədə suçlayıb. Bu, o deməkdir ki, Fransada Makron hakimiyyətinə qarşı etiraz dalğası yaxın vaxtlarda kütləvi hal ala bilər. Halbuki, Fransa cəmiyyətində Makron hakimiyyətinə qarşı social-iqtisadi narazılıqlar onsuz da təhlükəli həddə çatıb. Və bu prosesdə seçkinin qalibi olan müxalifət düşərgəsinin daha fəal iştirakı isə, Fransanı daha dərin siyasi böhrana düçar edə bilər.
Göründüyü kimi, bütün dünyaya “demokratiya dərsi” keçən Makron hakimiyyəti hazırda Fransanı avtoritar metodlarla idarə edərək, diktatutaya doğru yaxınlaşdırır. Bəzi Qərb ekspertləri hesab edirlər ki, əgər, belə davam edərsə, Fransa ya dərin siyasi xaosla üzləşərək, iflasa məhkum olacaq. Ya da Makron hakimiyyəti Fransada diktatura rejiminin qurulmasını tezliklə yekunlaşdıracaq. Və bu, son nəticədə Fransanı daxili iğtişaşlara məruz qoymaqla yanaşı, həm də Makron hakimiyyətinin devrilməsinə yol aça bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ