Onlayn ictimai-siyasi qəzet
Taker Karlson peşəkar telejurnalist olsa da, onun müsahibələrinə baxdıqdan sonra gəldiyim qənaət budur ki, o qədər də dərin analitik təhlilçiliyi yoxdur. Jurnalistin “CNN,” “PBS”, “MSNBC” və “Fox News” kimi telekompaniyalarda işləməsi və məşhurlaşması onun uğur hekayəsidir, dərin analiz isə artıq püxtələşdiyi teleməkanda və birbaşa məşğul olduğu siyasətdə o qədər də vacib deyil. Baydenin indiki ağlı ilə müqayisədə Karlson əlbəttə “siyasətdə əjdaha” hesab oluna bilər.
Karlson ən çox “Fox News”dəki müəllif şousu ilə mühafizəkar baxış tərəfdarları arasında çox populyarlaşdı. Trampın uduzduğu 2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edənlərdən biri də Karlson idi. Onun “Fox News”in efirdən dedikləri böyük qalmaqal yaratdı və məhkəmə Takerin saxtakarlıq iddiasını böhtan kimi qiymətləndirdi və kanal fantastik məbləğdə(780 milyon dollar)cərimələndi. Buna görə də kanal Karlsonla müqaviləsini ləğv etdi...
Trampın qüsurları, sosial şəbəkədə lazımsız şərhləri haqda onun birinci prezidentlik dönəmində çox yazmışam, amma bir üstünlüyünü də həmişə qeyd etmişəm: Amerikanın siyasi isteblişmentində jurnalist fikirlərinə onun qədər diqqət yetirən çətin ki, tapılsın. Pis yazanları söyür, yamanlayır, məhkəməyə verir, bu da bir ayrı ayıbıdır. Amma jurnalistlərlə dostluğa daha çox önəm verir. Deyəsən, yeni komandasında da jurnalistlərə yüksək vəzifə vəd etdikləri var. Taker trampistdir, onu son seçkidə də canı-dildən dəstəklədi. İndi ona vəzifə verəcək, ya yox, bu gələcək göstərəcək. Amma zənnimcə, Trampın ilk görəvini artıq Karlson yerinə yetirib. Onun Moskvaya səfəri və bu dəfə təkcə Rusiyanın deyil, dünyanın ən təcrübəli diplomatlarından biri olan Lavrovla görüşməsi heç bir halda təsadüfi ola bilməz. Karlson deyib ki, əslində Kiyevə gedib Zelenskidən müsahibə götürmək istəyib, amma rədd cavabı alıb. Köhnə administrasiya hələ yanvaradək iş başındadır və Trampa ən yaxın jurnalistdən birinə danışmaq görünür, hələ uyğun deyil...
Karlsonun xüsusi missiya ilə Moskvaya gəldiyi haqda iddialar yəqin ki, olacaq. İstisna deyil ki, onun Trampın hər hansı məxfi məktubunu və ya mesajlarını şəxsən Kremlə çatdırmaq kimi missiyası da olub. Hər halda, Lavrovla 80 dəqiqəlik müsahibədə aydın məqsəd var. Lavrov Rusiyanın Ukrayna savaşını durdurmaq üçün şərtlərinin bir daha, həm də birbaşa ingilis dilində təkrarlayıb. Yəni zaman-zaman bunları Prezident Putin deyib, Lavrov da deyib, amma “münaqişəni 24 saata həll edirəm” vədi verən ABŞ prezidenti yanvarda rəsmən görəvinə başlayır. Onun üçün mənzərə aydın olmalıdır, dünya da bunları bir daha Rusiyanın dilindən, amma bu dəfə daha geniş auditoriyada eşitməlidir.
Diqqət edin, Taker Moskvada olanda Zelenski də ən yaxın adamını-Yermakı Trampla görüşə göndərib. İlkin məlumata görə, Zelenski hakimiyyəti yanvardan sonra silahlar və maddi dəstək mövzusunu yeni administrasiya ilə müzakirə etmək niyyətindədir. Amma Konqres nəinki yeni yardımlar, Baydenin “son nəfəsində” ayırdığı daha bir neçə milyardı bloklayacağını bəyan edib. Yəni Tramp yeni müharibə planlarına yox, yeni sülh şərtlərinin müzakirəsinə açıq görünür. Kiyev bunun fərqindədir, amma bunu bu cür ifadə edə də bilməz.
O səbəbdən həm Karlsonun Lavrovla müsahibəsinə və Kiyevin ABŞ-dakı danışıqlarına Trampın “yol xəritəsi” kimi də baxmaqda fayda var.
Lavrov qeyri-xarizmatik və cansıxıcı müsahibdir. Bəlkə də diplomatik vərdişlərdən belədir. Onun Karlsonla müsahibəsi Putinlə məlum söhbətindən iki dəfə azdır, amma baxmaq üçün hövsələ gərəkdir. İlk 10 dəqiqədə X sosial şəbəkəsində yayımlanan müsahibənin video variantı 100 min dəfədən çox izlənilib, bir saat sonra baxış sayı milyona, altı saat sonra isə üç milyona çatıb.
Rusiyanın XİN rəhbəri iki-üç nüans istisna olmaqla xüsusilə münaqişənin həlli ilə bağlı yeni heç nə deməyib. Müsahibənin əsas mövzuları Ukrayna münaqişəsi, Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb arasında gərginliyin artması və nüvə qarşıdurması təhlükəsi olub. Məsələn, Lavrov BMT-nin baş katibi Antonio Quterreşin münaqişə BMT Nizamnaməsi, beynəlxalq hüquq və Baş Assambleyanın qətnamələri əsasında Ukraynanın ərazi bütövlüyünə hörmət edilməklə həll edilməlidir fikrini “yanlış yanaşma” adlandırıb. “Əgər siz BMT Nizamnaməsinə hörmət etmək istəyirsinizsə, ona bütünlüklə hörmət etməlisiniz”, - deyə nazir vurğulayıb. Lavrov xatırladıb ki, “sənəddə digər məsələlərlə yanaşı, bütün ölkələrin dövlətlərin bərabərliyinə və millətlərin öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşması qeyd olunur”. Yəni Rusiyanın ələ keçirdiyi və konstitusiya ilə “rəsmiləşdirdiyi” yeni əraziləri (Donetsk, Luqansk “respublikaları”, Xerson və Zaporojye) “millətlərin öz müqəddəratını təyinetmə hüququ” ilə izah edir.
Daha net mövqe də var: “Ukraynada münaqişə yalnız o zaman sülh yolu ilə nəticələnə bilər ki, Kiyev NATO-ya üzv olmaqdan imtina etsin. Ukrayna ərazisində xarici qoşunların iştirakı ilə heç bir hərbi baza, hərbi təlimlər olmayacaq”.
İnsaf naminə, bəzi fikirləri ilə razılaşmaq da olar. Məsələn, nazirin sözlərinə görə, əgər “Maydan hərəkatı” dövlət çevrilişi ilə nəticələnməsəydi, o vaxtkı prezidenti Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşma həyata keçirilsəydi, “Krım hələ də Ukraynanın bir hissəsi olacaqdı”.
Yeni və maraqlı faktlardan biri Lavrovun Blinkenlə qısa söhbətini açması olub. Nazir qeyd edib ki, Blinkeni sonuncu dəfə 2021-ci ildə Romada keçirilən G20 sammitində Putin təmsil edərkən görüb. “Blinkenin köməkçisi yanıma gəldi və 10 dəqiqə danışmaq istədiyini dedi. Bir-birimizin əlini sıxdıq. O, gərginliyin azaldılmasının zəruriliyi ilə bağlı nəsə dedi”. Lavrovun sözlərinə görə, o, cavabında bildirib ki, Rusiya “eskalasiyaya qarşıdır, amma ABŞ Rusiyanı “strateji məğlub” etmək istəyir”. "O, cavab verdi ki, bu, qlobal miqyasda "strateji məğlubiyyət" deyil, yalnız Ukraynanı nəzərdə tutur. Ümid edirəm ki, bu məlumatı açıqladığım üçün mənə qəzəblənməyəcək", - deyə, XİN rəhbəri əlavə edib.
Lavrovun daha bir maraqlı fikir onu görüb qaçanlar haqdadır. Nazir deyib ki, avropalılar sammitlərdə ondan qaçır və özlərini uşaq kimi aparırlar...
Lavrov Tramp haqda da “nəticə əldə etmək istəyən güclü insan”deyib. Rusiyalı nazir sonda Takerə deyib ki, “top indi Amerika tərəfdədir”. Taker “o topu” Trampa aparır, başqa gizli məlumatlar da ola bilər. Məşhur filmdəki frazanı (“Лёд тронулся, господа присяжные заседатели”) bir az da bədiləşdirsək, “buz əriməyib, amma buz irəliləməyə başlayıb...”.
Nazim SABİROĞLU,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ