Onlayn ictimai-siyasi qəzet
Ukraynada davam edən müharibənin dayandırılması üçün yeni və kritik mərhələyə qədəm qoyulur. Gələn həftə Londonda keçiriləcək yüksək səviyyəli görüş zamanı tam və hərtərəfli atəşkəsin əldə olunması gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu nəşrlərindən olan "New York Post" məlumat yayıb. Qəzetin yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyasındakı yüksək çinli məmur bildirib ki, tərəflər razılığa gələ bilsələr, bu, müharibənin diplomatik yolla dayandırılması üçün ciddi irəliləyiş olacaq.
Ancaq Vaşinqton bu prosesi sadəcə təşviq etməklə kifayətlənməyəcək. Məlumata görə, əgər razılaşmaya nail olunmasa, ABŞ danışıqlardan çəkilməyə və məsuliyyəti Avropadakı müttəfiqlərinin üzərinə atmağa hazırdır. Bu isə o deməkdir ki, ABŞ bundan sonra Ukrayna məsələsində daha sərt və sərhədli mövqe tutacaq.
Qəzet qeyd edir ki, London görüşündə Rusiya, Ukrayna, ABŞ və Avropa İttifaqını təmsil edən nümayəndələrin iştirakı gözlənilir. Danışıqların mərkəzində döyüşlərin tam dayandırılması, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması və humanitar dəhlizlərin açılması olacaq.
Xatırladaq ki, Ukraynada müharibə 2022-ci ilin fevralından bəri davam edir və bu müddət ərzində on minlərlə insan həyatını itirib, milyonlarla insan evsiz qalıb. Beynəlxalq ictimaiyyət isə artıq uzun müddətdir ki, davamlı sülh razılaşmasının əldə olunması üçün tərəfləri danışıqlara səsləyir.
Hazırda bütün diqqətlər Londonda keçiriləcək görüşə yönəlib. Bu toplantı Ukrayna münaqişəsinin gələcək taleyi üçün həlledici rol oynaya bilər.
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ