İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Yunus xaricdə oturub yenə siyahı yaydı - bu dəfə 100 nəfər...

Hüquq müdafiəçiləri “Azərbaycan siyasi məhbuslara azadlıq” İttifaqının yeni siyahısına etiraz edirlər

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun daxil olduğu  “Azərbaycan siyasi məhbuslara azadlıq” İttifaqı iyunun 6-da yeni siyahını dərc edib. Siyahıya 100 nəfər daxil olub.  21 fevral tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər azalıb. Bu, Prezidentin 27 may tarixli sərəncamı ilə əfv olunmuş və cəza müddəti başa çatmış məhbuslar sayəsində baş verib.

Amma siyahıda yeni siyasi məhbusların - bloger Rəşad Ramazanov və “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasovun adı var. Siyasi məhbuslar 6 qrupa təsnif edilib. “Jurnalistlər və blogerlər” kateqoriyasında 4 nəfərin adı var: xeber.com saytının rəhbəri Polad Aslanov, yukseliş.info saytının rəhbəri Elçin Məmməd, bloger Aslan Qurbanov və Rəşad Ramazanov.

“Müxalif partiya və hərəkatların üzvləri” qrupunda 9 nəfər var: Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev, Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin Əhmədov, Aqil Hümbətov, Pünhan Kərimli, Şahin Hacıyev, Mütəllim Orucov, Məlik Rzayev, Almaniyada fəaliyyət göstərən “Azad Azərbaycanı Seç” təşkilatının üzvü Cəfər Mirzəyev və Samir Aşurov. Maraqlıdır ki, bu qrupdakı beş nəfər AFR-dən deportasiya edildikdən sonra həbs edilmiş Pünhan Kərimli, Mütəllim Orucov, Məlik Rzayev, Cəfər Mirzəyev və Samir Aşurovdur.

“Dindarlar” qrupunda 19 nəfərin adı var: İslam Partiyasının lideri Mövsüm Səmədov, onun bu vəzifədəki varisi İlham Əliyev, ilahiyyatçılar Abgül Süleymanov və Ceyhun Mustafayev. “Nardaran işi”nin əsas fiqurantları, o cümlədən “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə və onun köməkçisi Abbas Hüseynov, habelə ilahiyyatçı Sərdar Babayev də bu qrupdadır.

“Tərtər işi” üzrə həbs edilənlər qrupunda əvvəlki kimi 27, “Gəncə işi” üzrə həbs edilənlər qrupunda da 27 nəfər var.

Bu, xərçəng deyil, adi bir qripdir” – Novella Cəfəroğlu

 Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Prezidentin bu cür humanist addımını gözardı edənlər siyasi məhbusların həbsdə qalmasını istəyirlər: “Qrantların, maliyyə vəsaitlərinin bəlli mənbələri var. Təəssüf ki, bizim işimizə mane olmağa çalışırlar. Bütün müvafiq qurumlarla çalışırıq: Prezident Administrasiyasının şöbələri, Əfv Komissiyası, Ombudsman Aparatı və s. Bu qədər insan azadlığa çıxdı, ömürlük həbs cəzasına məhkum olunmuş  Şəmsi Səmədzadə (keçmiş sahibkar) əfv olundu. Bunu görmürlər. Hesab edirəm ki, həbsxanada siyasi məhbusların çox olması onlara sərf edir. 30 ildir bu proseslərin içindəyik. Əfv Komissiyasının iclaslarında üzərimizə düşəni edirik. Biz işimizi görürük, görməyə də davam edəcəyik”.

Çingiz Qənizadə keçmiş deputatla bağlı söhbətlərə aydınlıq gətirdi

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin fikrincə, təqdim olunan siyahı qeyri-dəqiqdir: “Leyla Yunus xarici ölkədə oturub, Azərbaycan əleyhinə siyahılar dərc etməklə, çıxışlarla, layihələr təqdim etməklə havadarlarının yanında divident qazanan, qrant alanlardan biridir. Azərbaycanda baş verən hadisələri mətbuat vasitəsilə əldə edir və buna görə qiymət verir. Lakin mətbuatda gedən hər yazı həqiqəti əks etdirmir, araşdırmaq, dəqiqləşdirmək lazımdır. Leyla Yunus Azərbaycanda yaşayanda da bu insanları toplayıb adlarını siyahıya saldırırdı. İşçi qrupunun müzakirələrindən birində xatırlayıram ki, siyahıda adı olan şəxslərlə bağlı məlumatın mənbəyi ilə maraqlananda qeyri-müəyyən cavab almışdım. ”Azərbaycanda siyasi məhbuslara azadlıq" adlı bir ittifaq yaradıblar, görünür, daha böyük layihələr icra edib qrantlar almaq istəyirlər. Mən Leyla Yunusun siyahısına fikir vermirəm. Hesab edirəm ki, bu siyahıya Qərbdə də diqqət edən yoxdur. Azərbaycanda olmayan, məhbusların ailəsi ilə təmas qurmayan, sənədlərlə tanış olmayan şəxslərin tərtib etdiyi siyahı qeyri-dəqiqdir, buna görə də ciddi qəbul olunmur. Əfv olunanların siyahısında 27 nəfər problemli məhbus var. Mən Leyla Yunusu hüquq müdafiəçisi kimi qəbul etmirəm. Leyla Yunusun təqdim etdiyi siyahı şübhəlidir, çünki kriteriyalar heç Avropa Şurasında da yoxdur".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR