Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan sənədə Moskvanın ilk rəsmi reaksiyası Rusiya Xarici İşlər Nazirliyindən gəlib.
Rusiya XİN-in açıqlamasında bildirilir ki, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi məhz Rusiyanın “birbaşa yardımı və mərkəzi rolu” ilə başlayıb. “Azərbaycan və Ermənistan arasında barışıq regional kontekstdə və maraqlar balansına əsaslanmalıdır” – deyə bəyanatda qeyd olunur.
Analitiklər bu açıqlamanın klassik “Ezop dili” ilə verildiyini, yəni birbaşa Vaşinqtondakı prosesə qarşı etiraz ifadə edilməsə də, Moskvanın öz vasitəçi rolunu önə çıxarmaqla həm Bakı, həm də İrəvana ünvanlı mesaj verdiyini bildirirlər. Rusiya faktiki olaraq ABŞ-ın təşəbbüsü ilə əldə olunan razılaşmanı “öz uğurlarının davamı” kimi təqdim etməyə çalışır.
Xatırladaq ki, Moskva rəsmi olaraq Vaşinqtondakı görüşü və imzalanan sənədi şərh etməkdə ehtiyatlı davranır. Lakin Kremlə yaxın media və ekspertlər artıq açıq şəkildə bu prosesi Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsi kimi qiymətləndirir. Son günlər Rusiya tərəfindən Azərbaycana qarşı təzyiq addımları da müşahidə olunur — Ukraynadakı SOCAR obyektlərinə dron hücumları, kənd təsərrüfatı məhsullarının ixracına maneələr, rusiyalı erməni lobbilərinin KİV və sosial şəbəkələrdə anti-Azərbaycan kampaniyalarının güclənməsi buna misaldır.
Ekspertlərin fikrincə, Moskva yaxın vaxtlarda həm siyasi, həm iqtisadi, həm də informasiya müstəvisində Azərbaycana qarşı basqılarını artıracaq.
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ