Onlayn ictimai-siyasi qəzet
"Rəsmi İrəvan Qərbin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formalaşdırmağa çalışır. Ermənistan Moskva ilə zamanın sınağından çıxmış ittifaqı qeyri-müəyyən vədlərlə dəyişir. Strateji dönüş kursuna haqq qazandırmaq üçün Qarabağın itirilməsini Rusiyanın üzərinə yıxmağa çalışır. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur".
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda Rusiya üçün strateji tərəfdaş olub və belə də qalır:
"Bütün çətinliklər müvəqqətidir və siyasi iradə olarsa, aradan qaldırılacaqdır. Məhz Rusiya-Ermənistan əlaqələrinin davamlı və sistemli inkişafı xalqların əsas maraqlarına cavab verir".
Rusiya XİN başçısı qeyd edib ki, Ermənistan hazırda bir sıra problemlərlə üz-üzədir:
"Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri sıxışdırmaq. Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq.
Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək.
Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazası ilə bağlı müzakirələri zərərli hesab edirik. Bazanın orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyi möhkəmləndirmək məqsədinə əsaslanaraq bağlanıb. Bu gün ordumuz bu regionda sülhün təmin edilməsində əsas elementdir".
S.Lavrov müsahibəsində Ermənistan-NATO münasibətlərinə də toxunub:
"Son vaxtlar İrəvan NATO və onun üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Bu il Ermənistan Alyansla bir neçə tədbirdə iştirak edib. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və “parçala, hökm sür” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır. Ümid edirəm ki, İrəvan Alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir".
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ