İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Türkiyəyə gedəcək: Moskva vəziyyətin ağırlığını hiss edir...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən “Anadolu”ya müsahibəsində söyləyib.

“Gələn həftə - iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək. Gəlmək istədiyini özü dedi. Biz də “buyurun, gəlin” dedik”, - o deyib.

Onun sözlərinə görə, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək: “Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələrin edilməsi lazımdır məsələləri müzakirə olunacaq”.
 

Türkiyə XİN başçısının sözlərinə görə, bu barədə Lavrov müraciət edib.

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, bu, hazırda Rusiyanın  Türkiyənin köməyinə ehtiyacı olduğu anlamına gəlir : Bəlkə də, Moskva artıq durumunun çətinləşdiyini hiss edir və Ankaradan kömək istəyir. Ukraynalı rəsmilərin, o cümlədən Prezident Vladimir Zelenskinin son vaxtlar verdikləri açıqlamalar göstərir ki, Ukraynanın hələlik dayanmaq fikri yoxdur. Bu isə Qərbin Kiyevi kifayət qədər dəstəkləməsinə dair ehtimalları artırır. 
 Rusiyanın artan sanksiyaların da təzyiqi ilə tədricən sivil dünyadan təcrid olunduğu məlumdur. Şübhəsiz ki, bu, Kremlin işini daha da çətinləşdirir. Türkiyə həm Rusiya, həm də Avropa ilə münasibətləri yaxşı olan dövlətdir. Bəlkə də, Moskva Avropa ilə “Bütün körpüləri yandırmamaq üçün” Ankaranın köməyinə ehtiyac hiss edir". 


K. Novruzov vurğuladı ki, İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə görə  Türkiyə ilə Alyans arasında münasibətlərdəki ziddiyət məlumdur və bu ziddiyət artdıqca Ankaranın Moskva ilə Kiyev arasındakı müharibəyə son qoymaqdan ötrü təşəbbüslərinin daha da intensivləşəcəyi gözləniləndir:

"Beləliklə, Türkiyə NATO-ya “Sizin bacarmadığınızı biz bacardıq” deyə, onlara strategiyalarının səhv olduğunu göstərə bilər. Bu mənada mümkündür ki, indi Rusiya ilə Ukrayna arasında sabitliyin əldə olunması Türkiyə üçün hər zamankından daha vacibdir. 
 Çox güman ki, Çavuşoğlu ilə Lavrovun görüşündə Türkiyə XİN başçısı növbət dəfə vasitəçilik təklifi ilə çıxış edəcək. Ancaq Rusiyanın buna razı olub-olmayacağı sual altındadır. Çünki şərtlərin nə olacağı bilinmir.  Türkiyə təkcə Rusiyanın yox, həm də Ukraynanın maraqlarının nəzərə alınmasına çalışacaq. Və, yəqin ki, əsas şərtlərdən biri Rusiya qoşunlarının işğal edilən Ukrayna ərazilərindən çıxması olacaq. 
 Görüşdən sonra Çavuşoğlunun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefonla danışması mümkündür. Hətta, ola bilsin ki, iyunun 8-dən sonra nazirlərin üçtərəfli görüşü gündəmə gəlsin. Hər halda artıq həm Rusiya, həm də Ukrayna başa düşürlər ki, danışıqlar üçün onlara kömək edə biləcək ən real güc Türkiyədir". 

Siyasi şərhçi onu da qeyd etdi ki, görüşdə, həmçinin Cənubi Qafqazdakı durumun, o cümlədən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının müzakirə olunacağı istisna deyil: "Ola bilsin, Çavuşoğlu İrəvanla diplomatik əlaqələrin bərpası barədə həmkarını məlumatlandırsın. 
 Səfərin lazımi qədər nəticə verəcəyi inandırıcı deyil. Ən yaxşı halda dediyimiz kimi, üçtərəfli görüş barədə razılıq əldə oluna bilər. Bu zaman isə proseslərin inkişafı istiqamətində yeni mərhələnin əsası qoyula bilər". 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR