İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov gələn həftə gəlir - rusiyalı naziri Bakıda gözləyən suallar

Kreml bu regionda aparıcı vasitəçilik mövqeyini güzəştə getmək niyyətində deyil, XİN başçısından “RİA Novosti” və sülhməramlılarla bağlı da soruşulacaq; ekspertlərin fərqli baxışları var

Rusiya Ukrayna müharibəsi səbəbindən Qarabağ, Ermənistan-Azərbaycan münasibətlərində aparıcı mövqeyini itirməsi, təşəbbüsü Brüsselə verməsi haqda informasiyalardan möhkəm narahat olub. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Brüsselin sülh müqaviləsinin şərtləri, habelə, sərhədlərin müəyyənləşməsi üçün ortaq komissiyaların yaradılması və fəaliyyəti üçün göstərdiyi səylər Moskvada qıcıq yaradır. Ona görə Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Brüsselin bu vasitəçilikdən özünə xal toplamaq, siyasi məqsədlər güddüyünə açıq işarə edən mövqe bildirmişdi.

Rusiyanın bütün sahələrdə sıxışdırıldığı bir vaxtda Avropa İttifaqının, eləcə də Vaşinqtonun Qarabağ və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində aşkar fəallıqları Moskvanı artıq hərəkətə keçirməkdədir. Bu minvalla baş diplomat Sergey Lavrov ötən həftə İrəvanda oldu və verilən bəyanatlar da bir daha göstərdi ki, Rusiya bu regionda aparıcı vasitəçilik mövqeyini kimsəyə güzəşt etmək niyyətində deyil, ardınca da Bakıya səfəri gözlənilir.

Bundan başqa, sərhəd komissiyalarının rəhbərləri sonuncu dəfə Moskvada görüşüblər və razılaşdırıldığı kimi, növbəti belə bir görüşün bu dəfə Brüsseldə keçiriləcəyi gözlənilir. Brüssel görüşlərində əsas fiqur olan Şarl Mişelin son olaraq BMT-nin iclasında Rusiyaya yönəlik sərt ittihamlarını da nəzərə alsaq,  Avropa İttifaqı ilə Rusiya arasında heç bir məsələdə kompromis və ya birgə fəaliyyət olmayacağı mənzərəsi ortadadır. O halda, Rusiya və Avropa İttifaq arasında bu vasitəçik məsələsində mübarizənin daha da artacağını ehtimalı var. Rusiya artıq bunu göstərməyə başlayıb. Lavrovun iyulun 23-2 tarixlərində iki günlük səfərlə Azərbaycana gəlməsi də daha bir sübutudur.

Lavrovun səfərindən xüsusi bir gözlənti olmasa da, Rusiyaya indi həm də “sülhpərvərlik imici” çox vacibdir. Rusiya ən azı bu görüntü yaratmağa çalışır. Lavrov İrəvanda Fərrux məsələsində etdiyi siyasi yanlışı tez düzəltdi, amma Rusiya ilə müzakirə ediləcək mövzular təkcə bu deyil. Güman ki, Rusiya hökumətinin maliyyələşdirdiyi “RİA Novosti”nin məlum səbəbdən Azərbaycanda bloklanması, sülhməramlıların Xankəndinə qanunsuz səfərlərə şərait yaratması da Bakıda müzakirə olunacaq. Azərbaycanlı təhlilçilər Lavrovun səfəri haqda nə düşünürlər?

Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq" - Qabil Hüseynli »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Avropa Birliyi iki ölkə arasında vasitəçi kimi çıxış edəndə Rusiya tərəfdaş buna müsbət rəy verirdi: “Bəs niyə indi buna mane olursunuz? İki dəfə Brüssel görüşü olub, Rusiya dəstəklədiyini açıqlayıb, sonra qərarların əleyhinə addımlar atmağa başlayıb. Odur ki, sülhyaratma ilə bağlı gecikmələrə diqqət ayırmaq lazımdır. Avropa Birliyi prosesə başlayanda Kreml dedi ki, niyə tələsirsiniz, sülhyaratmada tələskənlik olmaz. Xüsusən Qarabağın dağlıq hissəsindəki ermənilər məsələsində ”yanlışlar ola bilər" deyə fikirlər səsləndirirdilər. Ona görə həm sülhyaratma, həm delimitasiya işinə Rusiya tələsmir. Çünki bu, sülh müqaviləsini ləngitmək istəyindən irəli gəlir".

Q.Hüseynlinin fikrincə, bundan əlavə, Lavrova demək lazımdır ki, onun mövqeyində aşkar ermənipərəstlik hiss olunur: “İrəvan səfərində də ermənilərə pərəstişini sübut etdi. Misal üçün, Fərrux ərazisini delimitasiya prosesinə qatdı, sonra başçılıq etdiyi nazirlik onun kobud səhvini düzəltdi. O deməkdir ki, az qala bütün məsələlərdə ermənilərə təskinlik verir, onları hər şeyin yaxşı olacağı vədi ilə mükafatlandırır. Onu da xatırlatmaq lazımdır ki, Rusiya və dünyanın böyük əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma Moskva yenə də Qarabağ məsələsinin tam həll edilmədiyi fikrini ortaya atır, mənasız diskussiyalar açır. Bu səbəbdən ermənilər Zəngəzur dəhlizinin açılmasını, kommunikasiyaların tezliklə bərpa edilməsini yubadır, qeyri-konstruktiv mövqe tutmağa davam edir. Faktiki, Ermənistan əvvəldən əldə edilmiş prinsipial razılaşmanı pozmağa başlayıb. Deməli, sülh prosesinin əleyhinə gedirlər. Azərbaycan Prezidenti bəyan edib ki, Zəngəzur dəhlizi olmayacaqsa, sülh müqaviləsinin imzalanması da olmayacaq. Kəsəsi, yəni Rusiya istəsə, qısa müddətdə bu problemləri həll etmək olar. Belə görünür ki, Moskva prosesin sürətlə getməsini istəmir və süni əngəllər yaratmağa çalışır”.

Xəyal Bəşirovun “erməni soyqırımı” haqqında iddiası

Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirovun sözlərinə görə, Lavrovun səfərini təkcə Rusiyanın vasitəçiliyi əldən verməməsi ilə əlaqələndirmək olmaz. Onun fikrincə, bu gün Rusiyaya sanksiyalar tətbiq olunur deyə Lavrov, eləcə də digər Rusiya rəsmiləri Avropaya səfərlər edə bilmirlər, yalnız sanksiyalara qoşulmayan ölkələrə gedirlər: “Ona görə Lavrov diplomat olaraq fəaliyyət göstərməlidir. Rusiya həm də sanksiyaya qoşulmayan dövlətləri itirməməyə çalışır ki, onlardan biri də Azərbaycandır”.

Siyasi şərhçi deyir ki, yuxarıda sadalanan səbəblər də realdır: “Azərbaycanın ortaya qoyduğu reallığın həyata keçməsində müxtəlif güclər müəllif olmağa çalışırlar. Hazırda delimitasiya prosesinin icrası üçün Rusiya xəritələri verməlidir. Moskva bu öhdəliyi götürübsə, Lavrov işin sürətlənməsi üçün fəaliyyət göstərməlidir. Həmçinin ”RİA Novosti" və sülhməramlılar mövzusu da müzakirə masasında ola bilər. Ancaq Lavrovun regiona, Türkiyəyə, Mərkəzi Asiya dövlətlərinə səfərləri davam edəcək. Gəlin nəzərə alaq ki, Ermənistanın xarici siyasətini müəyyən edən Rusiyadır. Həm Azərbaycan, həm Türkiyə ilə bağlı məsələlərdə İrəvana diktə edən tərəf Moskvadır".

Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova 

Siyasi təhlilçi Ramiyə Məmmədova hesab edir ki, Rusiya moderatorluğu əldən verməməyə çalışır: “Rusiyanın izolyasiya edildiyi bir zamanda Moskvanın təşəbbüsləri anlaşılandır. Onlar irəliləməyən və sürünən prosesin öz inhisarında qalmasında maraqlıdırlar. Brüssel platformasında isə dinamika, qərarlar və hərəkətlilik müşahidə olunur. Bundan narahat olan Rusiya, 10 noyabr sənədinin imzalanmasına nail olmuş bir tərəf kimi, prosesin Avropa İttifaqının nəzarətinə keçməsinə qarşıdır. Hətta Zaxarova bunu həyasızlıq adlandırmışdı. Fikrimcə, Lavrovun portfelində ümumi təkliflər olacaq, delimitasiya ilə bağlı dəyişməyən danışıqlar aparılacaq. Lavrova bütün suallar verilməlidir - separatçı rejimdən dövlət agentliyinin müsahibə götürməsi məqsədli addım idimi, Mədəniyyət Nazirliyi ”Dağlıq Qarabağ" sərgisi niyə keçirirdi, sülhməramlılar Ermənistanın baş prokurorunu hansı əsasla ərazilərimizə buraxmışdılar, nə vaxta qədər Kreml qıcıqlandırıcı, əsəblərimizə toxunan addımlarla yadda qalacaq? Yənu Rusiyanın elə bir davranışı olacaqmı ki, biz də alqışlayaq, təqdir edək?!"

Ekspertin sözlərinə görə, Rusiya xəritələrin Baş Qərargahda olmasına arxayındır: “Putin demişdi ki, üçüncü tərəfin iştirakına ehtiyac yoxdur. Yəni Avropa Birliyində xəritələr mövcud deyil, əvvəl-axır Rusiya təqdim etməlidir. O baxımdan sərhədlərin dəqiqləşdirilməsi şimal qonşumuzun vasitəçiliyi ilə gec-tez reallaşmalıdır. Sadəcə, Rusiya prosesi gecikdirir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR