İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın savaşının sirləri - MİQ bombardmanı, məşhur generalların əmri və ...

Vətən Müharibəsinin ata-bala qəhrəmanları ilə birgə 24 saatlıq Qarabağ səfəri; Laçın şəhərində həyat öz axarına dönür, müqəddəs yurd abadlaşır; ermənilər isə alternativ yolu öz ərazilərində sürətlə tamamlamağa çalışır...

 

İki il öncə bu günlərdə Qarabağdan dalbadal şad xəbərlər gəlirdi: “Cəbrayıl azad olundu, Zəngilan azad olundu, Hadrut azad olundu, Füzulu azad olundu, Qubadlı azad olundu...”

Məlum olduğu kimi, Laçının bir hissəsi də Vətən Müharibəsində döyüş yolu ilə işğaldan azad edilib.

lacin ....jpg (91 KB)

Əksər hissəsi isə 10 noyabr Üçtərəfli Bəyanatına uyğun olaraq, atəşkəsdən sonra Azərbaycana 2021-ci ilin sonunda təhvil verilib. Laçın koridoruna alternativ yol çəkildikdən sonra 2022-ci il avqustun axır günlərində Laçın şəhəri, Zabux və Sus kəndləri də tamamilə Azərbaycanın nəzarətinə keçdi...

İkinci Qarabağ Müharibəsi zamanı məhz bu günlərdə, oktyabrın 20-25-i aralığında Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan, Türklər kəndlərini, bir sıra yüksəklikləri, strateji obyektləri Ordumuz döyüşərək azad etmişdi.

Möhtəşəm 44 gündə Müzəffər Ordumuzun döyüş yolunu əks etdirən rəsmi və qeyri-rəsmi videolar, fotolar da sosial şəbəkələrdə, mediada yayılırdı. 2020-ci il oktyabrın 20-də o məlumat da gəldi ki, qəhrəman döyüşçülərimiz Laçın ərazisinə - Güləbirdə daxil olublar. Bundan 1 gün sonra hərbçilərimizin Güləbird kəndinə girmələrini, kəndi azad etdiklərini, bu zaman öndə gedən zirehli hərbi maşının minaya düşməsini əks etdirən görüntülər yayıldı. Həmin məşhur videonu yəqin xatırlayırsınız: Görüntülərdə həm də Vətən müharibəsində ata-oğul birlikdə döyüşən Çingiz və Rəşad Qəhrəmanovlar da yer alır. Onlar digər hərbçilərlə birlikdə Güləbirdə daxil olduqdan az sonra düşmənin basdırdığı minaya düşürlər və müxtəlif travmatik xəsarətlər, yaralar alsalar da, möcüzə nəticəsində sağ qalıblar.

ata-bala.jpg (190 KB)

                                          ***

“Yeni Müsavat” Media Qrupun əməkdaşları – Aytən Novruz, Elçin Əkbər və bəndəniz İkinci Qarabağ savaşında oğlu ilə bərabər döyüşlərə könüllü qatılan Çingiz və Rəşad Qəhrəmanovlarla birlikdə onların Laçına ayaq basdıqları günlərin ikinci ildönümü ərəfəsində azad Qarabağa səfər etdik. Həmin günləri onlarla birlikdə xatırladıq, Füzulidən başlayıb, Laçına qədər getdikləri döyüş yolunun izi ilə getdik: hansı gün, haradan döyüşə başladılar, Laçına hansı istiqamətdən, marşrutla daxil oldular, ən ağır döyüşləri harada oldu – bütün bunları onlar həmin məkanlarda bizə canlı olaraq danışdılar, anlatdılar, heyrətləndirdilər, QÜRURLANDIRDILAR.

dostlar bulaqi.jpg (326 KB)

                         ***

Bu yazıda səfərin qısa özətini, bir sıra müşahidələrimi, qəhrəmanlarımızın söylədiklərindən qısa parçaları təqdim edəcəm.

 

https://www.youtube.com/watch?v=A0mvbcS-1Ig

Ən qısa müddətdə isə oktyabrın 21-də səhərdən gecə yarıyadək Cəbrayılda, Qubadlıda, Güləbirddə, Laçın şəhərində lentə aldığımız kadrların, müsahibələrin, müşahidələrin əsasında geniş video-reportajı təqdim edəcəyik. Necə deyərlər, bizi izləyin...

                               ***

Füzuli rayonunda – Horadizdə yoxlanış məntəqəsindən keçib, üzü Cəbrayıla doğru yola düşəndən az sonra Çingiz bəy dedi ki, döyüşlərə oğlunun da daxil olduğu qrupun rəhbəri kimi məhz buradan başlayıblar. Orada dayandıq, Çingiz bəy sakitcə ətrafa göz gəzdirdi. Hiss edirəm ki, doluxsunub, ən azı qara gün eynəyini gözünə taxmasından, hisslərini maksimum gizlətməyə çalışmasından bunu sezirəm...

eynek.jpg (223 KB)

Çingiz bəy bildirir ki, müharibə başlayanda ehtiyatda olan mayor, birinci Qarabağ savaşının iştirakçısı, həm də laçınlı olaraq bələdçi qrupun rəhbəri kimi döyüşlərə könüllü qatılıb. Özü ilə əslində hər iki oğlunu – Rəşadla bərabər Laçın adlı oğlunu da aparmaq istəyib. Ancaq hərbi komissarlıqda deyiblər ki, oğlunun biri qalsın. Laçın israr etsə də onu apara bilməyib.

Çingiz Qəhrəmanov qeyd edir ki, İkinci Qarabağ Müharibəsində onun rəhbərliyi altında əsasən Laçında birinci Qarabağ savaşında savaşmış şəxslərdən ibarət qrup döyüşlərə Cəbrayılan başlayıb. Söyləyir ki, Cəbrayılda onların iştirak etdiyi, ən şiddətli, ağır döyüşlərdən biri rayonun “Dostluq bulağının” yaxınlığında olub. Yollanırıq həmin əraziyə...

Şükürbəylidən Cəbrayıla, oradan da Hadruta şüşə kimi bir yol çəkilib. Sürət həddi də 110. Oktyabrın 19-da Prezident İlham Əliyev bu yolun da açılışını etdi.

110.jpg (40 KB)

Yolla şütüdükcə Prezidentin məşhur “Noldu, Paşinyan, Cəbrayıla yol çəkirdin” deyimini təkrarlayıb, qürurlanırdıq ki, yolu Cəbayıla Azərbaycan Prezidenti çəkdirdi...

                                          ***

“Dostlar bulağı”nın yanına çatanda Çingiz Qəhrəmanov ətrafı xeyli seyr edir, bir qədər susur... və sonra söyləyir: “Burada çox ağır döyüşlər getdi, şəhidlərimiz də çox oldu. Şükürlər olsun bu günə. Xoşbəxt gələcəyimiz naminə oldu bu müharibə. Baxın, Cənab Prezidentimiz İlham Əliyev, birinci xanım Mehriban Əliyeva elə bir gün öncə bu ərazidə “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoydular, əraziyə ceyranlar buraxdılar”...

cebrayil ceyran.jpg (212 KB)

Çingiz bəy vurğulayır ki, bu ərazidə Azərbaycan hərbçiləri sözün əsl mənasında qəhrəmanlıq göstəriblər, ermənilərin bütün texnikasını, canlı qüvvəsini darmadağın ediblər. Buradakı döyüşlərdə həm də nəhəng cüssəli, tabuta sığmayan qəhrəmanımız Əzizov Xəyyamın da şəhid olduğunu söyləyir Ç.Qəhrəmanov: “Qısa zamanda burada toparlandıq, əlavə qüvvə və təminat gəldi, generallarımız təlimatlarını verdilər və biz buradan iki istiqamətdən dağların, qayaların arası ilə Qubadlıdan bizə mərmilər yağdıran düşmənin üzərinə əks-hücuma başladıq...”

Amma biz Qubadlıya dağların arası ilə - qəhrəmanlarımızın izi ilə getmədik, çünki gedə də bilməzdik, Ordumuzun azad etdiyi Qarabağın yolları ilə Cəbrayıldan Qubadlıya yön aldıq...

qubadlı.jpg (180 KB)

Qubadlının hər kəndini keçdikcə Qəhrəmanovlar xatirələrini bölüşür: Bax, o yerdə filankəsin taboru erməniləri pusquya salıb qırdı, burada bizi gülləbarana tutdular, polkovnik Şükür Həmidov burada şəhid oldu...

gulebird.jpg (270 KB)

Balasoltanlı kəndinə çatanda Çingiz Qəhrəmanov qəfil dedi ki, burada saxla, bura bizim generallarla, böyük şəxsi heyətlə birlikdə növbəti bir ölümdən döndüyümüz yerdir.

Hadisəni detallı şəkildə nəql edir: məlum olur ki, Balasoltanlı kəndini aldıqdan sonra burada növbəti hücum planı qurub, irələləmək istəyərkən ermənilərin 2 ədəd MİQ tipli qırıcı təyyarəsi onların üzərinə şığıyıb: “Mərmiləri yağdırmağa başlayanda qeyri-peşəkarlıq göstərdilər və bizi vura bilmədilər. Amma 500 metr aşağıda bir ev vardı, onu darmadağın etdilər. Hansı ki, cəmi 5 dəqiqə əvvəl generallar həmin evdə bizi toplayıb, təlimatlarını vermişdilər. Həmin MİQ-lərdən biri daha sonra Muradxanlı kəndində də bizi vumaq istədi, ancaq yenə də atəşi başqa yerə açdılar, belə bir qeyri-peşəkar pilotları vardı. Bir gün sonra biz eşitdik ki, bizimkilər həmin MİQ-i növbəti manevrlərdə vurublar, ona görə sonra bizə hücum edə bilməyib”...

Məlum olur ki, Cəbrayıldan başlayan və Laçınadək gedən sürətli, uğurlu döyüşlərdə onlara gererallar Kərim Vəliyev, Mais Bərxudarov, Ənvər Əfəndiyev rəhbərlik edib...

               ***

Nəhayət, gəlib çıxırıq Güləbird kəndinə. Hansı ki, bura 2020-ci il oktyabrın 20-də Qəhrəmanovlar digər döyüşçülərlə birlikdə ilk dəfə ayaq basıb və minaya düşüblər.

Maşından yerə enən kimi, Çingiz bəy və cəsur oğlu Rəşad minaya düşdükləri yeri dəqiqliyi ilə tapıb göstərməyə çalışırlar. Deyirlər ki, zirehli maşın iki minaya düşüb. Birinci minaya düşdükləri yeri Çingiz bəy tapır. Azca qarşıda isə Rəşad ikinci dəfə mina partlayışına məruz qaldıqları yerdə dayanır və hadisə zamanı hərbi avtomobildən qopub düşən, ağacın arxasında torpağa batmış detal parçasını da görüb, götürür və bizə göstərir...

mina qaligi.jpg (137 KB)

Minaya necə düşdülər, onlarla kim vardı, ardınca ermənilərlə döyüşü necə davam etdirmələrini nəql edən Çingiz bəy birdən əlini uzadıb qonşu Səfiyan kəndini işarə verir və deyir ki, ora onun kəndidir: “Mən döyüşlərin son günündə öz kəndimizdə, doğulduğum evdə idim. Ermənilər kəndimizdə bir neçə evi salamat saxlamışdı, biri də bizim ev idi. 10 noyabrda ermənilərin kapitulyasiya aktı imzaladığını və döyüşlərin dayandığı xəbərini öz evimizdə döyüş yoldaşlarımla birlikdə aldıq”...

sefiyan.jpg (189 KB)

                 ***

Artıq saat 17 radələridir. Hiss edirik ki, möhkəm acmışıq. Nə qədər arzulamışdıq, nə qədər xəyal etmişdik Laçında, Həkəri çayının kənarında süfrə açıb yemək yeməyi?!

yemek.jpg (144 KB)

Və bu xoşbəxtliyə nail olduq, özü də İkinci Qarabağ Müharibəsinin qaziləri ilə birlikdə, eləcə torpağın üstündə süfrə açdıq.

                   ***

Ardınca Laçın şəhərinə doğru hərəkət edirik. Xankəndini Ermənistanla – Gorusla birləşdirən yeni çəkilən alternativ yolun Laçında kəsişdiyi körpüsünün altına çatanda müşahidə etdik ki, ermənilər deyəsən 12-14 sentyabrda yedikləri növbəti dəmir yumruqdan sonra ayılıblar və öz tərəflərində sürətlə yol çəkilişinə başlayıblar. Gecə də işləyirlər ki, tez bitirsinlər. Ağılsız erməni, bunu edəcəkdin,  başqa yolun yox idi, bəs niyə vaxtında etmirdin?..

Ərazidə hərbi-strateji məntəqə olduğundan təəssüf ki, həmin ərazidə çəkiliş aparmağımız hələlik mümkün olmadı. Bu məsələlər tənzimləndikdən sonra oradan da görüntüləri təqdim edərik.

                         ***

Laçın şəhərinə yetişəndə artıq 18 radələri idi. Hava qaralırdı. Laçın şəhərində həyat qaynayır:

Sürətlə təmir-bərpa, abadlıq, yol çəkilişləri həyata keçirilir, infrastruktur yenilənir. Əksər küçələr işıqlandırılıb. Mərkəzdə mağazalar, kafe, təndirxana, bərbərxana da fəaliyyətə başlayıb.

berber.jpg (73 KB)

Laçın şəhərində Çingiz bəylə birlikdə döyüşmüş Əbülfət bəyi, Xəyyam bəyi, Babək bəyi, habelə birinci Qarabağ savaşının iştirakçıları olmuş Elşad bəyi, Əvəz bəyi görürük. Onlar hamısı laçınlıdır və hazırda Laçın şəhərində tikinti-bərpa işlərində, iaşə obyektlərində çalışırlar. 

tendir.jpg (220 KB)

 

Laçında abadlıq işlərinə rəhbərlik edən şəxslər, memar bildirirlər ki, maksimum 1 il sonra şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevirə biləcəklərinə əmindirlər.

Laçın şəhərindən gecə ayrılırıq.

market.jpg (102 KB)

İşıqların həmişə gur yansın, gözəl Laçın!


               ***

Gecə yarı Laçından qayıdanda sükan arxasında ikən gözüm güzgüdən arxada çox möhtəşəm, təsirli mənzərəyə sataşdı. Döyüş yoldaşının nə olduğunu anladan mənzərə vardı orada. Fotoda gördüyünüz bu mənzərə. Əməkdaşımız Elçin Əkbərdən həmin anı tarixə çevirməyi rica etdim.

qucaqlashib.jpg (77 KB)

Əlbəttə, bütün atalar övladlarını, bütün övladlar atalarını sevir. Amma bu cür ancaq səngər yoldaşları qucaqlaşıb yatır...

Qəhrəmanlarımızla birgə Laçın səfərimiz 24 saat çəkdi. Ömrümüzə yazılan ən maraqlı, unudulmaz günlərdən biri oldu...

Elşad MƏMMƏDLİ

Musavat.com

 

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR