Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ermənistan arasında qarşıdurma artıq "qırmızı cizgiləri" keçməyə başlayıb. Qarşılıqlı ittihamlar intensivləşdikcə, Kreml və rəsmi İrəvanın "soyuq savaş" modelinə yaxınlaşması qaçılmaz görüntülər alır. Və belə davam edərsə, iki hərbi müttəfiqin gələcək münasibətləri düşmən ölkələrə aid keyfiyyət də qazana bilər.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Rusiyaya yönəlik sərt ittihamları artıq Kremlin təmkinə bağlı tarazlığını ciddi şəkildə pozur. Baş nazir Nikol Paşinyanın Rusiyanı Ermənistanın təhlükəsizliyinə qarant dura bilməməkdə, üçtərəfli anlaşmaların mövcud öhdəliklərinin icrasından məqsədli şəkildə yayınmaqda suçlaması hazırda Kremlin səbrini ciddi şəkildə sınağa çəkir. Və bu baxımdan, Rusiya Xarici İşlər Nazirliyinin ardınca, prezident Vladimir Putinin də erməni baş naziri hədəfə çıxaran açıqlamalar verməyə məcbur qalması o qədər də gözlənilməz olmadı.
Kreml sahibi açıq mətnlə vurğuladı ki, Rusiya vaxtilə rəsmi İrəvana Azərbaycanın işğal altında olan Kəlbəcər və Laçın rayonlarının faktiki olaraq, Ermənistanın və Qarabağdakı separatçı-terrorçuların nəzarətində qalmasını təklif edibmiş. Bunun əvəzində isə Rusiya Ermənistanı dəfələrlə Azərbaycanla anlaşmağa çağırıbmış: "Ermənistan bizim həmin təkliflərinizə "yox" dedi. Biz "bəs, nə edəcəksiniz" deyə soruşduqdasa, onlar "döyüşəcəyik" cavabını verdilər. Biz də "Yaxşı, onda döyüşün" dedik".
Prezident Vladimir Putin bu açıqlamasına paralel olaraq, Paşinyan hakimiyyətinin savaş meydanında biabırçı məğlubiyyətdən sonra Azərbaycanın ərazi bütövlüyünü tanımasına da irad bildirib. Onun sözlərindən belə anlaşılır ki, Paşinyan hakimiyyəti böyük səhv buraxıb: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Qarabağın "status"unu da özü təyin edib".
Təbii ki, Kreml sahibinin bu açıqlaması Paşinyan hakimiyyətinin Ermənistana xəyanət etdiyinin dolayısı ilə qabardılması anlamına gəlir. Ermənistanda hakimiyyət çevrilişi ilə bağlı təhlükənin artmaqda olduğu indiki dövrdə Kreml sahibinin bu açıqlaması baş nazir Nikol Paşinyan və onun siyasi komandası böyük fəlakətə yol aça bilər. Və bu baxımdan, baş nazir Nikol Paşinyanın Kreml sahibinin dediklərinə reaksiya vermək üçün dərhal hərəkətə keçməsi də qətiyyən gözlənilməz deyil.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına görə də Rusiyanı günahlandırıb. Erməni baş nazir vurğulayıb ki, Ermənistan məhz öz torpaqlarını qorumaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb. Onun fikrincə, indi rəsmi İrəvanın bu qərarını yanlış hesab edən hər kəs Ermənistanın suverenliyindən məhrum edilməsinin tərəfdarıdır.
Göründüyü kimi, erməni baş nazir Kreml sahibi ilə "söz oyunu" oynayır. Baş nazir Nikol Paşinyan iddia edir ki, əgər, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, genişmiqyaslı savaş nəticəsində Ermənistan yeni torpaqlar da itırəcəkdi. Rusiya isə hərbi müttəfiq kimi öz öhdəliklərini yerinə yetirə bilmədiyindən Ermənistan Azərbaycan qarşısında təklənmiş olacaqdı. Və bu, Ermənistan dövlətçiliyinin tamamilə sıradan çıxarılması ilə də nəticələnə bilərdi.
Kreml sahibinə qarşı açıq hücuma keçən baş nazir Nikol Paşinyan açıq şəkildə vurğulayıb ki, prezident Vladimir Putinin rəsmi İrəvana yönəlik ittihamlarının əslində, əsas günahkarı məhz Rusiya və KTMT hesab olunmalıdır: "Hərbi müttəfiqlərimiz susduğu üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdıq".
Digər tərəfdən, erməni baş nazir öz "siyasi məntiq"inə uyğun olaraq, prezident Vladimir Putinin Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Qarabağın gələcək "status"unun məhz Ermənistan tərəfindən müəyyən "edilməsi" ilə bağlı iddiasına da xüsusi eyhamlarla reaksiya verib: “Əgər, beynəlxalq hüquqa görə, Qarabağın Azərbaycanın tərkib hissəsi olması üçtərəfli bəyannamənin qəbuluna maneədirsə, onda bu əngəli elə Rusiyanın özü yaradıb. Çünki 2020-ci ilin noyabr və dekabr aylarında Rusiya bəyan edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazidir”.
Beləliklə, baş nazir Nikol Paşinyan prezident Vladimir Putinin son açıqlamasında yer alan əksər ittihamları məhz Rusiyanın əleyhinə çevirmək üçün "erməni məntiqi"ni bütün "potensialı" ilə istifadə etməyə çalışıb. Əsas məqsədsə, Kreml sahibinin onu Ermənistan cəmiyyətinin önünə atan arqumentləri məhz Rusiya əleyhinə propoqanda tezislərinə çevirməkdən ibarətdir. Erməni baş nazir açıq mətnlə vurğulayır ki, Ermənistanın təhlükəsizliyi Rusiya tərəfindən təmin edilə bilməz. Bu problemi həll etməyin yeganə yolu Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmasından asılıdır.
Ancaq Azərbaycanla müharibə şəraiti mövcud olduqca, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşması reallaşa biləcək hədəfə bənzəmir. Ona görə də, Cənubi Qafqazda savaş təhlükəsi artdıqca, rəsmi İrəvanın beynəlxalq himayədarlarından umduğu dəstəyi ala bilməyəcəyini də daha qabarıq şəkildə anlamağa başlayıb. Yəni, indi artıq rəsmi İrəvan üçün hərbi-siyasi qarşıdurmanın aradan qaldırılması böyük əhəmiyyət daşıyır. Və Paşinyan hakimiyyətinin təmsilçilərinin son açıqlamaları da bu reallığı təsdiqləyir.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Ermənistanın mövcudluğunu qoruması və Qərbə yaxınlaşma şansı qazanması üçün öz qonşuları - Azərbaycan və Türkiyə ilə münasibətlərini normal hala gətirməsinin vacib olduğunu bildirib. Bəzi məlumatlara görə, erməni baş nazir son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa təmaslar üçün bütün mümkün variantları sınaqdan çıxarıb. Ancaq Ermənistanın son hərbi təxribatlarından sonra rəsmi Bakı belə təmaslara qətiyyən həvəsli olmayıb.
Digər tərəfdən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da gözlənilmədən baş nazir Nikol Paşinyanın Azərbaycan lideri ilə növbəti görüşünün ola biləcəyi ilə bağlı ehtimalları gündəmə gətirib. Onun sözlərinə görə, belə bir niyyət olsa da, hələlik hər hansı anlaşmanın əldə edilməsi mümkün olmayıb. Yəni, rəsmi İrəvan Azərbaycanla hərbi-siyasi qarşıdurmadan sürətlə geri çəkilmək üçün yollar axtarır.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Rusiya ilə "soyuq savaşı" davam etdirmək məcburiyyətində qalıb. Ancaq bu, Azərbaycanla real müharibə şəraitində Ermənistan üçün fəlakətli fəlakətli nəticələr verə bilər. Ona görə də rəsmi Bakının radikal hərbi addımlar atmayacağına əmin olmaq üçün anlaşmaya can atır. Və bu, Rusiya ilə hərbi müttəfiqliyi itirməsinin qarşılığında yenisini qazana bilməyən Ermənistanın Azərbaycana möhtac qalması anlamına gəlir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ