İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Suriyada yenə "vuruldu", ruslar əliboş göndərildi: Rusiyaya "qapı"nı göstərib, Əsədi tələb etdilər

Yaxın Şərq regionu Kremlin üzünə tamamilə qapanmaq üzrədir, çünki artıq belə hesab etmək olar ki, Rusiya Suriyadan qovulur, həm hərbi bazalarını, həm də enerji mənbələrinə nəzarəti itirir... Ukraynada işğalçı ölkə durumunda olan Rusiya indi həm də Suriya ilə bağlı beynəlxalq hərbi cinayətkarı himayə edən dövlət vəziyyətinə düşməkdədir...

Suriya böhranı ətrafında qəliz situasiyanın mövcud olduğu inkaredilməz reallıqdır. Belə ki, bu Yaxın Şərq ölkəsində Bəşər Əsədin diktatura rejimi devrilsə də, hələlik Suriyanın gələcək taleyinin hansı istiqamətdə inkişaf edə biləcəyi qeyri-müəyyən olaraq, qalmaqdadır. Hər halda, Suriyanın yenidən bərpa edilməsinə hazırlıq prosesi sona çatmayıb. PKK/YPG terror təşkilatı da daxil olmaqla, bəzi silahlı qruplaşmalar hələ də Suriyanın keçid hökumətinin tərksilah olunmaq barədə tələblərindən yayınmağa çalışırlar. Və bu, Suriyanın növbəti daxili savaşa düçar ola biləcəyi ilə bağlı təhlükəni aktual saxlayır.

Onu da qeyd etmək lazımdır ki, Suriyada geopolitik və geoiqtisadi maraqları olan bəzi dünya dövlətləri də bu ölkənin ətrafında situasiyanı qəlizləşdirməyə cəhd göstərirlər. Bu baxımdan, Suriyaya nəzarət uğrunda yeni amansız rəqabətin başlandığını da iddia etmək mümkündür. Hər halda, hazırda bəzi kənar dövlətlər Suriyanın bərpa edilməsi prosesində avanqard mövqelər qazanmağa can atırlar. Və bu, həmin dövlətlərə yaxın və orta perspektivdə həm Suriyada, həm də ümumiyyətlə, Yaxın Şərqdə yeni manevr məkanı qazanmaq baxımından, olduqca vacibdir.

 1734088103.jpg (415 KB)

Məsələ ondadır ki, hazırda həm Qərb dövlətləri, həm də bəzi ərəb ölkələri Suriyanın yeni keçid hökumətinə birbaşa təsir mexanizmləri yaratmağa cəhd göstərirlər. Ona görə də, həmin dövlətlərin yüksək rütbəli diplomatiya məmurları Suriyaya ardıcıl səfərlər edərək, bu ölkənin müvəqqəti prezidenti Əhməd Əl-Şaraa ilə müzakirələr aparırlar. Suriyanın yeni keçid hökumətinin Qərb dövlətlərindən əsas gözləntisi Ədəd rejiminə qarşı tətbiq olunmuş və hələ də qüvvədə saxlanılan iqtisadi-siyasi sanksiyaların ləğvi ilə bağlıdır. Və Qərb dövlətləri isə məhz həmin iqtisadi-siyasi sanksiyaların ləğvini Suriya hökuməti ilə "bazarlıq" mövzusuna çevirməyə çalışırlar.

Maraqlıdır ki, Qərbdə bəzi dövlətlər Rusiya və İranın Suriyadan çıxmasından sonra yaranmış boşluğu doldurmağa iddialı olduqlarını qətiyyən gizlətmirlər. Halbuki, Suriyanın keçid hökuməti bu ölkənin daha kənar güclərin maraqları üçün poliqon rolunu oynamayacağını artıq dəfələrlə bəyan edib. Yeni hökumət Suriyanın ərazi bütövlüyünün bərpasında və müstəqil dövlət olaraq, suveren hüquqlarının tanınmasında israrlı mövqe tutur. Və bu baxımdan, Əhməd Əl-Şaraa keçid hökumətini indi olduqca qəliz bir siyasi mərhələnin gözlədiyi qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, Əsəd rejimi dönəmində Suriyada hegemonluq etmiş Rusiya və İran da bu ölkədən belə asanlıqla əl çəkmək niyyətində olmadığını biruzə verirlər. Xüsusilə də, Suriyada itirilmiş mövqelərin bir hissəsini bərpa etməyə cəhd göstərirlər. Xüsusilə də, Rusiyanın son vaxtlar Suriyada yenidən fəallaşmağa çalışdığı müşahidə olunur. Çünki Rusiya üçün Suriya Yaxın Şərqdə "geopolitik pəncərə" rolunu oynayırdı. Və indi bu "geopolitik pəncərə"nin qazanmaqda olması Rusiyanın Yaxın Şərqdən tamamilə təcrid edə bilər.

82191.jpg (47 KB) 

Üstəlik onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Suriyadakı hərbi bazalarının gələcək taleyi də hələlik qeyri-müəyyən xarakter daşıyır. Çünki Kreml həmin hərbi bazaların Suriyada qalması üçün müxtəlif variantları sınaqdan çıxartmağa başlayıb. Suriyanın keçid hökuməti isə Rusiya hərbi bazalarının ölkədən çıxarılmasın vacibliyinə hər imkanda eyham vurur. Çünki indi Rusiya bazalarının Suriyada mövcudluğu keçid hökumətinə beynəlxalq məkanda da ciddi problemlər yaratmağa başlayıb. Və xüsusilə də, Qərb siyasi dairələrinin Suriyaya qarşı iqtisadi-siyasi sanksiyaların ləğvini Rusiya hərbi bazalarının çıxarılması şərtinə bağlaması rəsmi Dəməşq qarşısında ciddi əngələ çevrilməkdədir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin Suriyada öz mövcudluq mexanizmlərini bərpa etmək və qorumaq məqsədilə Dəməşqə göndərdiyi nümayəndə heyətinin səfəri uğursuz olub. Belə ki, Suriyanın keçid hökumətinin rəsmi təmsilçiləri Rusiya nümayəndə heyətinə çox incə və kübar şəkildə Kremlin bu ölkə ilə bağlı yolverilməz siyasətini xatırladıblar. Xüsusilə də, Suriya keçid hökumətinin Kremldən Rusiyaya sığınmış keçmiş prezident Bəşər Əsədin təhvil verilməsini tələb etməsi olduqca önəmli faktordur. Və bu, Kremlin bütün hədəflərinin üzərindən elə əvvəlcədən çarpaz xətlərin çəkilməsi anlamı daşıyır.

Məsələ ondadır ki, Bəşər Əsəd rejimi Suriya xalqına qarşı bəşəri hərbi cinayətlər törədib. Rusiya isə Bəşər Əsəd rejiminə dəstək verib, bununla da onun Suriya xalqına qarşı bəşəri hərbi cinayətlərinə ortaq olub. Üstəlik, Bəşər Əsəd rejiminin devrilməsi ərəfəsində belə, Rusiya hərbi təyyarələri müxtəlif silahlı qruplaşmaları bombalayıb. Yəni, Rusiya Əsəd rejiminin Suriya xalqına qarşı dəhşətli cinayətlərində birbaşa və dolayısı ilə iştirak edib. Və bütün bunlara baxmayaraq, indi heç nə olmamış kimi Rusiyanın Suriyada öz hərbi bazalarının toxunulmazlığını təmin etməyə cəhd göstərməsi olduqca absurddur, hətta yolverilməzdir.

 suria-640x426.jpg (85 KB)

Əslində, Kremli Rusiyanın Suriyadakı hərbi bazalarından başqa da narahat edən önəmli problemlər mövcuddur. Belə ki, Kreml Əsəd rejiminə verdiyi hərbi-siyasi dəstəyin əvəzində Suriyanın yeni kəşf olunmuş enerji resurslarının uzunmüddətli istismar ilə bağlı müqavilə qazanmışdı. Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yeni keçid hökuməti vaxtilə imzalanmış analoji sazişləri tanımadığını və həmin sənədlərin ləğv olunacağını da qətiyyən gizlətmir. Və bu, o deməkdir ki, Rusiya Suriyada yalnız hərbi bazalarını deyil, həm də bu ölkənin enerji resursları qaynaqlarına nəzarət mexanizmlərini də itirmək üzrədir.

Göründüyü kimi, Suriya məkanı Rusiyanın üzünə tamamilə qapanmaq üzrədir. Hətta hesab etmək olar ki, Rusiya Suriyadan qovulur. İndi Kreml Suriyadakı mövqelərini bərpa etmək əvəzinə ilk növbədə öz xalqına qarşı bəşəri hərbi cinayətlər törətmiş Bəşər Əsədin geri qaytarılması barədə düşünməli olacaq. Çünki Kreml Rusiyanın beynəlxalq imici barədə də düşünürsə, Bəşər Əsədin Suriyaya qaytarılmasına məcburdur. Əks halda, Ukrayna ilə bağlı işğalçı ölkə durumunda olan Rusiya həm də Suriya məsələsində beynəlxalq cinayətkarı himayə edən dövlət vəziyyətinə düşməkdədir. Və bu baxımdan, Rusiyanın verəcəyi qərar olduqca böyük maraq doğurur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR