Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın “Deutsche Welle” kanalına müsahibəsində Rusiya mediasında, deputatlar və siyasətçilər arasında Ermənistana, onun hökumətinə, demokratik dəyərlərinə və suveren qərarlarına qarşı yönələn sərt tənqidləri kəskin şəkildə pisləyib.
“Yeni Müsavat” bildirir ki, nazirin sözlərinə görə, bu cür addımlar İrəvanla Moskva arasında mövcud olan gərginliyi daha da artırır: “Əlbəttə, bu cür yanaşmalar anlaşılmazlığı, hətta münasibətlərdə parçalanmanı və fikirayrılıqlarını dərinləşdirir. Biz bu məsələni dəfələrlə rusiyalı həmkarlarımızın diqqətinə çatdırmışıq - xüsusilə də Ermənistan rəhbərliyinə və dövlət siyasətinə qarşı yönələn media və təbliğat hücumları ilə bağlı”.
Maraqlı məqam odur ki, Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, bu ölkə ilə Rusiyanın ticarət dövriyyəsi kəskin azalır. Eyni zamanda Rusiya mediasında Paşinyan hakimiyyətinə qarşı tənqidlərin dozası getdikcə daha da artır. Paşinyan isə Rusiyaya bağlı müxalifəti neytrallaşdırır və son zamanlar bununla bağlı qətiyyətli addımlar atır. Rusiyameylli siyasətçi, Gümrü şəhərinin meri Vardan Qukasyanın həbsi də buna sübutdur. Bütün bunları Moskva qıcıqla qarşılayır. Ritorikanın sərtləşməsi həm də bununla bağlıdır. Rusiyada sanki qarşıdan gələn seçkilərə ölüm-qalım məsələsi kimi baxırlar. Moskva hesab edir ki, Paşinyan bu dəfə də qalib gəlsə, Ermənistanın Rusiyadan uzaqlaşması, Qərbə inteqrasiya daha da sürətlənə bilər. Bütün bu baş verənlər Ermənistanla Rusiya arasında iqtisadi əlaqələrə də təsirsiz ötüşmür. Moskva istəyir ki, zəif iqtisadi əlaqələr üzündən Ermənistanda sosial narazılıq artsın. Nəticədə seçkilərdə bu amil rusiyapərəst siyasi qüvvələrin xeyrinə işləsin.
Yəni faktdır ki, Rusiya bütün gizli və açıq əlaqələrə rəğmən, Paşinyanla haqq-hesab çürütmək üçün fürsət gəzir.
Bəs analitiklərimiz necə düşünür, proseslər haraya qədər cərəyan edəcək, Kreml Ermənistanla bağlı hədəflərinə çata biləcəkmi?

Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Proseslərin gedişi göstərir ki, Ermənistanda Rusiyaya bağlı çevrələrin nə seçkiyə qədər Paşinyanı devirmək planları, nə də seçkidə qələbə qazanmaları mümkündür. Əksinə, görünən budur ki, Paşinyan onları devirməyə başlayıb. İki arxiyepiskop və bir yepiskopun ardından Gümrü merinin də tutulması bunun təsdiqidir”. S.Alıyev xatırlatdı ki, Paşinyan özünün də seçki kampaniyasına qatılmasına, bütün inzibati resurslarını işə salmasına baxmayaraq, Qukasyan təqribən 6 ay öncə keçirilən səsvermədə hakim partiyanın təmsilçisi üzərində qələbə çalmışdı: “Daha dəqiqi, digər rusiyapərəstlərin dəstəyi ilə mer postunu o ələ keçirdi. Qukasyanı tutdurmaqla Paşinyan göstərir ki, bu, bir təsadüf idi və o, Gümrü ilə Parakarda olduğu kimi, əleyhdarlarının seçiciləri pulla ələ alıb, hakimiyyətə gəlmələrinə imkan verməyəcək. Yeri gəlmişkən, həmən Parakarın da meri bu yaxınlarda öldürüldü. Düzdür, qətlin məişət zəminində baş verdiyi bildirilir. Ancaq fakt budur ki, müxalifətin yerli seçkini udan hər iki təmsilçisi, ya elə, ya belə zərərsizləşdirilib”.
Milli Məclis üzvü bir məqamı xüsusi qeyd etdi ki, Azərbaycan Ermənistanda hakimiyyətə iddialıları onların hansı dövlətə bağlı olub-olmalarına görə yox, regionda sülhə yanaşmalarına görə qiymətləndirir: “Məncə, Bakı öz seçimini edib. Cənab İlham Əliyevin Azərbaycan üzərindən Ermənistana yük daşınması barədə qadağanı götürməsi də bunun təsdiqidir. Bu, bir tərəfdən özünün də vurğuladığı kimi, regionda sülhün yarandığının əməldə təsdiqidirsə, digər tərəfdən sözügedən ölkənin beynəlxalq subyektliyinin təmininə verilmiş töhfədir. Bu haqda açıqlamanın məhz Qazaxıstanda verilməsi və qadağanın götürülməsinin Ermənistan üçün nəzərdə tutulan qazax taxılı ilə bağlı olması oradakı toplumu dərindən düşündürməlidir. Belə də onlar görəcəklər ki, Türk dünyasının güclənməsi ölkələri üçün bəzi "havadar"larının aşıladıqları kimi, təhlükə deyil, əksinə, forpostluqdan qurtarıb milli maraqlardan çıxış etmələri, beynəlxalq subyektə çevrilmələri üçün böyük fürsətdir".

Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov isə vurğuladı ki, Ermənistanla Rusiya arasında münasibətlərin normallaşması ancaq görüntüdür: ""Taşir" şirkətinin rəhbəri, Rusiya və Ermənistan biznesmeni milyarder Samvel Karapetyanın həbsi, Paşınyan və Ermənistan katolik kilsəsi arasında artmada olan qarşıdurma Rusiyanın ürəyincə deyil və onun maraqlarına uyğun gəlmir. Bu baxımdan, Rusiyanın ali rəhbərliyi nisbi tolerantlıq göstərsə də, deputatlar, politoloqlar, media nümayəndələri səviyyəsində Ermənistan hakimiyyətinə qarşı tənqidi çıxışlar davam edir. Ermənistanda baş verən bütün aksiyaları Rusiya televiziyaları şərhlər verməklə nümayiş etdirir. Həmçinin Ermənistanda olan müxalifətin mövqelərinin zəifləməsi prosesi gedir. Onların aksiyaları getdikcə daha da zəifləyir və elektorat itkisi davam edir". S.Məmmədov qeyd etdi ki, Vaşinqton prosesi, Azərbaycanın blokadanı götürməsi kimii jestlər Ermənistan baş nazirinin nüfuzunu artırır, müxalif qüvvələrin arqumentlərini zəiflədir: “Qarşıda isə Paşinyan hökuməti üçün taleyüklü seçkilər var. Bu seçkilər Ermənistandakı əks qüvvələr üçün son şans ola bilər. Ermənistanın isə özünəməxsus "şaxələnmiş" siyasəti tədricən iflasa uğrayır və strateji seçim etmək məqamı yetişir.
Bu arada, qeyd etdiyim kimi, Azərbaycan tərəfindən tranzit qadağasının götürülməsi və ilk olaraq Ermənistanın ərzaq təhlükəsizliyinə yönələn taxıl daşınmasına başlanılması Ermənistana edilən növbəti jestdir və indi növbə Ermənistanındır. Əgər vaxtında Zəngəzur dəhlizi açılsaydı, Ermənistan 43 kilometrə qədər olan hissədə yolları və əvvəldən Naxçıvandan keçməklə İrəvana gedən dəmir yolunu özünə aid hissədə bərpa etsəydi, indi iki ölkəyə deyil, bir ölkəyə tranzit xərcləri ödəyəcəkdi. Bizim tərəfdən Ermənistana yük daşınması üzərində qadağanın götürülməsinin cavabı Zəngəzur dəhlizinin, onların istədiyi dildə desək, Tramp marşrutunun bərpası istiqamətində konkret işlərə başlamaq olmalıdır. Əlbəttə, Ermənistan da bunu istəyirsə, artıq sabahdan işlərə start verməlidir". O ki qaldı Ermənistan-Rusiya iqtisadi münasibətlərinə və ticarət dövriyyəsindəki nisbi azalmaya, STM-in icraçı direktorunun fikrincə, iqtisadi münasibətlər davam edəcək: “Çünki bunda həm Rusiya, həm Ermənistan maraqlıdır, xüsusən ikili təyinatlı məhsulları, o cümlədən sanksiya altında olan malların bir hissəsini Rusiya Ermənistandan alır. Vahid gömrük məkanı isə Ermənistana üçüncü ölkələrdən aldığı məhsulları Rusiyaya əlverişli şərtlərlə reeksport etməyə imkan verir”.
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ