Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukraynanın hərbi-analitik portalı Defense Express Rusiyanın 6 iyun gecəsi keçirdiyi hücum əməliyyatı ilə bağlı maraqlı təfərrüatları açıqlayıb. Məlumata görə, Kreml “Pautina” əməliyyatından sonra ilk dəfə bu qədər məhdud hava gücü ilə hücuma keçib.
Mənbənin verdiyi məlumata görə, Rusiya bu dəfə cəmi yeddi strateji bombardmançı – beş Tu-95MS və iki Tu-160 tipli təyyarə havaya qaldıra bilib. Əvvəllər bu təyyarələrə adətən 1-3 raket yüklənirdisə, bu dəfə hər təyyarəyə orta hesabla 5 qanadlı raket (X-101) yerləşdirilib.
Bu cür maksimal yükləmə halları nadir rast gəlinir. Sonuncu dəfə 2024-cü ilin avqustunda oxşar hücum qeydə alınmışdı – o zaman 11 Tu-95MS təyyarəsi havaya qalxaraq 77 raket buraxmışdı.
Mütəxəssislər bildirir ki, adətən Rusiya öz bombardmançılarını tam yükləmir, çünki bu, onların istismar müddətini qısaldır. Xüsusilə Tu-160 tipli təyyarələr az sayda mövcuddur və onlar çox nadir hallarda – 2023-cü ildən bəri cəmi dörd dəfə istifadə olunub.
Analitiklər qeyd edirlər ki, bu qədər məhdud sayda təyyarə ilə hücumun həyata keçirilməsi, həm də onların maksimum yüklənməsi Rusiyanın strateji hava hücum imkanlarının tədricən tükəndiyini göstərir. Bu isə Ukraynanın hava hücumlarına qarşı davamlı müqavimətinin nəticəsi kimi qiymətləndirilir.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ