İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml erməni revanşistləri həvəsləndirir - təhlükəli gəlişmə

Moskva “kartları” təzədən qarışdırır - Bakı “Qarabağ taktikası”na düzəliş etmək zorunda; politoloq: “Rusiya münaqişənin tam olaraq tarixin arxivinə verilməsində maraqlı görünmür...”

Ermənistanın baş naziri Nikol Paşinyanın son Moskva səfəri təəssüf ki, böyük sülhün yaxınlaşması yönündə nikbinliyi artırmadı. Hətta əksinə, skeptiklərin belə bir ehtimalı güclənmiş oldu: Rusiya iki ölkənin barışığından daha çox, bölgədə qeyri-müəyyənliyin qalmasına və “bulanıq suda balıq tutmaq” siyasətinə sadiqdir. Yəni rəsmi Kremlin Qarabağla bağlı artan diplomatik fəallığının arxasında onun imperiya maraqları, öncəliklə də “Brüssel prosesi”ni pozmaq niyyəti dayanır, nəinki İrəvanı Bakı ilə sülh müqaviləsi imzalamağa vadar eləmək məramı.

Sonuncu qənaətin xeyrinə işləyən iki neqativ gəlişmə var. Biri odur ki, Putin-Paşinyan birgə bəyanatında dəfələrlə “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ konflikti” ifadələri işlədilir. İkincisi isə, nə qədər əcaib görünsə də, orada ATƏT-in üzdəniraq Minsk Qrupunun adı çəkilir və hətta “Minsk Qrupunun həmsədrlik institutunun təcrübəsindən istifadənin zəruriliyi” (!) vurğulanır.

Görəsən hansı “təcrübə”dən dəm vurulur? Məgər həmin o 30 illik “təcrübə”nin acı nəticəsi ortada deyil ki? Sülhə töhfə budurmu?

Başqa yandan, elə bugünlərdə Rusiya özünün MQ-dəki həmsədri İqor Xovayevə yeni vəzifə - Bakı-İrəvan danışıqlarında xüsusi elçi statusu verdi. Bununla da faktiki həmsədrlik institutundan imtina eləmiş oldu. Elə isə “bu nə pəhriz, o nə turşu?..”

*****     

Rusiya Müdafiə Nazirliyi səhvini düzəltdi: Xəbərlər saytdan silindi - FOTO  » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

İş də ondadır ki, rəsmi Kreml, şəxsən prezident V.Putin, Rusiya Müdafiə Nazirliyi hələ də “Dağlıq Qarabağ” ifadəsini işlədirsə, Minsk Qrupunun adını çəkir, hətta onun mifik “potensialı və təcrübəsindən istifadə”nin zəruriliyindən danışılırsa, hansı ədalətli yanaşmadan və ya vasitəçilikdən söhbət gedir? Bu nədir, Moskva “kartları” təzədən qarışdırıb yeni oyunamı başlamaq istəyir? 

Bütün bunların üstündən Rusiya rəhbərliyinin Nikol Paşinyanla görüşdə üçtərəfli sənədlərin yerinə yetirilməsi və kommunikasiyaların açılmasının zəruriliyi haqda çağırışları əlbəttə ki, səmimi təəssürat bağışlamır və gözdən pərdə asmağa bənzəyir. Çünki bölgədə daimi və ədalətli sülhün təməl şərti region ölkələrinin bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıması və bunu konkret müqavilədə təsbit eləməsindən keçir.

Günü bu gün də “Dağlıq Qarabağ” ifadəsini işlətməklə, “Minsk Qrupunun potensialına” ümid eləməklə rəsmi Moskva dolayısıyla ərazi bütövlüyümüzə hörmətsizlik edir, hər şey qırağa, Moskva bəyannaməsinin müvafiq bəndlərini aşıq-aşkar pozur. Biz hələ Putinin imzası duran digər bir sənədin - 10 noyabr kapitulyasiya aktının iki ildir yerinə yetirilməmiş qalan müvafiq bəndlərini, xüsusən də qanunsuz hərbi dəstələrin Qarabağdan çıxarılması haqda olan 4-cü bəndini demirik.

Azərbaycan və Ermənistan liderləri Brüssel görüşü barədə - BBC News  Azərbaycanca

Görünən budur ki, Rusiya Avropa Birliyi qədər sülh prosesində ədalətli və maraqlı deyil və üstəlik, ümidverici “Brüssel prosesi”nə qısqanclıqla yanaşır, onu pozmağa, badalaq vurmağa səy edir. Hərçənd Brüssellə yanaşı, Moskva da İrəvana azca təzyiq göstərsəydi, sülh prosesi sürətlənərdi.

Amma diqqət edin, Brüssel görüşlərində və bu görüşün yekun bəyanatında “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi”, “Minsk Qrupu” ifadələri işlədilmədiyi halda Moskva əksinə, “köhnə bazara təzə nırx” qoymağa çalışır. Bununla da nəinki Nikol Paşinyan iqtidarını qeyri-konstruktivliyə həvəsləndirir, üstəlik, erməni radikal-revanşistlərin “çörəyinin üstünə yağ” sürtür.

*****

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu 

Bu xüsusda politoloq Elxan Şahinoğlu Putin-Paşinyan danışıqlarındakı aşağıdakı nüanslara diqqət yönəldir: “Putin Kremldə Paşinyanla görüşün mətbuata açıq hissəsində dedi ki, Qarabağda hələ çox problem var. Bununla Kreml sahibi bölgədəki vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib. Bəli, Qarabağda problemlər var və bu problemi yaradanlar elə Rusiya hərbçiləri ilə erməni separatçılarının birgə fəaliyyətidir. Putinin bu açıqlamasından aydın oldu ki, Rusiya postlarının və Qarabağda Rusiya bayraqlarının sayının artırılması təlimatını elə Kreml sahibi verib”.

Sözünə davam edən ekspert deyir: “Putin daha sonra söylədi ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsi ilə Qarabağın Ermənistanın tərkib hissəsi olmadığını reallığını qəbul etmək istəmir. Rusiya lideri Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burada xoş niyyət yoxdur”.

Öz növbəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, politoloq Fərid Şəfiyev hesab edir ki, Moskva münaqişənin tam olaraq tarixin arxivinə verilməsində maraqlı görünmür.

BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Fərid Şəfiyev

“Yeni Müsavat”ın məlumatına görə, bu haqda o, Minval.az-a açıqlamasında Paşinyanın Rusiyaya son səfərini şərh edərkən bildirib.

“Əgər Paşinyan Qarabağın təhlükəsizliyi ilə bağlı Putinlə razılığa gəldiyini iddia edirsə, bu, açıq-aydın o deməkdir ki, İrəvan bütün məsələlərin həllini Rusiyanın ixtiyarına vermək istəyir” , - deyə o qeyd edib.

Onun fikrincə, bu, Rusiyanın da işinə yaraya bilər: “Çünki hələlik Kremlin məsələni həll etmək məramı yoxdur, sırf klassik üsulla onu qeyri-müəyyən müddətə təxirə salmaq və bununla da problemi idarə etmək istəyi var. Ancaq baxmayaraq ki, bu taktika uğursuzluğa düçar olub və Azərbaycan öz torpaqlarını geri alıb. Son hadisələrdən görünür ki, Moskvanın bu məsələ ilə bağlı düşüncəsi dəyişməyib”.

Bəs bu o anlama gəlirmi ki, indi Qarabağla bağlı bütün məsələlərdə Bakı, məsələn, Brüsselə yox, Moskvaya üz tutmalı olacaq?

“Moskvanın bundan sonrakı taktikasının necə olacağını söyləmək çətindir. Həqiqətənmi o, danışıqlar estafetini ələ keçirmək niyyətindədir, yoxsa? Vəziyyətə baxmaq lazım gələcək”, - deyə politoloq əlavə edib.

Bir şeyi əminliklə söyləmək olar ki, Azərbaycan qardaş Türkiyə ilə tandemdə öz ərazisinin bir qarışığının belə siyasi alver predmetinə çevrilməsinə imkan verməyəcək. Bunu ilk növbədə Moskvada yaxşı bilməlidirlər...

 Analitik xidmət,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR