İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral Çarlz Britaniya parlamentində çıxış edib

Kral Çarlz Böyük Britaniya parlamentinin açılış mərasimində çıxış edib.

AZƏRTAC xəbər verir ki, Britaniya Kralı Çarlz bu gün rəsmi olaraq, parlamenti Baş nazir Kir Starmer hökumətinin yaxın aylarda təqdim etmək niyyətində olduğu islahatlar paketini açıqlayan çıxışı ilə açıb.

Kral Çarlz mərasimdə iştirak etmək üçün Kraliça Kamilla ilə birgə faytonla Bukingem sarayından parlament binasına doğru yollanıb. Digər bir ənənəyə uyğun olaraq tac, dövlət qılıncı kimi rəmzlər başqa faytonla Vestminsterə yola salınıb. Kral parlament binasına çatdıqdan sonra “İmperator Dövlət Tacını” taxıb.

Britaniya Kralı parlamentin Lordlar Palatasında hökumət tərəfindən əvvəldən hazırlanmış nitqi oxuyub. Onun nitqi hökumətin qanunvericilik proqramının missiya əsasında olacağını, hamı üçün təhlükəsizlik, ədalət və imkan prinsiplərinə əsaslanacağını söyləməsi ilə başlayıb. O deyib ki, sabitlik iqtisadi siyasətin məhək daşı olacaq, bütün mühüm vergi və xərc dəyişiklikləri müstəqil qiymətləndirməyə və fiskal qaydalara əsaslanacaq.

Kral Çarlz qeyd edib ki, Leyboristlər Partiyası növbəti beş il ərzində 1,5 milyon yeni evin tikintisinə kömək etmək üçün sistemdə islahatlar aparacaq. O, Britaniya Dəmir Yollarının yaradılmasını və dəmiryol operatorlarının dövlət mülkiyyətinə keçirilməsi, bərpaolunan enerjiyə sərmayənin sürətləndirilməsinə kömək edəcək yeni ictimai enerji şirkəti olan “Great British Energy”nin təşkili ilə bağlı islahatlar, immiqrasiya sisteminin modernləşdirilməsini və yeni Sərhəd Təhlükəsizliyi Komandanlığının yaradılmasını nəzərdə tutan layihələr haqqında da məlumat verib.

Xarici siyasət məsələlərinə toxunan Çarlz Britaniya hökumətinin Yaxın Şərqdə uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsində öz rolunu oynayacağını deyib. O əlavə edib ki, hökumət Kiyevə tam dəstək verəcək və Ukraynanın NATO üzvlüyünə aydın bir yol təqdim etməkdə aparıcı rol oynamağa çalışacaq.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR