Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 31-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 12 ailə - 53 nəfər köçürülüb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövləti başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 180 ailə, yəni 700 nəfərin daimi məskunlaşması təmin edilib.
Bundan əlavə, “Böyük Qayıdış” proqramına uyğun olaraq, işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində işlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə həftə ərzində Laçın rayonu və Ağalı kəndinə köçürüləcək daha 45 ailə ilə görüş keçirilib.
Nazirlikdən Musavat.com-a verilən xəbərə görə, onlarla məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb. Görülən işlərin davamı olaraq artıq Laçına köçürülmüş sakinlərlə də görüşlər davam etdirilib. Agentlik tərəfindən Laçına köçürülmüş daha 14 ailə ilə görüş keçirilib, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyənləşdirilib.
Doğma yurdlarına köçürülən sakinlərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili üzrə tədbirlər davam etdirilir.
Cəbrayıl şəhərinin də Baş Planı hazırdır. Təsdiq edilmiş yeni Baş Plana əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı beş kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Şəhərin bərpası və inkişafı üçün dörd mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş Planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, ortamərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb. Şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq 1 880 cəbrayıllı şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun üç tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan dörd məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.
Bu günlərdə Laçında olan Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə keçirdiyi hissləri “Yeni Müsavat”la bölüşdü: “Laçın haqqında təəssüratlarım o qədər zəngin, emosionaldır ki, ifadə etməyə çətinlik çəkirəm. Hazırda Laçın çox sürətlə, ağlagəlməyən dərəcədə bərpa olunur. Əslində buna bərpa deməzdim, yeni və abad Laçın deyərdim. 30 ildən sonra bizə əzəmətli Laçınımız qaytarıldı. Bura Azərbaycan coğrafiyasının ən gözəl məkanlarından biridir. Köç karvanı ard-arda Laçına gəlir. Bu, çox qürurvericidir. Yerli əhalinin məskunlaşması üçün orada hədsiz dərəcədə sevgi dolu fəaliyyət gedir. Hər yerdən, hər zirvədən baxanda bu abadlığın getdiyini görürsən.
Şəxsən mən qoynum dolusu sevinc göz yaşlarımla o yerləri qucaqlayıram. Orada, sözün həqiqi mənasında, möhtəşəm quruculuq işləri gedir. Əhali ölkə başçısının göstərdiyi diqqəti, qayğını xüsusi olaraq qiymətləndirir. İşğaldan qısa müddətdə azad olunmuş ərazilərin möhtəşəm şəkildə bərpasını hər kəs alqışlayır. Burada ikinci bir fikir ola da bilməz.
Bir məsələni də xüsusi qeyd etməyi vacib bilirəm. Bu yerlərdə "Baku Abadlıq" MMC bir sıra mədəni tədbirlər həyata keçirir. Mən də bu səbəbdən buradayam. Ölkədə ilk dəfə olaraq bu ərazidə, Qarabağ bölgəsində Qarabağ ətrafı ərazilərin teatrlarından, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən olan tələbələrdən peşəkar bir heyətin seçilməsi, Laçında yay proqramının təşkil olunması əhalinin mədəni tədbirləri üçün nəzərə alınıb. Müəyyən konsert, görüşlər də var. 8,9 və 10 avqustda üç tamaşa və bir filmin ilk premyeraları əhali qarşısında nümayiş etdiriləcək. Bunlar bu torpaqlarda ilk tamaşalardır. Yəni hazır tamaşalar deyil, yeni çəkilib. Xüsusi qeyd etmək istəyirəm ki, bu tamaşalar məhz Laçında hazırlanıb. Bunlar Laçına köç etmiş əhaliyə təqdim olunacaq. Bizlər Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun bizlərə bəxş etdikləri bu böyük hədiyyənin fərqindəyik, Laçın və digər azad edilən torpaqlarımızın fonunda. Biz bu yerlərin sahibləri olmaqla yanaşı, cənab Prezidentin əsgərləri olmaq şərəfinin də nə olduğunu anlayırıq".
Yazını hazırladı: Cavanşir ABBASLI
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ