Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Volodimir Zelenskinin Ukrayna parlamentinə təqdim etdiyi qələbə planı qəbul edilib. Planda müharibədə qalib gəlməyə kömək edəcək hərbi, iqtisadi və siyasi xarakterli məqamlar yer alır.
Plan 5 bənd və üç gizli əlavədən ibarətdir. Bəndlərdən ilk dördü müharibə dövrünə, sonuncusu isə təhlükəsizliklə bağlı ikinci işğalın qarşısını almaq üçün müharibənin bitməsindən sonrakı vaxta aiddir. O da məlum olub ki, Ukrayna lideri planın qəbulu üçün müttəfiqlərə cəmi 3 ay, yəni ilin sonuna qədər vaxt verib. Bu arada Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Zelenski Aİ Şurasının sammitinə qatılıb və orada qələbə planını təqdim edib.
Türkiyənin müdafiə naziri Yaşar Gülər isə deyib: “Ukrayna münaqişəsi göstərdi ki, 30-a yaxın Qərb ölkəsi Kiyevi kifayət qədər sursatla təmin etmək üçün birləşə bilmədi”.
Onun sözlərinə görə, bu, ölkələrin silah və sursat ehtiyatları sahəsində daha yaxşı hazırlaşmalarının vacibliyini və ehtiyacını açıq şəkildə nümayiş etdirir. Bu haqda Yaşar Gülər 17-18 oktyabrda Brüsseldə iştirak edəcəyi NATO müdafiə nazirlərinin toplantısından əvvəl “Anadolu” agentliyinə bildirib.
Türkiyənin müdafiə naziri haqlıdırmı? Kollektiv Qərb Ukrayna naminə potensialını birləşdirməyi bacarmadı, yoxsa istəmədi?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, NATO dövlətləri Rusiya ilə müharibədə bütün güclərindən istifadə etmədilər:
“Ukraynaya verdikləri silah-sursatın belə affektiv istifadəsinə icazə vermədilər. Təbii ki, bu icazələr verilsəydi, Ukrayna indiki qədər ağır duruma düşməzdi. Bununla belə, Türkiyənin müdafiə naziri Yaşar Gülər də haqsız deyil. Soyuq müharibədən sonra yaşanan dinc şərait Avropa ölkələrində də ciddi rahatlıq yaratmışdı. Onlar Rusiya ilə nə zamansa müharibə olacağını düşünmür, əksinə, şimal qonşumuzu ucuz və tükənməz xammal bazası kimi görürdülər. Hətta dildə Putini pisləsələr də, əməldə onun Rusiya üzərində qurduğu diktatura rejimindən çox məmnun idilər. Çünki bu diktatura davam etdikcə, Rusiya sənayesi inkişaf etməyəcək, Avropanın enerji bazası olaraq qalacaqdı. ABŞ senatoru Con Makkeynin 2014-cü ildə Rusiya barədə səsləndirdiyi bu fikirlər Qərb dövlətlərinin ona münasibətini olduqca gözəl şəkildə ortaya qoyurdu: “Rusiya ölkə cildinə girmiş yanacaqdoldurma məntəqəsidir”. Qərb imperializminə də elə bu sərf edirdi və süni dövlət kimi baxdıqları Rusiyadan qətiyyən çəkinmirdilər. Odur ki, hərbi sənayelərini də inkişaf etdirməyə lüzum görmürdülər. Rus xofunun artıq sonlandığını düşünən Fransa prezidenti Emmanuel Makron hətta NATO-nun dağılmasını belə arzu edir və arxayınlıq içərisində məşhur “NATO beyin ölümü keçirdi” fikirlərini dilə gətirmişdi. Avropanın bu arxayınlığı ABŞ-ı narahat edirdi. Odur ki, Ukrayna-Rusiya savaşının çıxmasını bəlkə də ən çox Vaşinqton arzulayırdı. Ukrayna savaşından sonra Avropa ölkələri nə qədər yanıldıqlarını gördülər. ABŞ-ın təzyiqi ilə onlar Rusiyanın ucuz enerji resurslarından imtina edib alternativlər axtardılar. Ukraynanı yetərli silah-sursatla təmin etməyə çalışsalar da, arsenallarının boş olduğunu anladılar. Beləcə, Rusiya ilə hesablaşmaq barədə düşündülər. Amma çoxdan rus enerjisindən asılı vəziyyətdə olduqlarından bunu da yetərincə bacarmadılar. Üstəlik, Rusiyanın təhdidləri ortaya çıxdı və onların 10 illərlə öyrəşdikləri rifahları da pozuldu. Nəticədə hər ağızdan bir səs gəldi və Ukraynaya verdikləri silahların effektiv istifadəsinə qadağalar gətirdilər. Bununla da əslində Rusiyanın məğlubiyyətini önlədilər”.
Heydər Oğuzun fikrincə, Avropada yenidən cücərməyə başlayan rus xofu radikal sağçıların “qoca qitə”də getdikcə güclənməsinə və bəzi ölkələrdə hətta hakimiyyətə gəlməsinə yol açdı:
“Bu artıq Ukraynanın tamamilə təklənməsi və Rusiya ilə müharibədə ağır vəziyyətə düşməsi anlamına gəlirdi. Kiyevə ən ağır zərbə isə ən çox güvəndiyi ABŞ-dan dəydi. Co Bayden hakimiyyəti müxtəlif bəhanələrlə onu oyundəyişdirici silahlarla təchiz etmədi, verdiyi silahlardan isə Rusiyanın dərinliklərinə zərbə endirməsinə qadağa qoydu. Ukrayna rəsmilərinin təbirilə desək, bu, əslində onun əl-qolunu bağlayıb Rusiyanın qabağına atmağa bərabərdir”.
Siyasi şərhçinin fikrincə, Ukraynanın ağır duruma düşməsinin digər başlıca səbəbi İsraillə İran arasında konfliktin ortaya çıxmasıdır:
“İsrailin 80 illik quruluş tarixi göstərir ki, nə zaman İsrail Yaxın Şərqdə savaşa başlayarsa, Vaşinqton digər tərəfdaşlarına silah yardımını kəsir. 1955-1975-ci illərdə gedən və sonunda ABŞ-ın məğlubiyyəti ilə sonuclanan Vyetnam savaşı bunun ən bariz örnəyidir. ABŞ ona görə bu savaşdan çəkildi ki, İsrail 1973-cü ildə ərəb dövlətləri ilə Yom Kippur müharibəsinə başlaşmışdı. İsrailin daha uğurlu müdafiəsi naminə ABŞ bütün diqqətlərini bu müharibəyə ayırdı, Vyentamı isə sanki SSRİ-yə hədiyyə etdi. Eyni prosesin bu gün baş verdiyini görürük. Nə zamana qədər ki, İsrail Fələstin və Livanla müharibəyə başlamamışdı, Ukraynaya silah yardımı öz axarında gedirdi. İsrail müharibəyə başlayandan sonra isə bu dəstək getdikcə azaldı. Hazırda Zelenskinin bütün tələblərinin göz ardına vurulmasında da bu hadisənin mühüm rolu var. Hətta Ukrayna rəsmiləri açıq şəkildə onlara İsrail kimi dəstək verilməməsini dilə gətirsələr də, ABŞ müxtəlif bəhanələrlə Kiyevi yola verir. Pentaqon onun üçün prioritet məsələnin İsrail olduğunu gizlətmir və Ukraynanı atəş topu kimi Avropanın qucağına atır. Bununla belə, bu müharibənin sonlanmasını da istəmir. Assimetrik müharibə kimi uzun illər davam etməsini arzulayır. Zənnimcə, Zelenskinin açıqladığı “Qələbə planı” da buna xidmət edir”.
Heydər Oğuz Zelenskinin “Qələbə planı”nı şərh edərkən bildirib ki, hazırlanan sənəddəki bir çox maddələr əslində yeni deyil:
“Bu zamanadək Ukrayna rəsmilərinin müxtəlif zamanlarda səsləndirdiyi fikirlər bir araya toplanıb, beynəlxalq ictimaiyyətə təqdim olunub. 5-i açıq, 3-ü gizli maddədən ibarət olan bu planın ən diqqətimi cəlb edən müddəası Ukraynanın müttəfiqlərinə verdiyi 3 aylıq möhlətlə bağlıdır. Bu 3 aylıq möhlət əslində təkcə ilin axırına qədər verilmiş vaxtı ifadə etmir. Həm də aydan sonra ABŞ-da yeni prezident hakimiyyəti təhvil alacaq. Bu isə o deməkdir ki, Trampın hakimiyyətə gələcəyi və Ukraynaya dəstəyi tamamilə dayandıracağı təqdirdə rəsmi Kiyev müəyyən addımlar atacaq. Atılacaq addımlardan biri də yenidən nüvə silahı istehsalına keçə bilməsidir. Almaniyanın “Bild” nəşri adı açıqlanmayan ukraynalı rəsmiyə istinadən yazıb ki, Ukraynanın nüvə bombası yaratmaq üçün materialları və biliyi var, əgər belə bir əmr verilsə, Kiyev bir neçə həftə ərzində nüvə silahı əldə edə bilər. Baxmayaraq ki, Zelenski sonradan bu iddianı təkzib etdi, amma belə bir fikrin ortaya atılmasını Avropaya verilmiş mesaj kimi qiymətləndirmək olar. Zira Rusiya qarşısında çarəsiz vəziyyətə düşən Ukraynanın nüvə silahları istehsalına başlaması və bundan Rusiyaya qarşı istifadə etməsi bütün Avropanın nüvə savaşı ilə üzləşməsi anlamına gəlir. Görünür, Ukrayna avropalı müttəfiqlərini ram etmək üçün nüvə təhdidi ilə sınağa çəkmək istəyir. Məncə, Zelenskinin “Qələbə planı”nda gizli saxlanılan əsas müddəalardan biri də budur. Amma nüvə təhdidi işə yarayacaqmı, bunu zaman göstərəcək”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 Noyabr 2024
02:44 Putin Tramp və Qərb liderləri ilə münasibətlərdən danışdı: "Hər şey normal idi, amma onlar...”
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ