İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraillə HƏMAS arasında atəşkəs imzalansa da, yeni münaqişə qaçılmazdır- ŞƏRH

"İsraillə HƏMAS arasındakı atəşkəs həm israillilər, həm də fələstinlilər üçün uzun və ağrılı fəsli bitirmək ümidləri yaradır. Bununla belə, müharibə və ya döyüşlərin bərpasını tələb edən dönüş nöqtələri yarana bilər".

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov Facebook-da yazıb. O əlavə edib ki, bu, texniki baxımdan İsrail və ya HƏMAS-ın atəşkəs sazişinin tələblərini pozmaq proqnozları ilə izah edilə bilər. Daha geniş geosiyasi prizmada isə Yaxın Şərqin yenidən sürpriz şəkildə formalaşdırılmasından irəli gələn nəticələr yeni münaqişələri qaçılmaz edəcək.

Hərçənd ki, HƏMAS-İsrail müharibəsinin gedişatında İranın müqavimət oxu sarsıdıcı zərbə aldı, Suriyadakı Bəşər Əsəd rejimi devrildi, İranın Yaxın Şərq strategiyası tənəzzülə yaxınlaşdı. Yəni düşünmək olar ki, İranın geosiyasi mövqelərinin zəifləməsi bəlkə Yaxın Şərqi sülh və sabitlik regionu edə bilər, lakin məsələ təkcə İranla məhdudlaşmır".

Analitik qeyd edib ki, regionda Türkiyə böyük geosiyasi üstünlüklər qazanır, Çinin strateji yanaşmaları genişlənir, ABŞ ilə Rusiya isə əvvəlki dövrlərə nisbətdə çox da uğur qazana bilmir.
Buna baxmayaraq, HƏMAS ilə İsrail arasındakı atəşkəs ABŞ diplomatiyasının Çin diplomatiyasını məhdudlaşdırmaq səylərinin bir hissəsi kimi şərh oluna bilər.
Nəticə olaraq, rəqabətin davamı, üstəlik İsrailin HƏMAS-ı tamamilə məhv etmək barədəki bəyanatları proseslərin region üçün bundan sonrakı nəticələrini qaranlıqlaşdırır.
Rəqabətə əsaslanan strategiyaların təsirinin tam həcmi tezliklə məlum olacaq. Onu da nəzərə almaq zəruridir ki, hələ Donald Tramp administrasiyasının Yaxın Şərq siyasətinin konturları tam bəlli deyil, hərçənd ki, Trampın İsrailə misilsiz dəstəyi görünə bilər ki, bu da münaqişələri alovlandıra bilər.

Deməli atəşkəs sazişi gələcəyə dair sülh üfüqlərini tam aydınlaşdırmayan və situativ olaraq müharibənin dondurulması riskini özündə ehtiva edən sənəddir.
Dağılmış və xarabalıq vəziyyətində olan  Qəzzada, əhalini saxlamaq və humanitar fəlakəti sabitləşdirmək qarşıda duran ən əhəmiyyətli problemlərdən biridir".

Aqşin Kərimova görə, atəşkəsin nəhəng regional konteksti barədə əlavə iddialar da yaranır:"Türkiyənin İranın güzəştlərə məcbur edilməsi ilə başlana biləcək yeni proseslərdə geosiyasi mövqeləri güclənəcək. Ankaranın baxışı hərbi genişlənmə ilə yanaşı, strateji infrastrkturlara, iqtisadi razılaşmalara köklənəcək. Türkiyə Suriyanın gələcəyinin əsas memarı kimi çıxış edir, həm də PKK-nın məhvi barədə strategiyasını yeniləyir. Hərçənd, burada Ankara ilə İsrailin maraqlarının toqquşan və birləşən tərəfləri mövcuddur.
Bu, ayrıca bir mövzunun predmetidir, lakin Yaxın Şərqdəki ən son sülh hadisəsi (HƏMAS-İsrail razılaşması) Türkiyənin PKK əleyhinə mübarizə kodeksinə müsbət təsir göstərəcək. Bununla da Türkiyə Yaxın Şərqdə güc balansını dəyişməyə, Suriyada Ankaradan idarə olunan hakimiyyət qurmağa, ABŞ, İran, Rusiya kimi rəqiblərinin təsirini əhəmiyyətli şəkildə cilovlamağa nail olmaq yanaşmalarını təkrarlayacaq".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR