İnsanlara hürriyət, millətlərə istiqlal!

Kissincerdən “U” dönüşü - eks dövlət katibinin ziddiyyətli Ukrayna açıqlamaları

Ekspert: “Situasiya dəyişdiyindən Kissencer əvvəlki fikrindən fərqli münasibət ortaya qoyub”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer son 20 gündə bir-birinə zidd olan fikirlər səsləndirməsi dünya gündəmində ciddi şəkildə müzakirə olunur. O, Davosda Dünya İqtisadi Forumunda demişdi ki, Ukrayna Rusiyanın şərtlərini qəbul etməli, torpaq itkisi ilə barışmalıdır.

İndi isə o, dediklərinə zidd mövqe ortaya qoyub. Kissincerin sözlərinə görə, Ukrayna prezidenti Zelenski də eyni mövqedən çıxış edir: “Ukrayna son aylarda itirdiyi əraziləri geri almalıdır, bundan sonra danışıqlar üçün məqam yetişəcək”.

Keçmiş dövlət katibinin qənaətincə, Rusiya Ukraynada artıq strateji məğlubiyyətə düçar olub, çünki adi silahlı qüvvələrin köməyi ilə daha zəif qonşusuna qalib gələ bilməyib: “Bu o deməkdir ki, Avropanın çoxdankı Rusiya işğalı qorxusu şişirdilib və regionda qüvvələr nisbəti kəskin şəkildə dəyişib”.

Onu da bildirib ki, Rusiya müharibədə hərbi-siyasi baxımdan məğlub olub. Artıq Avropa Rusiyanın Polşaya hücumundan qorxmur və s.

Bu siyasət “dəllalı”nın belə mövqe dəyişməsi nə ilə bağlıdır? Ona təzyiq edilib, ya rüşvətlə mövqeyini satın alıblar? 20 gün içində onun açıqlamaları dünya siyasətində bir təlatüm yaratdı. İlk açıqlaması Ukrayna başda olmaqla, anti-Rusiya koalisiyasını hiddətləndirdi, son dedikləri də Rusiyanı və tərəfdarlarını qıcıqlandırıb.

Paşinyanla Kremlin mübhəm sərhəd anlaşması - AÇIQLAMA | KONKRET

Elşən Mustafayev

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Kissincerin ziddiyyətli fikirlərində təəccüblü heç nə görmür: “O, dünya siyasətinin yaşayan canlı əfsanələrindəndir. Onun yaşı, təcrübəsi və hər zaman məlumatlı olması fikirlərini daim diqqət mərkəzində saxlayıb. Eyni zamanda Kissincer SSRİ ilə soyuq müharibə zamanı ən öndə olanlardandır və SSRİ-nin varisi olan Rusiyanı çox yaxşı tanıyır. Onun Ukrayna məsələsi ilə bağlı müharibənin ilk günlərində dediyi fikirlərin hazırda dedikləri ilə ziddiyyət təşkil etməsinə təəccüb etmirəm. Mənə görə onun problemə iki fərqli yanaşması zamanında deyilmiş doğru fikirlərdir. Müharibə ərəfəsini və Rusiyanın müharibəyə başladığı ilk günləri yada salsaq görərik ki, Ukraynaya quru bəyanatlardan başqa heç kim dəstək vermirdi. Kiyevin hər an işğal olunacağı və Putinin dediyi denasifikasiya və demillitrizasiyanın baş verəcəyi gözlənilirdi. Polşa, Baltik ölkələri istisna olmaqla, Avropanın böyük dövlətləri Rusiya ilə kəskin qarşıdurmadan çəkinirdilər. Rusiyanın nüvə təhdidindən sonra həm qorxur, eyni zamanda iqtisadi cəhətdən özləri üçün əlverişli olmadığından nəinki silah köməkliyi, həm də təsirli sanksiyaları tətbiq etməkdən birbaşa yayınırdılar. Hətta ABŞ-ın özü belə ilk günlərdə çox ehtiyatlı davranırdı. Ümumiyyətlə, bütün dünyanın Ukraynaya dəstək koalisiyasını yaratması yalnız Ukraynanın heç kimin ciddi köməyi olmadan, həmiçinin heç kimin gözləmədiyi halda Rusiyaya qarşı göstərdiyi qəhrəmancasına dirənişindən sonra baş verdi. Hamı elə bilirdi ki, ən uzağı 1 aya, bəlkə də daha tez Ukrayna təslim olacaq. Amma görəndə ki, vəziyyət başqa cürdür və Rusiya ciddi itkilər verməklə istədiyinə yaxınlaşa bilmir, o zaman həm ABŞ-ın təzyiqləri, həm də Avropada qorxu panikasının itməsi fərqli situasiya yaratdı. Yəni müharibədən öncə və ilk günlərində Qərbin proseslərə müdaxilə etməməklə yalnız müşahidə etməsi Kissinceri Ukraynanın bir dövlət olaraq məhv olmaması üçün müəyyən torpaq itkilərinə gedə biləcəyini söyləməyə məcbur etmişdi. Krımın anneksiyasından sonra Qərbin münasibəti ortada idi. Amma Qərbin gözləmədiyi halda - yuxarıda dediyim hadisələrdən sonra - situasiya dəyişdiyindən bu gün üçün Kissincer əvvəlki fikrindən fərqli münasibət ortaya qoyub ki, bu da doğrudur. Müharibənin 5-ci ayı yaxınlaşır. Bu gün üçün hələlik Ukraynanın istədiyi uzaqmənzilli hücum silahları, hava hücumundan müdafiə sistemləri verilməsə də, Ukrayna ordusu tək müdafiə silahları ilə dünyanın ikinci ordusu hesab olunan bir hərbi gücü çıxılmaz bataqlığa salıb. Bütün bunları artıq dünya görür. Vaxtilə Ukraynanın beş günə, bir həftəyə, bir aya məğlub olacağını deyən dünyanın bir çox tanınmış, təcrübəli ekspertləri, konfliktolaqları da bu gün mövqelərini tam şəkildə dəyişiblər. Mən 5 aydır ki, bu prosesləri tam izləyərək belə qənaətə gəlmişəm ki, Ukrayna konflikti elə müharibələrdəndir ki, ən güclü mütəxəssislər ona uzun müddətə hesablanmış proqnoz vermək iqtidarında deyillər. Bu gün hamının gözü hərbçilərdədir. Yəni Ukraynada hazırda hər şeyi, o cümlədən proqnozları onların fəaliyyəti yönəldir”.

Ağdamda görüşərik - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzovun mülahizələri də diqqət çəkməyə bilməz: “İlk növbədə onu deyək ki, Kissincer ABŞ tarixində kifayət qədər görkəmli diplomatdır. Belə insanların açıqlamaları təsadüfi olmur. Sadəcə, nəzərə almaq lazımdır ki, bir çox hallarda siyasətçilər mövcud siyasi reallığı nəzərə alırlar. ABŞ prezidenti Cozef Baydenin bugünlərdə verdiyi açıqlamanı xatırlatmaq istəyirəm. O demişdi ki, biz Ukraynaya müharibə ilə bağlı xəbərdarlıq etsək də, prezident Vladimir Zelenski bizi eşitmək istəmədi. Üç ay boyunca Ukraynanı dəstəkləyən və Rusiyanın əsas rəqibi ABŞ-ın ən yüksək səviyyəli şəxsinin dilindən Zelenskini ittiham etməsi həqiqətən maraqlıdır. Kissincerin buna əks fikir səsləndirməsi isə artıq ABŞ siyasi elitasında Ukrayna məsələsi ilə bağlı fikir ayrılığına işarə kimi qiymətləndirilə bilər. Ola bilsin ki, Rusiya ilə ABŞ arasında hansısa gizlin razılıq əldə olunub və Kissincer buna etiraz edir. Diplomatın ”Avropa Rusiyanın Polşaya hücumundan qorxmur" fikri isə əslində gələcək fəlakətlərin anonsu ola bilər. Bəlkə də yaxın vaxtlarda Rusiya ilə Polşa arasında müəyyən gərginliyin, hətta hərbi toqquşmanın şahidi ola bilərik. Amma Kissincerə müəyyən təzyiqlərin olduğunu və ya ona rüşvət təklif edildiyini düşünmürəm. Bütün hallarda onun bəyanatlarına dırnaqarası yanaşmaq doğru deyil".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR