İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiberfırıldaqçılar "yağlı müştəri" ovuna belə çıxır - Ekspert AÇIQLADI

Göz görə-görə talan: bank kartlarından gündəlik minlərlə manat oğurlanır.

Bəs fırıldaqçılar "yağlı müştəriləri" necə müəyyənləşdirir?

Musavat.com bildirir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məsələyə bu cür şərh verib:

"Son bir neçə gündə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin, DİN rəsmisi Elşad Hacıyevin açıqladığı məlumatları izləyirəm. Statistika sadəcə ağlasığmazdır.

Təkcə son 3 gündə bank kartlarından oğurlanan məbləğlər:

7 aprel — 66,997 AZN
8 aprel — 87,067 AZN
10 aprel — 24,864 AZN

Əslində, DİN-in artıq gündəlik belə statistikaları paylaşması özü diqqət cəlb edəndir. Əvvəllər gündəlik statistikada adətən ayrı növ cinayətlərin məlumatları gözə dəyirdi. Yəni görünən odur ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və banklar nəhayət ki, real vaxtda işləyən bir anti-fraud sistem qura biliblər.

osman.jpg (66 KB)

Bu, artıq bank sektorunda kibercinayətkarlığa qarşı yeni bir mərhələnin başlanğıcıdır. Artıq kibercinayətkarlıq, bank sektorundakı cinayətlər tam, real vaxtda monitorinq oluna bilir.

Bütün bunlar isə şübhəsiz ki, cinayətkar sxemlərin vaxtında ifşasına və qarşısının alınmasına daha yaxşı şərait yaradacaq.

Açıqlanan məlumatlardan isə görünür ki, yenə həmin koordinat, həmin dalğadır.

Fırıldaqçılar müxtəlif sxemlərdən istifadə edərək vətəndaşların etibarını qazanır, müxtəlif üsullarla zəng etməklə özlərini bank işçisi, sığorta agenti, vergi əməkdaşı kimi təqdim edərək şəxsi və maliyyə məlumatlarını əldə edirlər".

"Nələrə diqqət etmək lazımdır?" sualına isə ekspert belə cavab verib:

"Bank kartının məlumatlarını – CVV/CVC kodunu, SMS ilə gələn OTP şifrəni, login və parolu, PIN kodu paylaşmaq təhlükəlidir. Özünü "bank işçisi", hansısa dövlət qurumu nümayəndəsi kimi təqdim edən şəxslə birbaşa şəxsi və bank məlumatlarının müzakirəsinə keçmək təhlükəlidir.

Bank kartları ilə olan kibercinayətkarlıqda əsas vasitələrdən biri xaricdə oturan fırıldaqçının yerli nömrə ilə zəng etməsidir. Adətən bu məqsədlə SİM-box adlanan qurğulardan istifadə edilir. Yəni cinayətkar xaricdə bir ölkədə oturur, başqa bir ölkədə server qurur, Azərbaycanda özünə tərəfdaş tapır, SİM-box-lar Azərbaycana göndərilir və hansısa bir məkanda yerləşdirilir, potensial - "yağlı müştəri" hesab olunacaq vətəndaş müəyyən olunur.

Onlarla, yüzlərlə mobil nömrələr - sim kartlar alınaraq SİM-box a yerləşdirilir.

Fırıldaqçılar xaricdən olan zəngi məhz həmin SİM-box-la yerli zəng olaraq vətəndaşa yönəldirlər.

Düşünürəm ki, bu tip avadanlıqların ölkəyə gətirilməsi və tətbiqi ilə bağlı məsələlər də sərtləşdirilməlidir".

Osman Gündüz bildirib ki, fərdi məlumatların qorunması istiqamətində daha sərt tədbirlərin görülməsinə ehtiyac var:

"Gizli deyil ki, xaricdəki cinayətkarlar hansısa bank müştərisi olan, kartında vəsait olan (balansı, bank əməliyyatları diqqət cəlb edən) vətəndaşların siyahısını yalnız sosial şəbəkələrdən, internetdən əldə edə bilməz.

Müşahidələr göstərir ki, fırıldaqçılar potensial hədəflərin müəyyən edilməsində daha güvənli məlumatlardan istifadə edirlər.

Şübhələnmək üçün əsaslar var ki, real bank əməliyyatları olan, kartlarında vəsait olan vətəndaşların siyahıları bank və ya mobil operatorlardakı mənbələrdən də sıza bilər. Qonşu ölkələrin təcrübəsinə baxanda da görmək olur ki, bu tip siyahılar qara bazarlarda satışdadır.

Bu baxımdan düşünürəm ki, hökumət, hüquq-mühafizə qurumları kibercinayətkarlığa qarşı mübarizədə banklarda və mobil operatorlarda vətəndaşlarla bağlı məlumatların qorunmasına, bu tip informasiyaları fırıldaqçılara sızdıranlara qarşı daha sərt tədrbirlər görülməsinə diqqət yetirməlidirlər.

Son zamanlar aparılan müşahidələr də göstərir ki, qonşu ölkələrdə, Qazaxıstanda, Rusiyada bu istiqamətdə qanunvericilik xeyli sərtləşdirilib.

Bu baxımdan qonşularımızda bu sahədə olan "münbit şəraitdən" əli üzülənlər arasında ölkəmizi kiberhədəf olaraq görmək istəyənlərin sayının artacağını da proqnozlaşdırmaq olar".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR