Onlayn ictimai-siyasi qəzet
Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Kaspian” adlı kafedə xanım ofisiant döyülüb.
Hadisənin baş verməsinin ilginc səbəbi var. Ofisiant xanım danışan zaman istəmədən ağzındakı tüpürcək müştərinin üzünə düşüb. Buna görə başlayan mübahisə dava ilə nəticələnib.
Musavat.com xəbər verir ki, 33 yaşlı Emin tanışları ilə adı çəkilən kafeyə yeyib-içməyə gedib.
Onlara xidmət edən xanım ofisiantla aralarında mübahisə yaranıb.
Mübahisəyə ofisiant xanımın bacısı da müdaxilə edib. Baş verən dava zamanı ofisiant xanımın bacısı sifət nahiyəsindən yumruq zərbəsi alıb. Emin həmin xanıma əlində olan bıçaqla da xəsarət yetirib.
Emin ifadəsində deyib ki, masada olan zaman tanışlarından biri ofisiantı çağıraraq əlavə sifariş vermək istəyib:
“Sifariş verəndə ofisiant danışanda ağzındakı tüpürcək bizim tanışın üzünə düşdü. Həmin tanış buna görə ofisianta irad bildirdi. Buna hirslənən ofisiant onun üzünə tüpürdü. Sonra ofisiantın bacısı gəldi və dava-dalaş böyüdü. Həmin xanımlardan biri talışları söyəndə onu vurdum”.
Zərərçəkmiş xanım dindirilən zaman bildirib ki, davanın baş verməsinin səbəbi müştərinin onun bacısına əxlaqsız hərəkət etməsi olub:
“Müştərilər 4 nəfər idi. Bacım onların masasına baxırdı. Bacıma əxlaqsız təklif edəndə bacım onun üzünə tüpürüb. Mən ora gedəndə Emin sifətimdən yumruqla vurdu. Onları sakitləşdirib kafedən çölə çıxardılar. Emin yenə də sakitləşməyərək əlində olan bıçaqla məni vurdu”.
Bu hadisə ilə bağlı cinayət işi açılıb araşdırma davam edən ərəfədə Emin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Qəzadan sonra da hadisə yerindən qaçıb.
Həmin cinayət əməlinə görə Emin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilərək həbs olunub.
Onun kafedə törətdiyi xuliqanlıq əməli ilə bağlı hökmü isə Xəzər Rayon Məhkəməsi çıxarıb. Məhkəmənin hökmü ilə Emin xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Emin barəsində çıxarılmış iki hökm birləşdirilərək onun üzərində qəti olaraq 8 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İ.Muradov
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ