İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən yaşlı lideri Pol Biya 92 yaşında yenidən prezidentliyə namizəd olur

1982-ci ildən Kamerunu idarə edən Pol Biya öz adını dünya tarixinə olmasa da, Ginnesin Rekordlar Kitabına yazdırmağa hazırlaşır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, noyabrda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Əgər onun səhhəti və ölkədəki pis siyasi və iqtisadi vəziyyət mane olmasa, Biya səkkizinci prezidentlik müddətində dövlət başçısı postunda qala biləcək və bu müddətin sonunda 99 yaşı tamam olacaq. Heç bir prezident bu qədər uzun müddət və bu yaşda hakimiyyətdə olmayıb.

Kamerun lideri bu qərarını həmvətənlərinin və diasporun "çoxsaylı və israrlı" istəklərindən sonra verdiyini bildirib. Biya sosial şəbəkələrdən birində öz səhifəsində yazıb: “Əmin olun ki, mənim sizə xidmət etmək əzmim qarşımızda duran vəzifələrin aktuallığına uyğundur”.

Prezidentin televiziya və radioda xalqa müraciət etməyi seçməməsi, sadəcə internetdəki mətnlə məhdudlaşması yəqin ki, onun səhhəti ilə bağlı yenidən müzakirələrə (əsasən xaricdə) səbəb olacaq. Ötən ilin payızında Biya altı həftə ictimaiyyət qarşısına çıxmayıb. O zaman Kamerun mediasında 92 yaşlı prezidentin səhhəti ilə bağlı yazmaq qadağan edilmişdi və bu, cinayət məsuliyyəti yaradırdı.

O, ölkəyə rəhbərlik etdiyi 43 il ərzində hakimiyyətini o qədər gücləndirib ki, istənilən seçkidə kiminsə ona uğurlu rəqib olması mümkün deyil.

Kamerun Afrikanın ən problemli ölkələrindən biridir. Bu sırada yoxsulluq, yüksək korrupsiya, tayfabazlıq və diktatura rejimi var. Qonşularından fərqli olaraq, Kamerunda heç vaxt uğurlu hərbi çevrilişlər olmayıb.

Ölkə 1960-cı ildə müstəqilliyini elan edəndən bəri cəmi iki prezident olub. Biyanın sələfi Əhmədu Ahico mürəkkəb intriqa nəticəsində vəzifəsini tərk edib, ölkədən çıxıb, sonra öz əcəli ilə ölüb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR