Onlayn ictimai-siyasi qəzet
Bu gün müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər mövcuddur.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfransın açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, ictimai şüura yönəlmiş manipulyativ məzmunlar planlı şəkildə dövriyyəyə buraxılır:
"Məqsəd təkcə Azərbaycana, dinə qarşı mənfi münasibət formalaşdırmaq deyil, həm də insanları qarşı-qarşıya qoymaqdır. Radikal dini cərəyanlar və bəzi xarici dini mərkəzlərin fəaliyyəti milli təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına və yayımına daxil olması özü ilə yeni imkanlar, eyni zamanda yeni risklər gətirir".
Komitə sədri qeyd edib ki, bu sahədə etik sərhədlərin qorunması və vahid yanaşmaların formalaşdırılması qlobal media gündəminin əsas mövzusuna çevrilib:
"İndi bizim cavab verməli olduğumuz ən vacib sual bundan ibarətdir: bu çağırışlara hazırıqmı? Belə mürəkkəb və sürətlə dəyişən şəraitdə Azərbaycan cəmiyyətinin bütövlüyünü, ideoloji təhlükəsizliyini qorumaq üçün resurslarımızdan necə istifadə etməliyik? Bu suallar həm də ona görə aktualdır ki, din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur".
R.Məmmədov əlavə edib ki, dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə də, bəzən ayrı-ayrı qrupların, dövlətlərin əlində ideoloji silaha çevrilərək, müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə edilir:
"Belə məqamlarda medianın ictimai və dövlət mənafelərini qorumağı hədəfləyən fəaliyyəti cəmiyyətdə dini harmoniyanı, həmrəyliyi, konsensusu təmin etməyə mühüm töhfə verir"./Report
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ