İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəndlilər meyvə-tərəvəzini niyə sata bilmir? - araşdırma

Pərviz Heydərov: “Dövlət bu məsələyə birbaşa müdaxilə və diqqət etməlidir, əks təqdirdə... ”

Son günlər ölkədə meyvə-tərəvəz istehsalçılarının müxtəlif narazılıqlarınnın şahidi oluruq. Onların məhsulları çox ucuz qiymətə satdıqlarına, bəzən ümumiyyətlə sata bilmədiklərinə dair gileylərinə, etirazlarına rast gəlirik. Hətta bir təsərrüfatçı yetişdirdiyi əriyi sata bilmədiyi üçün xəndəyə boşaldırdı, bunun videosu yayılıb.

Kəndlilər, təsərrüfatçılar mallarına niyə bazar tapa bilmir? Bu, sərhədlərin bağlı olmasına görədirmi? Yoxsa son illər kənd təsərrüfatında artım olub deyə, tələb-təklif siyasəti üzrə qiymətlər ucuzlaşıb və fermerlər bununla barışmır?

Əgər meyvə çoxdursa, quru meyvə, konserv zavodları bu məhsulları qəbul etməzmi? Bu limit azdırmı? Yaxud fermerlər özləri mürəbbə, kompot istehsalına baş vura bilməzmi? Dövlət əkinçilərə hansı cür dəstək ola bilər?

İlk öncə qeyd edək ki, 2022-ci ildə Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri $912,4 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 11,8% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Aqrar məhsulların payı $717,6 milyon (+6,7%), aqrar sənaye məhsullarının payı $194,8 milyon (+35,4%) təşkil edib. İxrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni təşkil edib.

Pərviz Heydərov: “Birinci rüb islahatlar dövrü kimi yadda qaldı”

2022-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı $2 milyard 991,99 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 10.3% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi $5 milyarda qədər artacaq.

Həmçinin bu ilin yanvar-aprel aylarında 129,7 min ton meyvə-tərəvəz ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən meyvə-tərəvəzin dəyəri 161 milyon dollar olub. 2022-ci ilin dörd ayında isə dəyəri 162,6 milyon dollar olmaqla, 127,7 min ton meyvə-tərəvəz ixrac edilmişdi.

Hesabat dövründə 3,4 milyon dollarlıq 7778 ton kartof ixrac olunub. Ötən ilin eyni dövründə 4552 ton kartof ixrac edilmişdi. İxrac edilən kartofun dəyəri 2,1 milyon dollar olub.

Dörd ayda 43,3 min ton tomat ixracı həyata keçirilib. İxrac edilən tomatın dəyəri 54,1 milyon dollar olub. Ötən ilin yanvar-aprel aylarında isə məbləği 58,2 milyon dollar olan 48 min ton tomat ixrac edilmişdi.

Meşə fındığının ixracında artım olub. Belə ki, 48,8 milyon dollar dəyərində 9945 ton meşə fındığı ixrac edilib. Ötən ilin müvafiq dövründə isə 49,2 milyon dollarlıq 8665 ton meşə fındığının ixracı həyata keçirilmişdi.

Həmçinin bu il xaricə 27,5 min ton alma göndərilib. İxrac edilən almanın dəyəri 17,7 milyon dollar təşkil edib. Keçən ilin yanvar-aprel aylarında dəyəri 11,4 milyon dollar olan 17,2 min ton alma ixrac edilmişdi.

Xurma ixracında azalma olub. Belə ki, bu müddətdə dəyəri 14,7 milyon dollar olan 20,2 min ton xurma ixrac edilib. Ötən ilin 4 ayında isə 29,6 milyon dollarlıq 39 min ton ixrac həyata keçirilmişdi.

Hesabat dövründə 6208 ton nar ixrac edilib. İxrac edilən narın dəyəri 8 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 2,4 milyon dollar olan 1541 ton nar ixrac edilmişdi.

Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, son vaxtlar istehsalçıların bazara çıxış imkanları məhdud xarakter daşıyır:

“Bu, əsasən inhisarçılığın olması izah olunur. İkincisi, daşıma xərcləri, məhsulların bazarlara çatdırılmasının texniki tərəfləri, çətinlikləri, maya dəyəri məsələsi və digər subyektiv problemlər var. Bəli, kənd təsərrüfatı məhsulları üçün dövlətin təsdiq etdiyi yarmarkaların xeyri var, lakin məsələni bununla çözmək mümkün deyil”.

Ekspert qeyd edib ki, əsas  məsələ marketlərdə  kənd təsərrüfatı məhsullarının kütləvi geniş satış mərkəzlərində müvafiq maneələrin aradan götürülməsi, inhisarçı amillərin ləğvi, buna nail olmaqdır: “Yəni yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının  həmin bazarlara  girmək imkanı əldə etmək üçün çalışmaq lazımdır.  Təəssüflər olsun ki, bu məsələ hələ də öz həllinin tapmayıb”.

Pərviz Heydərovun sözlərinə görə, son dövrlərdə vəziyyətin  daha acınacaqlı şəkil almasının səbəblərindən biri də Rusiya amildir: “Məlum olduğu kimi, hazırda Rusiyada vəziyyət gərgindir, bizim əsas kənd təsərrüfatı məhsulları da əsasən Rusiya bazarına ixrac olunurdu. İndi isə bir sıra subyektiv problemlər mövcuddur. Ona görə də biz bu cür vəziyyətin şahidinə  çevrildik. O ki qaldı yerlərdə konservi emalı zavodlarının, müəssisələrin  fəaliyyət göstərməsinə, demək olar, bir çox rayonlarımızda  bu cür müasir emal sahələri var. Lakin onlar da yarandıqları gündən yerli kənd  təsərrüfatı istehsalçıları ilə münasibəti düzgün qurmadılar. Çünki onlar üçün yerli kənd təsərrüfatı istehsalçıları ilə birbaşa işləmək sərfəli deyil. Onlar xammal kimi kənardan məhsul gətirilməsinə daha çox maraqlıdırlar, nəinki yerli istehsalçılardan xammal şəklində həmin məhsulları əldə etmək. Ona görə də real vəziyyət getdikcə daha da kəskin xarakter daşıyır.

Hesab edirəm ki, bu məsələyə dövlət, xüsusən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birbaşa müdaxilə edilməli, diqqət ayrılmalıdır. Əks təqdirdə, daha gərgin vəziyyətin şahidi olacağıq".

Onu da əlavə edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov mətbuata verdiyi açıqlamada bildirib ki, təbiət hadisələri nəticəsində dəymiş zərər Aqrar Sığorta Fondunun ekspertləri tərəfindən qiymətləndirilir.

“Sığorta olunmuş fermer, sahibkarların əkin sahələri müvafiq olaraq qiymətləndiriləcək və onlara ödənişlər həyata keçiriləcək”, - deyə nazir əlavə edib.

Xalidə GƏRAY,
Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR