Onlayn ictimai-siyasi qəzet
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonrakı dövrdə elə bir seçki, mühüm beynəlxalq tədbir olmayıb ki, Qərbin müdaxiləsi şəraitində keçməsin. Yaxın tarixi səthi təftiş etmək kifayətdir ki, ölkəmizdə formalaşdırılmış və xaricdən idarə olunan şəbəkələrin pozuculuq fəaliyyəti, qarşıdurma yaratmaq, sabitliyi pozmaq cəhdləri özünü büruzə verməsin.
Siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media, müstəqil kimi qələmə verilən ekspertlər ölkəmizdə baş verən az və ya çox əhəmiyyətli məsələləri hədəfə götürərək beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanı mümkün qədər qara rəngdə göstərmək üçün sıraya düzülüblər. Özlərini müxalifətin liderləri kimi qələmə verən şəxslərin ermənipərəst konqressmenlərin Azərbaycana qarşı odlu-alovlu nitqlərini ayaqüstə alqışlamasından tutmuş beynəlxalq tədbirlərdə ölkəmizə total müharibə elan edən hüquq müdafiəçilərinə, cəmiyyətimizdə baş verən istənilən hadisəni siyasiləşdirməyə çalışan jurnalistlərə qədər hər şeyi görə-görə gəlmişik.
Bu gün biz 1990-cı illərin Azərbaycanında yaşamırıq və o dövrün reallıqları da artıq tarixçilərin ixtiyarına buraxılmış bir mərhələdir. Dövlətimizə meydan oxuya biləcək xəyanətkar siyasətçilər, vətəndaş cəmiyyətini dövlətlə üz-üzə qoymağa çalışan QHT-lər, qələmini milli maraqlarımıza qarşı çevirən mirzələr dövrü artıq geridə qalıb. Çünki dövlətimiz ayaq üstədir, öz sözünü demək, mövqeyini müdafiə etmək iqtidarındadır.
Qərbdən, Şimaldan, Cənubdan idarə olunan və dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilən şəbəkələr dağıdılıb. Qərbin Azərbaycanda sonuncu böyük şəbəkəsi bu ilin əvvəlində ifşa olundu, onun maliyyə təminatı dayandırıldı, bu prosesdə iştirak edən şəxslər həbs edildi. Bu şəbəkənin əsas avanqardı qismində Abzas Media, Toplum TV və III Respublika platforması artıq məntiqi sonluqları ilə üzləşsələr də, onların xaricdə reanimasiyası istiqamətində iş aparılır. Ümumilikdə, xaricdə reanimasiya prosesi təkcə adları çəkilən media və qurumları əhatə etmir, daha geniş və əhatəli xarakter daşıyır.
Artıq mediada gedən çoxsaylı məlumatlardan da göründüyü kimi, Qərb dairələri parlament seçkiləri dövründə Azərbaycanda vəziyyəti qarışdırmaq üçün bütün vasitələrdən istifadə edirlər və son desant qüvvələrini cəbhəyə atırlar. Bir tərəfdən BMT-nin İnsan Hüquqları Şurası ABŞ başda olmaqla Qərbin təzyiqi ilə seçki öncəsi istintaqda olan bir sıra şəxslərin hüquqları məsələsini qaldırıb. Digər tərəfdən son günlər Qərb diplomatlarının Azərbaycanın müxalifəti ilə təmasları artıb. Eləcə də Balkan ölkələrində Azərbaycan gənclərindən ibarət xüsusi qruplar formalaşdırılır, onlara təlimlər keçirilir və yaxın zamanlarda bu qrupların müxtəlif yollarla ölkəmizə göndərilməsi planlaşdırılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maraq kəsb edən daha bir məqam Qərbin anti-Azərbaycan şəbəkəsinin tərkib hissəsi olaraq keçmiş diplomatların da aktiv şəkildə prosesə cəlb edilməsidir. Emin İbrahimov adlı keçmiş diplomat məişət zəminində baş vermiş cinayət əməli nəticəsində istintaqa cəlb edilib və istintaq prosesində onun dövlətin əleyhinə fəaliyyət göstərməsinə dair ciddi faktlar ortaya çıxıb.
Açıq mənbələrdə olan məlumata görə, Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. 2012-2016-cı illərdə ABŞ-dəki səfirliyimizdə, 2016-2019-cu illərdə isə Uruqvaydakı diplomatik nümayəndəliyimizdə çalışıb.
Ermənilərin ciddi kök saldığı və işğal dövründə Qarabağda hava limanının tikintisini həyata keçirmiş erməni milyarder Ernest Ernukyanın vətəni olan Uruqvayda diplomat kimi işləmiş Emin İbrahimov 2020-ci ilin martında Azərbaycanda siyasi sisteminə etiraz edərək işdən çıxıb.
Həmin dövrdə E.İbrahimovun fəaliyyəti ilə bağlı başlanmış araşdırmalar nəticəsində onun bəzi əməlləri, xüsusilə Uruqvayda olan Qərb xüsusi xidmət orqanlarının rezidenturası ilə təmasları ciddi şübhə doğurub. E.İbrahimov 4 il ərzində Bakıda heç yerdə işləməyib, xüsusi xidmət orqanlarının dili ilə desək “gizli hüceyrə” kimi fəaliyyət göstərib və daha çox sosial media üzərindən ictimai dəstək toplamağa çalışıb. Onunla bağlı əsas hədəf isə parlament seçkiləri və COP29 olub. Əldə edilmiş dəlillər onu deməyə əsas verir ki, E.İbrahimov məhz bu dövrdə fəallaşmalı və radikal addımlar atmağa başlamalıydı.
Araşdırmalar onu da göstərir ki, E.İbrahimov tək olmayıb, onun fəaliyyətini və addımlarını gücləndirmək üçün başqa keçmiş diplomat da bu yaxınlarda Azərbaycana göndərilib. Həmin şəxsin adı bizə bəllidir, lakin hazırda rəsmi təsdiq olmadığına görə açıqlamırıq. 2015-ci ildə Rumıniyada işləyən zaman bu şəxsin Qərbin xüsusi xidmət orqanları ilə şübhəli əlaqələri müəyyən edilib və buna görə də o, XİN sistemindən xaric edilib. Həmin şəxs diplomatik xidmətdə olan zaman səfirliyin bütün diplomatik yazışmalarını açıq mənbələrə tam şəkildə sızdırmışdı. Ölkə xaricində fəaliyyəti müddətində yüksək peşəkarlıq və kibertəhlükəsizlik qaydalarına riayət edərək ingilis dilində Azeri Herald internet resursu yaradıb və məqsədli şəkildə ölkəmizin daxili və xarici siyasətini hədəfə alıb. Mütəxəssislərin fikrincə, bu cür təhlükəsizlik parametrləri olan internet resursunun yaradılması, hətta ən öncül kibertəhlükəsizlik şirkətlərinin imkanları xaricindədir. Onun Xarici İşlər Nazirliyi sistemində hazırda işləyən şəxslərlə vahid şəbəkə formasında əlaqələri müəyyən olunub.
Göründüyü kimi, Qərbin xüsusi xidmət orqanları tərəfindən “verbovka” olunmuş keçmiş diplomatlar vardır ki, onların parlament seçkiləri və COP29 öncəsi ölkəmizə qarşı ciddi təxribatlar həyata keçirməsi hədəflənibmiş. Demək olar ki, bu da Qərbin formalaşdırdığı anti-Azərbaycan şəbəkəsinin bir qoludur desək, yəqin ki yanılmarıq.
Əldə olunan məlumatlara görə, bu, “hekayənin” sonu deyil. Yaxın zamanlarda yeni faktların ortaya çıxacağı və yeni xəbərlərin olacağı istisna edilmir.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ