İnsanlara hürriyət, millətlərə istiqlal!

Karantin rejimi niyə bitmir - yayda sərhədlər açılmasa...

Artıq 3-cü ildir ki, koronavirus (COVİD-19) infeksiyası dünyadan, insanlardan əl çəkmir. Bir çox dövlətlər artıq buna əhəmiyyət verməsə də, özünü qorumaqda və virusun daha çox fəsadlar verməməsinə çalışan ölkələrdə karantin rejiminin tətbiqi davam edir. Virusun ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti yenidən 2023-cü il 1 may saat 06:00-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti fevralın 21-də müvafiq qərar verib. Karantin rejimini maydan sonra saxlamağa ehtiyac varmı? Kollektiv immunitet yaranıbsa, yayda artıq normal rejimə dönə bilərikmi? Və ən əsası, 3 ildir bağlı qalan sərhədlər bu yay açıla bilərmi? Sərhədlərin açılmaması turizmə ciddi zərbə vurur, habelə Gürcüstanda yaşayan soydaşlarımızın gediş-gəlişi müşkülə çevrilib. Bunlar nəzərə alınmalıdırmı?

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxşdir: “Koronavirusla bağlı artıq məsələ bitib. Yoluxma sayında artma yoxdur. Statistik göstəricilərdə çox az rəqəmlər var. Bu da onu göstərir ki, koronavirusla bağlı vəziyyət həll olunub. Eləcə də yaya doğru gedirik, yayda artıq rəqəmlər sıfıra enəcək. Amma dünyada bununla bağlı nələr olacaq demək olmur. Asiya ölkələrinin, Çin, Tayvan, Şərq ölkələrində hələ də virusa yoluxmalar var, çox ciddi karantin rejimi tətbiq olunub. Əgər yumşalmalar olsa, yenidən virus yayılacaq. Ona görə də karantin yaxın müddətdə bitəcəkmi, onu demək bir az çətindir”.

Saqqal saxlamaq parazitlərin əmələ gəlməsinə səbəb ola bilər” — Mərdan  Əliyev

İnfeksionist: “Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxşdir”

Yerin gəlmişkən, Çinin Mərkəzi Komitəsi Siyasi Bürosunun Daimi Komitəsi COVİD-19-un yayılması üzərində qəti qələbə qazanıldığını elan edib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Telekanalın koronavirusun qarşısının alınması ilə bağlı videomaterialında vurğulanıb ki, Çində COVİD-19-dan ölüm halları dünyada ən aşağı səviyyəyə düşüb. "Epidemiyanın qarşısının alınması və yayılmasına nəzarətdə böyük, həlledici qələbə əldə edilib. Ən çox əhalisi olan ölkənin pandemiyadan uğurla çıxması bəşər sivilizasiyası tarixində möcüzədir", - deyə süjetdə bildirilir.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünyanın hər yerində karantin müddəti ilə bağlı məsələ artıq həllini tapıb: “Həm qonşu ölkələrə baxanda, həm də dünya ölkələrinə baxanda görürük ki, artıq pandemiya, karantin sözü gündəlik leksikondan çıxıb. Artıq bütün məhdudiyyətlər də aradan qaldırılıb. Ən son Çin idi, yanvarın 8-də bütün məhdudiyyətləri tamamilə aradan qaldırdı. Həm sərhəd məsələsini, həm vaksinlə bağlı, COVİD pasportla bağlı tələblər - bütün tələblər aradan qaldırıldı. Azərbaycanda virusla bağlı karantin rejiminin uzadılması məntiqsizdir. Açığını desəm, həm yoluxma sayına, həm də ümumi vəziyyətə baxanda  bunun xəstəliklə bağlı olduğunu düşünmürəm. Hansısa başqa səbəblər olduğunu ehtimal edirəm, amma yaxşı olardı ki, rəsmi qurumlar, rəsmi şəxslər bununla bağlı vətəndaşlara inandırıcı bir açıqlamalar versinlər. Çünki indiki şəraitdə karantin rejiminin uzadılmasının ciddi səbəbləri görünmür. Başqa səbəbləri varsa da, bununla bağlı da dövlət qurumlarının borcudur ki, vətəndaşları bilgiləndirsinlər. Quru sərhədlər məsələsinə gəlincə isə ümumiyyətlə, Azərbaycan üçün artıq bir ayıba da çevrilib. Dünyada quru sərhədlərini bağlı saxlayan demək olar ki, ölkə qalmayıb. Bir neçə ölkədə də sərt rejimlər var. Türkmənistanda var, o da icazə ilə, sərhədi keçməklə bağlı məsələdir. Bizdə bir müddət əvvəl Nazirlər Kabinetinin xüsusi icazəsi ilə vətəndaşların içəri keçməsinə icazələr verilirdi. 2021-ci ildə bu praktika var idi.  O da ləğv edilib. Ümumiyyətlə, vətəndaşların sərbəst şəkildə yerdəyişmə hüququ bizim konstitusiyamızda təsbit olunub. Artıq bu konstitusion hüquqluların məhdudlaşdırılmasına səbəb olur. Bunun pandemiya ilə əlaqəli olduğunu da düşünmürəm. Azərbaycana iqtisadi cəhətdən də ziyan vurur, həm sərhədyanı ticari nöqteyi nəzərindən, həm də turizm nöqteyi-nəzərindən. Misal üçün, qonşu Gürcüstan dost ölkə olsa da, bizim bölgədə turizm rəqibimizdir. Keçən ilin rəqəmlərinə baxanda, Gürcüstana Azərbaycandan 6 dəfə çox turist gəlib. Bu o deməkdir ki, Gürcüstan daha çox qazanıb, 4 milyarda yaxın turizm gəlirləri əldə edib”.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

İqtisadçı: “Dünyada quru sərhədləri bağlı saxlayan ölkə qalmayıb”

Ekspert  əlavə edib ki, Azərbaycanda turizm prioritet sahə elan olunub, bütün rəsmilər bu haqda danışır: “Hətta işğaldan azad olunmuş torpaqların gələcəkdə turizm potensialının inkişafı üçün də müəyyən proqramlar qəbul olunur. Amma quru sərhədlər qapalı saxlanır. Bunun da məntiqsiz olduğu üzə çıxır. Ona görə də dövlət və hökumət orqanlarının karantin rejiminin uzadılması ilə bağlı insanlara inandırıcı açıqlamalar verməsinə ehtiyac yaranıb. Yeri gəlmişkən, bir maraqlı detal ondan ibarətdir ki, gələn ay, martda ÜST çox güman ki, pandemiyanı ləğv edəcək. Əgər bu baş verərsə, bizdə də qərarlar ÜST-ə istinadən verilirdi. Mart ayında bu ləğv ediləcəksə, o zaman bir tək Azərbaycanda karantin rejiminin maya qədər uzadılması necə qarşılanacaq. Bu, ölkənin imicinə də mənfi təsir göstərəcək. Ona görə də düşünürəm ki, bu qərarlar yenidən gözdən keçirilməlidir. Heç olmasa, yaxın zamanlarda quru sərhədlərlə bağlı formal olan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Nazirlər Kabinetinin yeni bir qərarının olması daha doğru olar. Bununla bağlı kifayət qədər ciddi narazılıq da var, biz onu da anlamalıyıq ki, tək Gürcüstanda, Türkiyədə, Rusiyada bizim yüz minlərlə soydaşımız yaşayır. Onlarla əlaqələr çoxdan kəsilib, gediş-gəlişdə də məhdudiyyətlər var. Bu da ailə problemlərinin həllində belə müəyyən maneələr yaradır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR