Onlayn ictimai-siyasi qəzet
Çeçenistan rəhbəri Ramzan Kadırov respublikanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşündə “vəhhabilik”də şübhəli bilinən çeçenlərin qohumlarını öldürməklə hədələyib.
Musavat.com xəbər verir ki, bu haqda məlumatı Meduza yayıb.
İyunun 25-də baş tutan görüşdən video həmin gün Kadırovun Telegram kanalında yayımlanıb.
Respublika başçısının bəyanatları “Qafqaz. Reallıqlar” jurnalının diqqətini cəlb edib. Jurnalistlərin tərcüməsinə görə, Kadırov bunları deyib:
"Əgər şübhəli şeytanlarla əlaqədədirsə, onun bütün ailəsi cəzalandırılmalıdır. Bu ailə bilməlidir ki, bütün məsuliyyət onların üzərinə düşür... Və kim öz qardaşına əl qaldırırsa, başa düşməlidir ki, qan davası ilə hamını öldürəcəyik - ata, qardaş, əmi... Çeçen xalqına müraciət edirəm - övladlarınızın kim olduğunu bilin.. Vəhhabiliyin əlamətlərini hamınız bilirsiniz, görsəniz dərhal yerli polisə məlumat verin. Səni də, oğlunu da, qardaşını da sonradan öldürməkdənsə, onun qarşısını vaxtında alsaq, daha yaxşı olar”.
Öz növbəsində Çeçenistan Seqodnya dövlət agentliyi bildirib ki, Kadırov hüquq-mühafizə orqanının əməkdaşını öldürməyə cəhd edən şəxsin qohumlarını “qanun çərçivəsində tam şəkildə” cəzalandırmaqla hədələyib. Agentlik qan davasından bəhs etmir.
Videodan sonra Çeçenistan rəhbərinin Teleqram kanalında dərc olunmuş yazıda bildirilir ki, görüşdə digər məsələlərlə yanaşı, “terror cinayətlərinin qarşısının alınması üzrə işin gücləndirilməsi məsələləri” müzakirə edilib, Kadırov isə Dağıstandakı terror aktları ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərliyinə “ictimai təhlükəsizliyin təmin edilməsi və terrorizmin qarşısının alınması istiqamətində işi gücləndirmək” haqqında çağırış edib: “Xüsusilə qeyd etdim ki, hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının nümayəndələrinin həyatına hər hansı hücumun qarşısı alınacaq. Nəinki cinayəti törədənlər, hətta bu işdə onlara dolayısı ilə köməklik edənlər də qanun çərçivəsində maksimum cəza alacaqlar. Mən həmçinin hər bir çeçeni terror ideologiyasının zərərli təsirindən qorumaq üçün ən yaxın qohumlarına qarşı xüsusilə diqqətli olmağa çağırmışam”.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ