Onlayn ictimai-siyasi qəzet
“Çeçenistan Respublikası və Səudiyyə Ərəbistanı ikitərəfli əməkdaşlığın, o cümlədən turizm sahəsində əlaqələrin inkişafı üçün böyük potensiala malikdir”.
Musavat.com xəbər verir ki, bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Qafqaz İnvestisiya Forumu çərçivəsində Səudiyyənin səfiri Abdel Rəhman bin Süleyman əl-Əhməd ilə görüşdə deyib.
Kadırov Çeçenistanın ehtiyaclarını səfirə çatdırıb:
“İndi bizim əsas vəzifəmiz kifayət qədər iş yerlərinin yaradılması üçün iqtisadiyyatın real sektoruna investisiya cəlb etməkdir. Eyni zamanda, biz turizmi fəal şəkildə inkişaf etdiririk və qeyd etmək istərdim ki, Səudiyyə Ərəbistanından qonaqları görməyə şad olarıq. Regionun kurortlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğumuza inanıram”.
O, səfirin forumda iştirakının xalqlar arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə də töhfə verəcəyinə əminliyini ifadə edib:
“Bizə göstərdikləri səmimi qəbula, Kəbədə namaz qılmaq üçün yüksək şərəf və imkana, zəvvarlarımızın Həcc ziyarətində iştirakı ilə bağlı yardıma görə ölkənizin rəhbərliyinə və xalqına minnətdaram”.
Xatırladaq ki, iyunda Dağıstanda Səudiyyə Ərəbistanında əsas dini cərəyan olan vahabi təriqətinə məxsus şəxslər polisə və kilsəyə hücum etdikdən sonra Kadırov vahabiliyi qəbul edən çeçenlərin yalnız özlərinin deyil, bütün ailə və nəslinin məhv edilməli olduğunu demişdi.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ