İnsanlara hürriyət, millətlərə istiqlal!

İyirmi üç saniyədə azad ev

“İki hal mümkündür: ya biz Kainatda tənhayıq, ya da başqaları da var. Hər ikisi eyni dərəcədə vahiməlidir”

(Artur Klark)

Xalqın başı Suriya hadisələrinə qarışıb, lakin ölkəmiz daxilində də maraqlı işlər olur. Sözgəlişi, mən bugünlərdə bir detala diqqət elədim: “Suriya” sözündən “Rusiya” sözünü düzəltmək çox asandır. Eyni hərflərdir. Sur-u tərs çevirəndə rus alınır. Buyursunlar, ateistlər bu hikməti izah eləsinlər. Bəlkə də rəhmətlik Vəfa müəllim “Rusiya dağılacaq” deyəndə Suriyanın daha qabaq dağılacağına işarə vurmuşdu. 

O cümlədən, sur sözünün iki anlamı vardır. Birincisi, qala divarı deməkdir. İkincisi isə mələk İsrafilin Qiyamət günü püfləyəcəyi tütəyin adıdır. Yəqin bizim dildəki zurna sözü də bu Sur tütəyindən yaranmışdır. Güman edirəm AMEA rəhbərliyi bu elmi araşdırmalarımı diqqətlə izləyir. “Elm və həyat” qəzetində dərcinə icazə verirəm. Bizim xalqdan gizlin heç bir xəbərimiz ola bilməz. Üstəlik, bilik paylaşdıqca çoxalır. Mən özüm bu bilgiləri sizə ötürəndən sonra nə qədər ağıllandığımı şəxsən hiss eləyirəm. 

Qayıdaq maraqlı hadisələrə. İlk növbədə, 2 mühüm siyasi partiyamızın Ədliyyə Nazirliyinin müraciəti əsasında, məhkəmə üsuluyla ləğv edilməsi diqqətdən yayınmışdır. Bunlar Azad Demokratlar Partiyası və Azadlıq Partiyası idi. Hər iki partiya 6 dekabrda, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ləğv edildi. And içərəm ki, heç biriniz bu hadisədən xəbər tutmamışdır! Yazıqlar olsun bizə. Niyə belə laqeydik? Nə üçün biganəyik? Müdriklərdən biri deyib ki, ən pis şey laqeydlikdir. 

Burada haşiyə çıxaraq qeyd etməyə özümü borclu bilirəm ki, əslində hökumətimiz partiyaları məhkəmə qərarı olmadan da ləğv edərdi. Lakin qanunçuluq vacibdir. Hər bir hadisə məhkəmə qərarı əsasında olmalıdır. 

Ləğv edilən partiyalardan Azad Demokratların sədri Sülhəddin Əkbərdir. Sülhəddin bəyin rəyi olmadan NATO dünyanın heç bir yerində əməliyyata başlamır. Partiyası 2020-ci ildə Ədliyyədə qeydiyyatdan keçmişdi, lakin ötən il 5000 üzv tələbini ödəyə bilmədiyi üçün indi ləğv olundu. 

Azadlıq Partiyası isə nisbətən qədim siyasi təşkilat idi, 2005-ci ildə yaradılıb, sədri Əhməd Oruc olmuşdur. Əhməd bəy mənim köhnə dostum İsmixan müəllimin tələbəsi olub, bir dəfə İsmixan müəllimlə parkda söhbət edərkən Əhməd bəy də ora gəlmişdi və mən həyatımda ilk dəfə bir siyasi partiyanı çox yaxından görmüşdüm. Hətta bir-birimizin əlini sıxmışdıq! 

Prosesin dərinliyinə varsaq, ləğv edilən hər iki partiyanın adında “azad”, “azadlıq” sözlərinin olması önəm daşıyır. Eyni zamanda diqqət çəkir. Buradan neqativ nəticələr çıxarmaq olarmı ki, artıq Azərbaycanda azadlığa ehtiyac yoxdur? Qətiyyən. Sadəcə, biz xalq olaraq tam mənada azadlığa çatdığımız üçün bu ideologiyaların siyasi perspektivi, hakimiyyətə gəlmək iddiası qalmır. Bir növ, Qarabağ Azadlıq Təşkilatı kimi. Onu da ləğv elədilər, çünki torpaqlarımız işğaldan azad olunandan sonra, təşkilatın adı mənasını itirdi. 

İkinci maraqlı əhvalat Mənzil İnşaatı Dövlət Agentliyinin Sumqayıt və Lənkəranda 544 mənzili satışa, ipotekaya çıxartması oldu. Xəbərə görə, mənzillər internetdə satışa çıxarılandan 23 saniyə sonra ilk alış olmuşdur. 

Sürət fantastikdir. Bundan qabaq mənzilləri 31 və 35 saniyələrdə almışdılar. Rekordun təzələnməsi sevindiricidir. İnşallah, gələn dəfə 3 saniyədə satılar. 

Lakin mənim diqqətimi çəkən təkcə alış sürəti deyil. Bəzən deyirlər xalqımızın imkanı azdır. Bəs bu 23 saniyədə evləri alanlar kimdir? Lap olsun ipoteka, güzəştli, kredit və sairə. Alırlar axı. Doğrudur, elə adam var indən belə 23 il, sutkada 24 saat çalışsa da ev ala bilməz. Ancaq alanlar var. Güman edirəm onların bəzisi keçmiş azad demokratlar və azadlıqçılardır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR