İnsanlara hürriyət, millətlərə istiqlal!

IX Bakı Forumu - Qlobal çağırışlara qarşı etibarlı platforma

Deputat: “Azərbaycan bu tədbirə ev sahibliyi etməklə dünya siyasətindəki mühüm rolunu bir daha təsdiqləyir...”

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu başlayıb. Sayca 9-cu olan və iyunun 18-dək davam edəcək tədbirdə qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur.

Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edir.

IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib. Prezident bildirib ki, IX Qlobal Bakı Forumunda müzakirələr həmişəki kimi çox məhsuldar olacaq. Çünki bizim böyük auditoriyamız var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və Forumda iştirak edən qonaqlar qlobal arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirəyə töhfə verəcəklər.

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib-VİDEO,YENİLƏNİB

Azərbaycan dövlətinin başçısı bildirib ki, öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib. İlham Əliyev qeyd edib ki, yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrında keçirilən Bakı Foruundan bəri dünyanın dəyişməsi aydındır: “Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.

Eyni zamanda, mən əminəm ki, gündəlikdə duran məsələlərdən biri beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olacaq. Çünki bu məsələ labüddür, o, artıq bizə yaxınlaşır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr, həmçinin miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhranı nəticəsində baş verəcək. Enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, bu vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil.

Əlbəttə, Azərbaycanın Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər - siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər...".

Azərbaycan Prezidenti həmçinin deyib ki, biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir: “Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalçılığı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik. Ermənistan cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük. Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçməliyik. Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik. Çünki bizə addımların atılması lazımdır. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaqdır.

Biz, həmçinin sərhədimizin delimitasiyasına başlanılması ilə bağlı təklif irəli sürdük. Çünki sərhədimizin ən böyük hissəsi də işğal altında idi və orada heç vaxt delimitasiya aparılmamışdır. Buna görə də bu proses də başlanılıb və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası keçən ay sərhəddə baş tutmuşdur. Hər iki tərəfin sərhəddə görüşməsi də rəmzi xarakter daşıyırdı. Bu, həmçinin bu məsələdə irəliləyişin olacağına dair mühüm mesaj idi. Əlbəttə ki, biz bu yolun uzun olduğunu anlayırıq, lakin bu proses artıq başlayıb. Eyni zamanda, biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin, əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır...".

Bəs Qlobal Bakı Forumu kimi tədbirlərə ev sahibliyimizin mürəkkəb dünyamızdakı informasiya müharibəsində, təbliğat savaşında əhəmiyyəti, dünyada mövqeyimizin möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdıtrlmasında önəmi barədə nələri söyləmək olar?

Aydın Hüseynov: Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə  bilər - "İki sahil"

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli, birgəyaşayış normalarının qorunması, bu mühitdə qazanılmış mənəvi nailiyyətlərin daha da inkişafı, cəmiyyətlərin gələcək tərəqqisi üçün geniş imkanların yaradılması təkcə bir ölkənin bacardığı iş deyil: “Bundan ötrü dövlətlərin, cəmiyyətlərin bir araya gəlməsinə, liderlər, tanınmış elm xadimləri, alimlər, dünyanın siyasi, mədəni elitasının nümayəndələri arasında dialoqların aparılmasına ehtiyac var. Bəşəriyyət üçün bu nailiyyətləri yaradan faktlardan biri də ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yanaşdığımız qlobal forumlardır, bu forumlarda aparılan müzakirələrdir, dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir, əldə edilən razılaşmalardır, Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır.

Dünya üçün son dərəcə faydalı təşəbbüslərin yerinə yetirilməsi missiyasını öz üzərinə götürərək müxtəlif beynəlxalq tədbirlərə, humanitar forumlara, sivilizasiyalararası dialoq platformalarına uğurla ev sahibliyi edən Azərbaycan bütün dünyada sülhün qorunması, insan təhlükəsizliyi, mədəniyyətlərin təması məkanı kimi tanınıb. BMT-nin sabiq Baş katibi Pan Gi Mun Bakı Qlobal Forumuna qatılıb və çıxışında bildirib ki, Bakı Qlobal Forumu dialoq üçün çox gözəl, möhtəşəm platformaya çevrilib, beyin mərkəzlərini bir araya gətirir.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti Qlobal Bakı Forumu bu tarixi missiyanın davamıdır. Mövzudan da göründüyü kimi, indiyə qədər keçirilmiş ənənəvi forumların hər biri dövrümüzün ayrı-ayrı aktual problemlərinə həsr edilib. Aparılan diskussiyalara, əldə edilən nəticələrə əsaslanaraq bəşəriyyətin bu günü və gələcəyi naminə yerinə yetirilməsi zəruri olan vəzifələr aktuallaşdırılıb və icraya yönəldilib. Dünyanı vahid məkan, bəşəriyyəti isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir. Bu forumun məqsədləri Azərbaycan Prezidentinin tədbirin açılış mərasimindəki çıxışında da ifadə olunur".

Deputat qeyd etdi ki, artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Bu baxımdan Qlobal Forum xüsusi əhəmiyyətə malikdir: “Dünya miqyaslı ictimai-siyasi xadimlərinin iştirakı və çıxışı tədbirin əhəmiyyətini bir daha göstərir. Prezident İlham Əliyev də çıxışında bir çox mühüm və vacib məsələlərə toxundu. Bu gün dünya siyasətində Azərbaycanın özünəməxsus yeri var. Qarabağ zəfəri Azərbaycanın dünyada yerini və mövqeyini daha da gücləndirib. Qarşıda bizi mühüm vəzifələr gözləyir. Bu Forum vasitəsilə Azərbaycan dünya təhlükəsizlik sisteminə öz töhfəsini verən ölkə olaraq dünyada tanınacaq. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiqləyir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR