İnsanlara hürriyət, millətlərə istiqlal!

İvanişvili Gürcüstan üçün daha nə hazırlayır?..

 

Təxminən iki ay qalıb – bəli, oktyabrın 26-da Gürcüstanla bağlı mülahizələrə bir növ son qoyulacaq, Qafqazın bu kiçik ölkəsi ya cənab İvanişvilinin siyasi dəstəsindən qurtulacaq, ya da indiki hakimiyyət bir az da güclənərək ölkə siyasətinin sükanını Avropadan Rusiyaya  tərəf döndərəcək.

İndi isə ən müxtəlif mülahizələri və “proqnoz”ları eşidirik. Ən çox da canfəşanlıq edən Rusiyadır – Moskva az qala, politoloji mülahizələri dəqiq kəşfiyyat məlumatları kimi təqdim edir. Guya ki, ABŞ Tiflisdə növbəti rəngli inqilab hazırlayır!..

Doğrusu, biz də buna çox inanmaq istərdik: belə olsaydı, qonşu Gürcüstan avtoritar siyasi planların məngənəsindən birdəfəlik qurtulardı və Tiflisin bu vaxta qədər avro-inteqrasiya səmtində çəkdiyi əziyyətlər də hədər getməzdi.

Amma belə olacaqmı? Doğrusu, bilmirik. Hazırda ölkədə keçirilən “sosioloji sorğular” hakim partiyanın reytinqinin daha yüksək olduğunu iddia edir.

Həm də gürcü müxalifəti mövcud hakimiyyəti dəyişmək (rəngli inqilab ssenarisi isə bunu nəzərdə tutur - əlbəttə, dinc yolla!) iqtidarında olsaydı bunu “xarici agentlər” haqqında qanunun qəbulu zamanı edərdi, amma onlar bunu bacarmadılar. Biz bu sətirləri yazan zaman ölkənin Konstitusiya Məhkəməsi adı çəkilən qanunla bağlı iddiaya baxmalı idi.

Belədə isə, indiki gürcü hakimiyyəti özündən çox razı görünür: bunların “böyük siyasi planları” var.

Bu yaxınlarda gürcü baş naziri İrakliy Kobaxidze Gürcüstanda da təkpartiyalı parlamentin qurulacağını iddia etdi və hətta nümunə kimi də Moldovanı göstərdi – guya ki, Kişinyovda təkpartiyalı parlament fəaliyyət göstərir və hamı da bunu normal qəbul edir. Görün bunların nə planları var! Kobaxidze deyir ki, parlamentdə əsasən iki partiya yer alacaq: hakim “Gürcü arzusu” və müxalifətçi “Milli hərəkat” partiyaları. Bunlar “Milli hərəkat” partiyasını qeyri-qanuni, anti-konstitusion elan edib onun mandatlarını ləğv etməyi planlaşdırırlar! Bəli, İvanişvilinin siyasi dəstəsinin belə planları var.

Amma hətta bunlar da hələ hamısı deyil. “Gürcü arzusu” özlərinin Rusiya ilə heç bir planlarının olmadığını iddia edir, hətta “boz kardinal” B.İvanişvilinin Moskva heç bir əlaqəsinin olmadığını deyirlər. Amma onlar görün əməldə nə edirlər! Bu günlərdə belə məlumat səsləndi ki, “Gürcü arzusu” bir neçə əsr bundan əvvəl Rusiya ilə “Georgiy traktatı”nı imzalamış çar İrakliy 2-ci Baqrationa ikinci heykəl ucaltmaq istəyirlər. Xatırladaq ki, Gürcüstan-Rusiya münasibətlərində “müstəsna xidmət”ləri olan bu çarın şərəfinə birinci heykəl hələ sovetin dövründə qoyulmuşdu.

“Gürcü arzusu”nun bu qərarını hamı Rusiyaya bir işarə kimi qiymətləndirir, yəni demək istəyirlər ki, qapılarınızı açın biz gələk! Halbuki gürcülər bir-iki il bundan əvvəl deyirdilər ki, Rusiya Gürcüstanın keçmişi, Qərb isə gələcəyidir! İndi belə çıxır ki, bütün bunlar boş sözlər imiş...

İvanişvilinin planları bununla da bitmir. Bunlar pravoslav dininə dövlət dini statusu vermək istəyirlər.

Hətta gürcü kilsəsi də hələki buna razılıq vermir və ən başlıcası isə, belə bir zərurət görmürlər.

Hakim partiyanın bu planı da xeyli mübahisəlidir: bu, onların nəyinə lazımdır? Biz də həqiqətən çox inanmaq istəyirik ki, bu yolla kiçik gürcü xalqı bu təzadlı dünyada öz milli identikliyini qorumağa çalışır.

Üstəlik, xristian məzmunlu ilk dövlət simvolu – dövlət bayrağı hələ M.Saakaşvilinin vaxtında bərpa olunmuşdu. Hətta bunu da unutmuruq. Amma Gürcüstan dünyəvi dövlət deyilmi? Bizə elə gəlir ki, bu sual hələ də açıq qalır, hərçənd ki, Gürcüstanın bu vaxta qədər can atdığı Avropa İttifaqı da öz yubileyini Vatikanda, Roma papasının qəbulunda qeyd etmişdi!

Deməli, əslində buradakı ziddiyyət elə də dərin deyil. Amma bəs Avropanın ən böyük demokratik dəyərlərindən biri – tolerantlıq harada qaldı?..

Qərəz, İvanişvili və dəstəsi hakimiyyətdə qalsa, hələ çox hoqqalar olacaq. Ona görə də oktyabrda gürcülər sübut eləməlidirlər ki, onlar həqiqətən də avropalı xalqdırlar. Amma edə biləcəklərmi? Çox təəssüf, bununla bağlı böyük şübhələr var. Deyəsən, Rusiya yenidən Gürcüstanı şirnikləndirməyi bacarıbdı. Bu günlərdə Moskva işarə verdi ki, Kreml Tiflislə Abxaziya və Cənubi Osetiya arasındakı danışıqlarda vasitəçilik etməyə hazırdır! Görünür, Gürcüstanda buna inananlar az deyil. Amma realdırmı bu? Təəssüf ki, bilmirik.

Ola bilsin ki, Tiflis də özünün Avropa ilə bağlı planlarından tamam imtina etsə Moskvanın ürəyi bir az yumşalar.

Amma görən, Kreml Tiflisə Abxaziyadan və yaxud da ki, Cənubi Osetiyadan başqa (özü də tamam-kamal formal olaraq, çünki Moskva bu “rıçaq”larından heç vaxt tam əl çəkməz!) nə “təklif” edə bilər? Axı çörək də lazımdır qonşu gürcülərə! Üstəlik, əsl azadlıq da pis bir şey deyildir. Həm də doğrudanmı, gürcülər hesab edir ki, Avropadan imtina edib tam Rusiyaya üz tutandan sonra onlar yenə də Avropanı sağdan-sola, soldan-sağa gəzə biləcəklər?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR