Onlayn ictimai-siyasi qəzet
Torpaq Məcəlləsinə dəyişiklik təklif olunur; Mürvət Həsənli: “Təəssüf ki, təklif olunan layihə bizim problemimizi aradan qaldırmır”
Azərbaycanda Torpaq Məcəlləsinə dəyişiklik ediləcək. Milli Məclisə daxil olan layihədə qeyd olunur ki, ölkədə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının (quraşdırılmasının) tənzimlənməsi nəzərdə tutulur.
Bildirilir ki, sənəd ölkə prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 15 iyul 2021-ci il tarixli fərmanı çərçivəsində hazırlanıb.
Təklif edilən dəyişikliyə əsasən torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər. Həmçinin onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcək. Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində (kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatının dəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəsinin səmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizmin yaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatın aparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olan torpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsi yüksəldiləcək.
Layihədə qeyd olunur ki, hazırda kənd təsərrüfatı yerlərindən birindən digərinə dəyişiklik etmək mürəkkəb bir mexanizmə tabe olduğundan mülkiyyətçilərin təsərrüfat fəaliyyətində tətbiqi çətinllik yaradır. Təklif olunan tənzimləmə torpaq istifadəçiləri üçün bu mexanizmi daha dəqiq tənzimləyir, torpaq balansının dürüst məlumatlara sahib olmasını təmin etmək üçün isə bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi şərtini müəyyən edir.
Bundan başqa, Torpaq Məcəlləsinin 13-cü maddəsində ümumi şəkildə müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Bu isə torpaqdan istifadəyə nəzarət çərçivəsində, o cümlədən istehsal və emal təyinatlı tikililərin aparılması, müvəqqəti tikililərin həyata keçirilməsi baxımından çətinliklər yaradır. Belə ki, tikintilərin aparılmasının qayda və şərtləri baxımından tənzimləmə mexanizmi olmadığından bu normanın icrasında problemlər yaranırdı.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin aparılması ehtiyaclardan irəli gəlir və bu, kənd təsərrüfatının inkişafı baxımından vacibdir. Bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqlarda məlumatlandırma icraatı çərçivəsində müvəqqəti tikililərin inşa edilməsi həyata keçirilə biləcək. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması məcəllənin 13-1-ci maddəsinə uyğun təmin ediləcək.
Bununla da kənd təsərrüfatı təyinatlı torpaqlarda məqsədli təyinat dəyişdirilmədən əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması həyata keçirilə biləcək və bu proses Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tənzimlənəcək.
Kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi əhəmiyyətini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolunu nəzərə alaraq əsaslı tikintilərin aparılmasının müvafiq tələb və mexanizmi yaradılır. Belə ki, bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Tikililərin inşa edilməsi və quraşdırılması torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçinin və ya icarəçinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı qeyd olunan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir. Belə ki, suvarma infrastrukturu daha kiçik sahələrdə də quraşdırıla bilər.
Layihədə vurğulanır ki, bütövlükdə qanun layihəsi kənd təsərrüfatı istehsalçılarının və emalçılarının müvafiq maliyyə resurslarına asan çıxışının təmin edilməsinə, infrastrukturun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsinə, kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməsinə, kənd təsərrüfatının davamlı inkişafına, dövlət xidmətlərinin optimallaşdırılmasına və səmərəli idarəetmə sisteminin qurulmasına, aqrar sahədə keyfiyyət dəyişikliyinə və emal sənayesinin inkişafına, kənd yerlərində əhalinin məşğulluq imkanlarının artırılmasına şərait yaradacaq.
Hesablanan tikintinin yol verilən hədləri və nəzərdə tutulmuş məhdudiyyət (tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsinin yenidən tikinti əmsalına cəlb edilməsinə yol verilməyəcək, bu qadağa həmin hissənin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallara da şamil ediləcək) yalnız inşa edilmiş əsaslı tikilinin mövcud olduğu dövrdə tətbiq olunacaq.
Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində layihələndirilən tikinti obyektinin tikinti layihəsində həmin obyektin inşası üçün müəyyən olunan faiz nisbəti nəzərə alınmaqla torpaq sahəsinin tələb olunan hissəsinin sərhədləri ayrıca göstəriləcək. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tikinti əmsalına cəlb edilməsi və tikinti əmsalı tətbiq edilən torpaq sahəsi barədə məlumatlar daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında saxlanılan məlumatlara əlavə edilməsi üçün tikintiyə və istismara icazə verən orqan (qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə ötürüləcək.
İnşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilməyəcək.
Mürvət Həsənli
Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı istehsalı ilə məşğul olan əsas sahələrdən biri - quşçuluq sektorunda yeni istehsal binalarının tikintisi ilə bağlı ciddi problemlər mövcuddur. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu problemlə bağlı hökumətə müraciət etmişdi. Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin dediyinə görə, Torpaq Məcəlləsinə təklif olunan dəyişikliklər quşçuluq müəssisələrinin problemini həll etmir: “Sovet dövründən tikilən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki ölkəmizdə olan torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır və iki kateqoriyaya aiddir: əkin və örüş.
Əkin torpaqlarında əkinçilik, örüşdə isə mal-qaranın otarılması nəzərdə tutulur. Lakin real vəziyyət belədir ki, “kənd təsərrüfatı təyinatlı” adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Buna ilk növbədə qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri imkan vermir. Yerli icra hakimiyyəti orqanlarına təsərrüfatın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyəti olan tikintilərin aparılması ilə bağlı müraciətlərimiz qulaqardına vurulur. Bir çox hallarda isə onlar əvvəlcədən tikinti üçün alınan icazələr əsasında işlərin həyata keçirilməsinə imkan vermirlər. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurmaqdadır. Həmin planların həyata keçirilməməsi Azərbaycanda toyuq ətinə artan tələbatın qarşılanmasında ciddi problemlərə və qiymət artımlarına yol aça bilər. Çünki quşçuluq təsərrüfatlarında bioloji fasilə təmin edilə bilmir. Dünya təcrübəsində bir nəsil toyuq yetişdirilən binalar 6 aylıq müddətə boş qalır, dezinfeksiya olunur, havalandırılır, təmizlənir. Həmin müddətdə toyuqlar digər binalarda yetişdirilir. Bu fasilə quşlar arasında xəstəliklərin yayılmasının qarşısını alır, məhsuldarlığı yüksəldir. Bizdə yer qıtlığı üzündən belə fasiləni təmin edə bilmirik. Nəticədə cücələr böyüyənə qədər dünya ortalamasından xeyli artıq itki ilə üzləşirik".
M.Həsənli qeyd edir ki, onlar hökumətə müraciət edərək, yeni tikililərin inşasının qısa müddətdə təmin olunması üçün quş əti istehsalçılarına kömək olunmasını xahiş ediblər: “Təəssüf ki, Torpaq Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində nəzərdə tutulan müddəalar bizim problemimizi həll etmir. Belə ki, təklif olunan layihədə tikintilərin aparılması üçün minimum 5 hektarlıq sahədə, həmin sahənin 1 faizindən çox olmadan aparılmasına icazə verilir. Bizim quşçuluq təsərrüfatlarının ən çox 4 hektar sahəsi var. Hətta 5 hektarlıq məhdudiyyət olmasa belə, 1 faizlik məhdudiyyət imkan vermir ki, quşçuluğun inkişafı üçün zəruri olan ölçüdə müasir binalar tikə bilək”.
Dünya SAKİT,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ