Onlayn ictimai-siyasi qəzet
İtaliyanın baş naziri Corca Meloni Rusiyanın Ukraynaya hücumunun üçüncü ildönümünə həsr olunmuş G7 toplantısında iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə The Financial Times nəşri məlumat yayıb.
Rəsmi izahata görə, Meloni təqvimdəki sıx iş qrafiki səbəbindən fevralın 26-da keçiriləcək toplantıya qatıla bilməyəcək. Lakin analitiklər onun bu qərarının ABŞ prezidenti Donald Trampın mümkün narazılığından yayınmaq istəyi ilə əlaqəli ola biləcəyini düşünür.
Məqalədə vurğulanır ki, Meloninin bu məsələdə konkret mövqe tutmaqdan çəkinməsi onun indiyədək Ukrayna prezidenti Volodimir Zelenskiyə verdiyi açıq dəstəklə ziddiyyət təşkil edir. İtaliya lideri indiyə qədər Ukraynaya hərbi və diplomatik yardımın əsas müdafiəçilərindən biri kimi çıxış edib.
Xatırladaq ki, Tramp dəfələrlə Ukraynaya yardımı məhdudlaşdıracağını və Avropanın bu məsuliyyəti daha çox öz üzərinə götürməli olduğunu bildirib. ABŞ-dakı hakimiyyət dəyişikliyi fonunda Avropa liderlərinin Ukrayna məsələsində daha ehtiyatlı siyasət aparmağa çalışdığı müşahidə edilir.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ