Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Beynəlxalq təcrübəyə əsasən yeni yoxlama mexanizmi tətbiq olunmalıdır”
Rayonlara dincəlməyə gedən vətəndaşların istirahət və əyləncə mərkəzlərində xəsarətlər alması ilə bağlı vaxtaşırı məlumatlara rast gəlirik. Ötənlərdə dəhşətli faciələr olması, attraksionların qırılması, hovuzda elektrik cərəyanı vurması, su nasosunun azyaşlını şikəst etməsi və digər hadisələr baş verib.
Son olaraq Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb. APA-nın məlumatına görə, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.
Bakı sakini 2010-cu il təvəllüdlü H.B. ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.
İstirahət və əyləncə mərkəzlərində təhlükəsizliklə bağlı ciddi problemlər var. Özümüz də müxtəlif bölgələrdə olarkən bunun şahidi oluruq. Yelləncəklər, mənzərələrə tamaşa etmək üçün qurulan körpülər, kanatlarda təhlükəsizlik tədbirləri standartlardan kənardır. Bəzən kotteclərdə elektrik naqillərinin üstüaçıq olması ilə də rastlaşırıq.
İstirahət və əyləncə mərkəzlərində təhlükəsizlik məsələsinə dair tələblər sərtləşməlidir və buna nəzarət edilməlidir. Bəs bunu kim etməlidir? Həmçinin normal təhlükəsizlik yaradılmaması səbəbindən vətəndaş xəsarət alarsa, ölərsə, bunun məsuliyyəti kimindir?
Orxan Musayev
Təhlükəsizlik eksperti Orxan Musayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, istirahət və əyləncə mərkəzlərində təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət mərkəz rəhbərlərinin üzərinə düşür: “Belə ki, mərkəz rəhbərləri tərəfindən əyləncə və istirahət mərkəzlərində istifadə olunan attraksionlar və avadanlıqların texniki sazlığına, mütəmadi olaraq dövri texniki müayinələrdən keçməsinə nəzarət olunmalı, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmalı, eləcə də gigiyena və sanitariya tələblərinə əməl edilməlidir. Mərkəz rəhbərləri tərəfindən istirahət və əyləncə mərkəzlərində olan attraksionların təhlükəsiz istismarına cavabdeh şəxs təyin olunmalıdır. Hər istifadədən öncə və sonra attraksionlar təyin olunmuş xüsusi cavabdeh şəxs tərəfindən yoxlanılmalı və yoxlama nəticələri barədə qeydiyyat jurnallarında qeydiyyat aparılmalıdır. Attraksionların istifadəyə verilməsi üçün onların pasportu olmalı, texniki baxışdan keçirilməli, dövlət reyestrində qeydiyyata alınmalı və istismarına Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən icazə verilməlidir. Attraksionlarda hər hansı bir təhlükəsiz hal varsa, dərhal onların fəaliyyəti dayandırılmalıdır. Attraksionların idarə olunması xüsusi təlimdən keçmiş operatorlar tərəfindən aparılmalıdır. Onların üzərində təhlükəsizlik və xəbərdaredici nişanlar, lövhələr quraşdırılmalıdır. İnsanlar attraksionlardan istifadə etməmişdən əvvəl operatorlar tərəfindən təlimat keçirilməlidir. Yəni təhlükə barədə məlumat verilməlidir.
Əyləncə və istirahət mərkəzlərində insanların hündürlükdən yıxılma təhlükəsi olan mövcud yerlər çəpərlənməlidir. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının tələblərinə görə 1.8 və daha çox hündürlük mövcuddursa, həmi yerlər 1.1 metr hündürlükdə çəpərlənməlidir".
Bununla belə, ekspert hesab edir ki, burada valideynlərin də üzərinə xüsusi məsuliyyət düşür: “Azyaşlıları daim nəzarət altında saxlamaq lazımdır. İstirahət mərkəzində təhlükəsizlik qaydaları sahibkar tərəfindən pozulduqda, insan ölümü olarsa, təbii ki bununla bağlı məsuliyyət həmin sahibkarın üzərinə düşür. Müəssisələrdə elektrik qurğularının istismarı zamanı izolyasiyası zədələnmiş, yaxud qoruyucu xassələrini itirmiş naqillərdən, məftillərdən, mağazalarda isə yemək bişirilməsi üçün məişət elektrik qızdırıcı cihazlarından istifadə etmək qəti qadağandır. Bir çox hallarda kustar üsulla hazırlanmış elektrik cihazlarından və kustar üsulla hazırlanmış attraksion və avadanlıqlardan istifadə olunur. Bu formada onların istifadə olunması qadağandır.
İstirahət və əyləncə mərkəzlərində təhlükəsizlik məsələlərinə dair yoxlamalar daha da sərtləşdirilməlidir və beynəlxalq təcrübə öyrənilməlidir. Beynəlxalq təcrübəyə əsasən yeni yoxlama mexanizmi tətbiq olunmalıdır.
Ticarət və əyləncə mərkəzlərində yanğın təhlükəsizliyi ilə bağlı müvafiq tədbirləri görülməlidir. Yanğın və elektrik təhlükəsizliyinə cavabdeh şəxslər olmalıdır. Normaya uyğun sayda yanğınsöndürücü balonlar təyin olunmalı və onların sazlığına mütəmadi nəzarət olunmalıdır. Ticarət və əyləncə mərkəzlərində su hovuzları daim nəzarətdə olmalıdır. Hər hansı fövqəladə hal baş verərsə, təxliyə planları işlənib hazırlanmalı, hər kəsin görə biləcəyi aydın yerlərdən asılmalıdır. Təxliyə yolları daim maneəsiz və açıq olmalıdır. Ticarət və əyləncə mərkəzlərində fövqəladə hal baş verərsə, mərkəz rəhbərləri və könüllü yanğınsöndürmə dəstələri tərəfindən birinci növbədə orada olan insanların təhlükəsiz şəkildə təxliyə olunması istiqamətində işlər aparılmalıdır".
Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ- Mədən Nəzarəti Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib ki, parklarda və əyləncə mərkəzlərində olan istismar müddəti bitmiş attraksionlar təkrar yoxlamalardan keçməsi sahibkarlar tərəfindən mütləq aparılmalıdır. O bildirib ki, müfəttişlik tərəfindən parklarda və əyləncə mərkəzlərində attraksionlarla bağlı yoxlamalar aparılır: “Parklarda olan attraksionların bir çoxunun istismar müddəti bitir. Bu o demək deyil ki, həmin attraksion sökülür. Müəyyən yoxlamalar və müayinələr aparılır. Onun növbəti müddət üçün yararlı olub-olmadığı müəyyən edilir .Yoxlamaların nəticəsindən asılı olaraq attraksionların fəaliyyətinə icazə verilir. Təhlükəsizliklə bağlı sertifikatlar alınandan sonra həmin attraksionların fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir. Yoxlama zamanı attraksionla bağlı təhlükəli hal varsa, dərhal onun fəaliyyəti dayandırılır”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ