Onlayn ictimai-siyasi qəzet
Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti necədir və hara doğru gedir? Samvel Karapetyanın həbsi Paşinyan hakimiyyəti ilə Rusiyanın münasibətlərinə necə təsir edəcək? Musavat.com xəbər verir ki, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan yekramas.org saytına müsahibəsində bu suallar ətrafında danışıb.
Politoloq deyib ki, Ermənistan-Rusiya münasibətlərindəki böhran yeni deyil: “Uzun müddətdir, ən azı illərdir mövcuddur. Hazırda baş verənləri Ermənistanın daxili siyasəti diktə edir. Daxili siyasətdə isə xarici siyasətə təsir edən amillər olur, bəziləri, deyək ki, Rusiya əleyhinə ola bilər. Bütün bunlar var və davam edir, bu yenilik deyil. İndi baş verənlərə gəlincə - bu, şübhəsiz ki, mənim fikrimcə, seçkiqabağı vəziyyətlə əlaqəli daxili siyasi fəallığın artmasıdır. Seçkilərə hələ bir il var, amma siyasi fəallıq artıq başlayıb. Bizim gördüyümüz faktiki olaraq seçki kampaniyasıdır. Bəzi anti-Rusiya diskursları isə Ermənistanın daxili siyasətində qaçılmazdır. Bu da öz növbəsində Rusiyada problemlər yaratmaya bilməz. Amma Ermənistan-Rusiya münasibətlərində kəskin dönüş olacağı, pisləşəcəyi mənə çətin görünür. Moskvada, məncə, hər şey hamıya kifayət qədər aydındır. İrəvandan gələn siqnallar isə hələ də vəziyyətin az-çox stabil qalması üçün müəyyən imkanlar yaradır”.
“Ermənistanda spiker səviyyəsində Rusiyaya qarşı ittihamlar səslənir-hibrid müharibəsi aparmaq, daxili işlərə qarışmaq və s. Bəs, bu bəyanatlara Rusiyadan adekvat reaksiyası ola bilərmi” sualına İsgəndəryan belə cavab verib: “Birincisi, bəziləri üçün nə qədər kədərli olsa da, Ermənistan Rusiyanın xarici siyasətində nəhəng yer tutmur. Ermənistan Çin deyil, Avropa deyil, hətta Qazaxıstan da deyil ki, ən yüksək səviyyədə çox ciddi qərarlar qəbul etsin. Ümumiyyətlə, Ermənistanla münasibətlər Rusiya üçün önəmli olsa da, Ermənistan daxildən göründüyü qədər önəmli ölkə deyil.
İkincisi, təkrar edirəm: Kremldə hamı çox yaxşı başa düşür ki, Ermənistanın daxilində baş verən bir çox şeylər xarici dünyaya deyil, daxilə yönəlib. Elə bu günlərdə Samvel Karapetyanın həbsi ətrafında çox danışılır. Mənə elə gəlir ki, onun Rusiya vətəndaşı və əsas aktivləri Rusiyada olan iş adamı olması ikinci dərəcəlidir. Əhəmiyyətli olan onun Ermənistan daxilində hansı təhlükə yaratmasıdır. Ona görə də, nə qədər ki, Ermənistan formal olaraq KTMT-nin, MDB-nin, Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvüdür, Rusiyanın anti-Ermənistan kəskin addımlar atacağını düşünmürəm. Mən politologiya sahəsində alim, politoloqam. Mən təkcə sözə deyil, siyasətin necə inkişaf etdiyinə diqqət edirəm. Söhbət qanunlardan və ya tək həbsdən getmir. Türkiyənin timsalında söhbət vurulan təyyarədən, Suriyada birbaşa toqquşmalardan, sonra öldürülən şəxsdən və s. ola bilər. Amma yenə də Rusiyanın bəzi şərtləri var ki, onu Türkiyə ilə bəzi sahələrdə əməkdaşlığı davam etdirməyə məcbur edir. Ona görə də mənə elə gəlir ki, Ermənistan ilə münasibətlərin formatını kəskin şəkildə dəyişmək üçün heç bir əsas yoxdur”.
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ