Onlayn ictimai-siyasi qəzet
Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi və Tek Hedefim Təhsil birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Biz birlikdə Güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zengezur sənətkarlığı” sərgisi keçirilib.
Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəti ilə həyata keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə yerli azərbaycanlılar, ictimaiyət nümayəndələri, yerli Bələdiyyə rəhbərliyi, elm, mədəniyyət işçiləri, jurnalistlər iştirak ediblər.
İlk öncə Türkiyənin İstiqlal Marşı və Azərbaycanın dövlət himni səsləndirilib.
Giriş sözü ilə ilə çıxış edən İstanbuldakı Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Cabbarova layihə haqqında danışaraq, Qərbi Azərbaycanda, Zəngəzurda xalqımızın yaratdığı böyük mirasa dair fikirlərini bölüşüb.
Azərbaycanın İstanbuldakı konsulu Zaur ALLAHVERDİZADE, Marmara vakfının rəhbəri Akkan Suver itirilmiş dəyərlərimiz, Zəngəzurun tarixi və Qərbi Azərbaycan reallıqları haqqında fikirlərini bölüşərək Zəngəzura qayıdışdan danışıblar.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycanda - Zəngəzurda min illər boyu yaratdığı böyük mədəniyyət, sənət, mədəni miras haqqında danışaraq, tarixin müxtəlif dövrlərində yurt yerlərimizə ermənilərin köçürülməsi, azərbaycanlıların isə öz ata-baba yertlərindən deportasiyasının tarixi ədalətsizlik olduğunu qeyd edib. O, Prezident İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bütün Azərbaycanlılara məxsus tarixi, dini abidələri məhv etməsinə, yer adlarının dəyişdirilməsinə baxmayaraq, bu Vətən torpaqlarımızdan Azərbaycan irsini silə bilmədiklərini vurğulayıb. Samir Abbasov “Zəngəzur sənətkarlığı” layihəsi haqqında danışaraq, Sərdari ailəsinin əl sənəti ilə yaratdığı Qərbi Azərbaycana dair mədəni irs nümunələri haqqında məlumat verib, gələcəkdə də bu cür layihələrə dəstək göstəriləcəyini qeyd edib.
Sərgidə Tek hedefim Təhsil Birliyinin rehberi Cem Yıldırım və b. çıxışçılar Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi ilə birlikdə layihələrini vurğulayaraq, bu cür işlərin Türk dünyasında əhəmiyyətli olduğunu açıqlayıblar.
Daha sonra Azərbaycanın paytaxtı Bakıdan Zəngəzur sənətkarlığının (əl sənəti) sərgisini gətirən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvləri İsgəndər SƏRDARLI, Lalə SƏRDARLI, Toğrul SƏRDƏRLI çıxış edərək layihə haqqında məlumat veriblər. Onlar xalqımıza məxsus yaratdıqları bu əl sənətinə dair nümunələrin maraqla qarşılandığını və keçirilən yüksək səviyyəli tədnirə görə Türkiyədəki qurumlarımıza öz təşəkkürlərini bildiriblər.
Daha sonra layihə çərçivəsində bu mövzuda hazırlanmış sənədli film nümayiş etdirilib.
Proqramın bədii hissəsi gəminin ikinci mərtəbəsində davam edib. Tədbirdə Azərbaycan musiqiləri və milli rəqslərimiz təqdim olunub. Serdarlı ailəsinə hər iki birlik tərəfindən mükafatlar təqdim olunub. İstanbulda Azərbaycan musiqiçiləri, vokalçı Vüsalə Ələkbərova, fortepianoda Fidan İsmayılova milli musiqilərimizi ifa ediblər.
Qonaqlar üçün hazırlanmış milli təamlar, o cümlədən Azərbaycanın milli şirniyyatları, şəkərbura, paxlava, İrəvan kətəsi qonaqlara təqdim olunub.
Tədbir böyük maraqla qarşılanıb, iki saatlıq dəniz gəzintisi ilə başa çatıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin təşəbbüsü ilə reallaşdırılıb.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ