İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul görüşü atəşkəsə səbəb olacaqmı - təhlil

İstanbulda Rusiya-Ukrayna nümayəndə heyəti arasında martın 29-da keçirilən görüşdən saatlar sonra Rusiya Kiyevə, Xarkova və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib. Şəhərlərdə silsilə partlayışlar eşidilib və yanğınlar başlayıb.

Ekspertlər bunu Rusiyanın sülh çağırışlarına cavabı kimi də təqdim edir.

Görüşdən sonra ABŞ prezidenti başda olmaqla, bir sıra ünvanlardan müxtəlif reaksiyalar gəlmişdi. Co Bayden görüşün nəticələrini dəyərləndirərək deyib ki, ABŞ Rusiyaya qarşı siyasətini dəyişmək üçün heç bir səbəb görmür. Bayden Rusiyanın sülh təşəbbüslərinə sadiqliyini yoxlamaq istədiyini açıqlayıb. “Onların təklif etdiklərini yerinə yetirib-yetirməyəcəyini görəcəyik. O vaxta qədər biz sərt sanksiyaları saxlamağa və Ukrayna ordusunu müdafiə vasitələri ilə təmin etməyə davam edəcəyik”, - Bayden deyib.

Zelenskinin ofisi də görüşlə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, İstanbul görüşü (Ukrayna tərəfinin təklif etdiyi - red.) və Rusiya Federasiyasının nəzərə aldığı bir sıra mühüm müqavilə mövqelərini müəyyən etməyə imkan verdi.

“Təhlükəsizlik zəmanətləri haqqında müqavilə əslində nəzəri deyil, praktiki olaraq ərazimizi və suverenliyimizi qorumaq üçün effektiv alət əldə etməyi nəzərdə tutur... Həmçinin, bu müqavilə qlobal təhlükəsizliyin indiki şəraitdə effektivliyini göstərməyən köhnə modelini yenidən nəzərdən keçirməyə və daha effektiv modellərə keçməyə imkan verir. Bundan əlavə, Ukrayna vahid Avropa bazarına tamhüquqlu üzv kimi giriş zəmanəti alır. Bu, həm iqtisadiyyatın modernləşdirilməsi üzrə irimiqyaslı proqramların maliyyələşdirilməsi, həm də Aİ-yə daxil olmaq üçün ifrat bürokratik prosedurlardan imtina baxımından çox vacibdir”, - deyə bəyanatda bildirilib.

Zelenskinin ofisində Krımla bağlı irəli sürülən təklifin inqilabi nailiyyət olduğunu vurğulayıblar: “Çünki bu, ən azı Krım mövzusunun danışıqların gündəliyinə qaytarılması deməkdir. Əvvəllər Rusiya tərəfi bundan qəti şəkildə imtina edirdi. Üstəlik, bu, Krım mövzusunun indiki hüquqi şərhlərini (interpretasiyasını) qoruyub saxlamağa imkan verir, çünki Krım bizim üçün təbii ki, Ukraynanın bir hissəsidir. Krım məsələsində qarşılıqlı hərbi eskalasiyadan imtina etmək müharibənin ümumi dayandırılmasının açarıdır”.

Göründüyü kimi, İstanbul görüşündə bir sıra önəmli qərarlar alınıb. Əslində Baydenin bəyanatından belə çıxır ki, Rusiya tezliklə Ukrayna siyasətinə dəyişiklik edərsə, sanksiyaları dayandıra bilərlər. Masada Krımın da müzakirəyə çıxarılması ciddi mətləblərdən xəbər verir. Bəs Rusiya niyə İstanbul görüşündən bir neçə saat sonra Ukraynanın əsas şəhərlərini bombaladı, sülhə “yox” dedi?  Bu görüşdə Putini qəzəbləndirən nə olub?

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

Əhəd Məmmədli: “Bu, Türkiyənin ciddi uğuru idi”

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədlinin fikrincə, İstanbul görüşü Türkiyənin ciddi uğuru idi: “Rusiya və Ukrayna tərəfinin Putin və Zelenskinin razılığı ilə İstanbula nümayəndə heyəti göndərmələri, ilk dəfə olaraq, iki ölkə arasında hansısa maddələr üzrə razılıq əldə etmələri qardaş ölkənin vasitəçi kimi diplomatik arenada uğuru idi. O ki qaldı razılaşmalara, burada hər kəs öz kontekstindən çıxış edir. Bunu da uğur hesab edir. Ümumiyyətlə, bütün bunları Ukrayna acısından uğur kimi dəyərləndirmək olar. Çünki həmin razılaşmalardan sonra xəbərlər getdi ki, Rusiya Kiyev və digər ərazilərdən qüvvələrini geri çəkməyə başlayıb. Amma ümumi baxanda Donbas məsələsinə tərəflər öz prizmasından yanaşmağa başladı. Bu məsələnin sonradan Rusiya və Ukrayna prezidentləri səviyyəsində müzakirə olunacağı bildirildi. Krıma gəldikdə isə Ukrayna azından o əraziyə hərbi müdaxilədən imtina etdi. Bunu müəyyən mənada Rusiyanın uğuru kimi qəbul edə bilərik. Amma burada bir sual da var. Bu razılaşmaya Ukrayna xalqı razı olacaqmı? Bu məsələdən de-yure deyil, de-fakto rəsmi Kiyev imtina etsə - bu sənəddə azından işartılar görürük - Ukrayna siyasi dairələri bunu qəbul edəcəkmi, bu artıq ciddi suallar doğurur. Amerikanın ”Rusiyaya qarşı sanksiyaları azaltmayacağıq" kimi mövqeyi onu göstərir ki, bu ölkə barışdırıcı mövqedən çıxış etmək fikrində deyil. Rusiya hansısa razılaşmaya imza atsa belə, bu heç nəyi dəyişməyəcək. Cəhdlər oldu ki, Amerika başda olmaqla bəzi ölkələr bu razılaşmanı pozsunlar. Amma bütün bunlardan sonra o xəbərlər də getdi ki, ruslar Ukraynaın bir sıra ərazilərinə, o cümlədən Kiyevə, Xarkova raket zərbələri endiriblər. Görünür, Amerika da Rusiya və Ukrayna arasında bir atəşkəsin əldə olunmasını istəmir, danışıqların davamlı olmasına qarşıdır. Rusiya isə Amerikadan istədikləri mesajı almadığı üçün hərbi ritorikadan istifadə etdi. Təəssüf ki, belədir. Rusiya və Ukrayna arasındakı sülh hər iki tərəfin maraqlarına cavab verir, həmçinin, Türkiyə və Avropa ölkələrinə. Amma regionun o tərəfindəki ABŞ bununla razı deyil. Ona görə də proseslərin gərginləşməyə doğru getməsinə çalışır".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Putin hələ qərar verməyib”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Putinin növbəti planının hələ məlum olmadığını qeyd etdi: “İstanbul görüşünün keçirilməsinə, müəyyən məsələlərdə ortaq məxrəcə gəlinməsinə baxmayaraq, Rusiya ilə Ukrayna arasında hələ də müharibə davam edir. Bu da əslində ziddiyyətlidir. Çünki həm danışıqlar gedir, həm müəyyən razılaşmalar var, həm də müharibə davam edir. Bu o deməkdir ki, bəzi məsələlər bitməyib və bitməsi də gözlənilmir. Doğrudur, artıq rus generalları açıqlamalar veriblər ki, Kiyevə hücum dayandırılıb. Bu o demək deyil ki, danışıqlarda güzəştə gedirlər, sadəcə, resursları tükənir və görürlər ki, Kiyevi işğal edə bilməyəcəklər. Amma bununla müharibənin dayanacağını da söyləmək olmaz. Donbas ətrafında döyüşlər davam edəcək. Çünki Rusiya tamamilə Donbası işğal etmək istəyir. Kreml quru yoldan imtina edən deyil. Bu bir növ Ermənistanla olan münaqişəyə bənzəyəcək. Ola bilsin ki, müharibə dayansın, atəşkəs əldə olunsun. Amma uzun illər danışıqlar aparılacaq, nəticəsiz danışıqları izləyəcəyik. Düzdür, Krım məsələsinin sonraya saxlanılacağı deyilib. Çünki bu, daha mürəkkəb məsələdir. Amma son müharibə günlərində rus ordusu işğal dairəsini böyüdüb. Rus ordusu geri çəkiləcəkmi, bu baş verərsə, Ukrayna tərəfindən tələbləri nə olacaq? Müəyyən tələblərlə bağlı fikir mübadiləsi aparılır. Amma bir görüşlə bu müharibəni dayandırmaq çətin olacaq. Putin hələ qərar verməyib. Onun Ukrayna ilə bağlı qərarı heç kəsə tam məlum deyil. O, əvvəlcə Ukraynanı parçalamaq, dağıtmaq istəyirdi, lakin buna nail ola bilmədi. Növbəti planı haqda, görünür, Putinin qərarı yoxdur ki, danışıqlarda da ciddi nəticə əldə etmək mümkün olmur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR