Onlayn ictimai-siyasi qəzet
İsrail-Fələstin münaqişəsinin tarixi kökləri və bu düşmənçiliyin səbəbləri bəlli olsa da, oktyabrın 7-də qəfil başlayan müharibənin sirləri hələ də gizli qalır. Münaqişənin alovlanmasında İranın, Rusiyanın, hətta Amerikanın maraqları haqda çox danışılır. İsrail kəşfiyyatının korluğu öz yerində... Amma daha çox diqqət çəkən İsrailin ən böyük ərəb ölkəsi olan Səudiyyə Ərəbistanı ilə yaxınlaşmasını rəsmiləşdirmək ərəfisində bu bombanın fitilinin çəkilməsidir.
İran və onun Yaxın Şərqdə dəstəklədiyi silahlı təşkilatlar (HƏMAS və Hizbullah) bu barışa qarşı idilər. Onlar bu barışığı ona görə istəmirdilər ki, İsrail və Səudiyyə Ərəbistanı arasında nəzərdə tutulan razılaşma, şübhəsiz ki, İordan çayının qərb sahilindəki mötədil Fələstin Muxtariyyətinin xeyrinə olacaqdı. Səudiyyə Ərəbistanından irimiqyaslı vəsaitlərin axını, həmçinin İsrail İordan çayının qərb sahilində yəhudilərin məskunlaşmasına məhdudiyyətlər və dinc yanaşı yaşamanı təmin etmək üçün üzərinə ciddi məsuliyyət də götürmüşdü. Bunlar baş versəydi, İordan çayının qərb sahilinə HƏMAS-ın nüfuz etməsi çətinləşəcəkdi. Yaxın Şərqin fitilini həm də bu tarixi razılaşmanı pozmaq üçün çəkdilər, həm də elə bir qan tökdülər ki, İsrail bunun acısını illərlə çəkəcək.
İsrailin bir dövlət olaraq öz vətəndaşlarına qarşı həssaslığı bəllidir. Məsələn, əvvəlki baş nazirlik dövründə- 2011-ci ildə Benyamin Netanyahu bir İsrail əsgərini Qəzzadan geri qaytarılması müqabilində... 280-i ömürlük həbsə məhkum edilmiş ümumilikdə isə 1027 fələstinli məhbusu təhvil verdiyi buna sübutdur. İndi isə HƏMAS-ın əlində yüzlərlə girovun olduğu deyilir, amma İsrail gözüdönmüş kimi heç bir danışıqlar olmayacağını deyir, Qəzzanı bombalamaqda davam edir. Bu, həm də bombardman deyil, dünyanın balaca ərazisində ən çox insan yaşayan bölgəsini deyəsən, düzləmək əməliyyatıdır. Belə görünür ki, hava zərbələrindən sonra vəd edildiyi kimi, İsrail ordusu bölgəyə girsə, ümumiyyətlə, Qəzza adı xəritədən silinəcək, ora xarabalığa çevriləcək. Bu əlbəttə ki, təkcə İsrailin suçu deyil, HƏMAS o cür vəhşilik edəndə bunun cavabının guya müstəqilliyi uğrunda savaşdıqları xalqa baha başa gələcəyini yaxşı bilirdi. Əvvəl bu cür antiterror əməliyyatlarında İsrail ancaq bəlli hərbi obyektləri vurmağa çalışırdı, indi bu cür ağır nəticələri olan hücumdan sonra onlar heç bir seçmə etmirlər.
HƏMAS-a gizlində və Fələstinə isə açıq şəkildə çox yardımlar edilib. Amma baxın, bunlar o pullardan bədbəxt xalqa heç olmasa möhkəm evlər belə tikməyib, bir bomba yəni 10- 12 mərtəbəli evi saniyələr içində yerlə-yeksan edə bilərmi? HƏMAS-ın siyasi qanadı da, hərbiləşdirilmiş qanadı da bu bölgə üzərində nəzarəti saxlamaqda maraqlıdır və illərdir ki, Qəzza və İordan çayının qərb sahilində fələstinlilər üçün yeni bir gələcək qurmaq üçün heç bir diplomatik cəhdlər etməyiblər.
Yəhudilərin qan yaddaşı möhkəm olur, İsrail indən 50 il sonra da bu hücumu, hətta uşaqların belə başının kəsilməsini unutmayacaq. Heç kim unutmaz. Biz Xocalını unudarıqmı? Ərəblər bu baxımdan fərqli toplumdurlar. Onların da uşaqları, qızları, ərləri dağıntılar altında qalıb ölürlər. Amma onlar bundan usanmırlar, yorulmurlar, bezmirlər. Mən uşaq idim bunlar Qəzzada daşlaşanda, qan tökəndə, qanları töküləndə. Bunca illər bu qədər itkilərə dözmək yalnız torpaq sevgisi ola bilməz. Bəlkə də düşmənə nifrətdir, genetikadır, nə bilim, adını tapmaq çətindir...
Diplomatiya Yaxın Şərqdə heç vaxt xüsusi moda olmayıb, indi isə dünya İsrail-Fələstin müharibəsində prinsipcə, illər əvvəlki mövqeyindədir.
Məsələn, İran, Suriya, İraq və Küveyt hakimiyyətləri HƏMAS-a dərhal dəstək ifadə etdilər. Livan Hizbullahı HƏMAS-a dəstək olaraq İsrail ərazisini minaatanlardan atəşə tutdu. Səudiyyə Ərəbistanı, Qətər və Oman müharibənin başlanmasında İsraili günahlandırdı və ondan “eskalasiyanı dayandırmağı” tələb etdilər.
Rusiya Xarici İşlər Nazirliyi ilk gün hər iki tərəfi “dərhal atəşkəsə” çağırsa da, indi tərəfini daha gizlətmir də. Ukraynada işğal törədən ölkə Fələstin xalqının müdafiəsini qalxır. Təəccüblü deyil, Rusiya HƏMAS-ı terrorçu təşkilat hesab etmir, onun nümayəndələrini Moskvada prezident Vladimir Putin qəbul da edib.
Qərb dövlətləri hələ ki, qeyd-şərtsiz İsraili dəstəkləyirlər. ABŞ İsrail ordusuna hər cür dəstəyi vəd edib, gün ərzində azı bir dəfə Bayden İsrail rəhbərliyi ilə danışır. Avropa şəhərlərində bir çox binalar İsrail bayrağının mavi və ağ rənglərində işıqlandırılıb. İndiyə qədər yalnız Ukrayna bu cür miqyaslı dəstək verilib.
Nəhayət, bu məqam da düşündürücüdür. İslam dini iki müqəddəs yeri tanıyır, oranı ziyarət etmək hər bir müsəlmanın müqəddəs borcu sayılır. Bunlar Səudiyyədəki Məkkə, Fələstin torpaqlarındakı Qüdsdür. Səudiyyənin İsraillə barışığına imkan verməyənlər üçün bunun xüsusi və ya hər hansı əhəmiyyəti varmı? Bunu da bir düşünək...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ