Onlayn ictimai-siyasi qəzet
“Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə makro-iqtisadi sabitlik, dayanıqlı iqtisadi inkişaf uğurla təmin olunub. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatında baş verən xoşagəlməz proseslərdən sığortalanması üçün mühüm addımlar atılıb”.
Musavat.com bildirir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında söyləyib.
O qeyd edib ki, bu gün ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də hərbi potensialla yanaşı iqtisadi imkanların daha da gücləndirilməsidir: “Proseslərin təhlili göstərir ki, bu gün dünyamız yeni iqtisadi böhranın astanasındadır. Artıq dünyanın bir sıra ölkələri bu böhranın acı nəticələrini yaşayırlar.
Prosesi tətikləyən səbəblərdən biri isə neftin qiyməti ilə bağlı baş verən sıçrayışlardır. Bu gün neftin qiymətində tez-tez baş verən titrəyişlər heç şübhəsiz ki dünya iqtisadiyyatına, eyni zamanda ölkəmizin gəlirlərinə də ciddi təsir göstərir. Bu prosesin hələ bir müddət davam edəcəyi ilə bağlı proqnozlar dünya iqtisadiyyatına yaxşı heçnə vəd etmir”.
C.Məmmədov əlavə edib ki, baş verəcək növbəti böhrandan ölkəmizin sığortalanması və vətəndaşların ciddi əziyyət çəkməməsi üçün hazırda dövlət strukturları sistemli və ardıcıl addımlar atmağa davam edirlər: “Heç şübhəsiz ki, bu siyasətin uğurla davam etdirilməsi üçün düzgün büdcə siyasəti və büdcə vəsaitlərinin səmərəli istifadəsi olduqca önəmlidir. Beləliklə, bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri də büdcə vəsaitlərdən düzgün və səmərəli istifadə, büdcədən yayınmaların qarşısının alınmasıdır.
Bu isə öz növbəsində dövlətdən daha çevik, ardıcıl siyasətin və islahatların həyata keçirilməsini tələb edir. Bunu nəzərə alaraq Azərbaycanın müvafiq strukturları iqtisadiyyatın şaxələndirilməsi üçün real addımlar atır”.
Hesablama Palatasının təqdim etdiyi hesabata gəldikdə, deputat qeyd etdi ki, elmi-metodologiyaya və real iqtisadi rəqəmlərə əsasən hazırlanıb: “Ötən müddətdə görülən bütün işləri, həyata keçirilən tədbirləri tam əks etdirir. Eyni zamanda hesabatda əksini tapan rəqəmlər büdcəyə nəzarətin daha da gücləndirilməsi, büdcədən yayındırılan vəsaitlərin büdcəyə qaytarılması üçün Palatanın real addımlar atdığını göstərir.
Eyni zamanda Dövlət qurumları da bu məsləyə həssas yanaşmalı, maliyyə vəsatlırin düzgün xərclənməsinə nəzarət daha da artırmalıdırlar. Beləliklə, qeyd olunanları nəzərə alaraq Hesablama Palatasının fəaliyyətini və hesabatı bu baxımdan xüsusi əhəmiyyətə malik sənəd kimi qiymətləndirirəm”.
E.Paşasoy,
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ