Onlayn ictimai-siyasi qəzet
Çinin Quansi Cuan muxtar bölgəsində qeyri-adi bir məhkəmə işi ictimaiyyətin diqqətini çəkib.
Ərinin başqa qadınla münasibətini aşkar edən qadın evə gizli kamera quraşdıraraq görüntüləri çəkib və bu videoları sosial şəbəkələrdə paylaşıb.
Lakin daha sonra bu görüntülərdəki qadın - məşuqə, gizli çəkilişə və görüntülərin yayılmasına görə məhkəməyə müraciət edib.
Hadisənin təfərrüatları
Hadisə 2023-cü ilin avqust ayında baş verib. Məşuqə - soyadı Vanq olan qadın ərə getmiş Hu soyadlı kişi ilə birgə yaşadığı kirayə mənzildə gizli kamera aşkar edib. Bu kamerada onların şəxsi münasibətləri lentə alınıb və görüntülər yaddaş kartına yazılıb. Daha sonra videolar və şəkillər sosial mediada dəfələrlə paylaşılıb və geniş auditoriya tərəfindən izlənilib.
Vanqın iddiasına görə, bu kameranı kişinin həyat yoldaşı Li bacısı və qardaşı ilə birgə quraşdırıb. O, məhkəməyə müraciət edərək şəxsi həyatının pozulduğunu, reputasiyasına və şəxsiyyət hüquqlarına zərər verildiyini bildirib. Vanq paylaşılmış materialların silinməsini, rəsmi üzr istənilməsini və mənəvi zərərin qarşılanması üçün kompensasiya tələb edib.
Məhkəmənin qərarı
Li isə iddiaları qəbul etməyərək bildirib ki, mənzili onun əri kirayələyib və o, uşağının təhlükəsizliyi üçün kameranı quraşdırıb. Həmçinin, ərinin xəyanətini sübut etmək və onun qarşısını almaq məqsədilə videoları paylaşdığını deyib. Linin bacı və qardaşı isə heç bir hüquq pozuntusu etmədiklərini deyərək məsuliyyətdən yayınmağa çalışıblar.
İşə baxan Tenq Rayon Məhkəməsi Linin Vanqın hüquqlarını pozduğuna qərar verib və bütün görüntülərin silinməsini əmr edib. Eyni zamanda, məhkəmə Vanqın əvvəlcədən evli kişi ilə münasibət quraraq ictimai adət-ənənələrə və sosialist dəyərlərə zidd davrandığını da qeyd edib. Məhkəmə Vanqın ciddi psixoloji zərər gördüyünü sübut edən dəlil olmadığı üçün üzr istənilməsi və maddi kompensasiya tələbini rədd edib.
Apellyasiya şikayətinə baxan Vucou şəhərinin Orta Məhkəməsi də ilkin qərarı qüvvədə saxlayıb.
Cəmiyyətin reaksiyası
Bu hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər, "Bir məşuqənin həyat yoldaşından mənəvi təzminat tələb etməsi gülüncdür", - deyə fikirlərini bildirib. Digərləri isə görüntülər olmasaydı, qadının ərini xəyanətə görə necə məhkəməyə verə biləcəyini sual edib./milli.az
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ