Onlayn ictimai-siyasi qəzet
Qəzzada Soyqırımı Konvensiyasının pozulması ittihamı üzrə İsrailə qarşı iddianı Türkiyə də dəstəkləyir, yəhudi nazir isə cavabında "erməni genosidi" ifadəsini dilə gətirib; hüquq müdafiəçisi və partiya sədri fərqli yanaşır
Xəbər verdiyimiz kimi, yanvarın 11-dən Beynəlxalq Cinayət Məhkəməsində (BCM) Roma Statutunun üzvü olan Cənubi Afrika Respublikasının şikayəti əsasında Qəzzada Soyqırımı Konvensiyasının pozulması ittihamı üzrə İsrailə qarşı iddia ilə bağlı dinləmələrə başlanıb. Yeri gəlmişkən, şikayəti Türkiyə də dəstəkləyir. Bu xüsusda qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
“Biz Haaqa Məhkəməsinin ədalətinə inanırıq. İsrail orada mühakimə olunacaq. Netanyahunun məsuliyyətdən yayınmaq üçün heç bir arqumenti qalmayıb”. İsrail xarici işlər naziri İsrael Katz isə sosial şəbəkə hesabında sensasion sayılacaq status paylaşıb: “Öz tarixində erməni soyqırımı olan bir ölkənin - Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan indi İsrailə qarşı əsassız ittihamlarla öyünür. Biz erməniləri, kürdləri xatırlayırıq. Sizin tarix özlüyündə hər şeyi deyir. İsrail məhv etmir, yalnız sizin barbar müttəfiqlərinizə qarşı özünü müdafiə edir”.
Qeyd edək ki, ilk dəfədir yəhudi dövlətinin yüksək çinli rəsmisi qardaş ölkəyə qarşı belə ittiham irəli sürür. Gözlənildiyi kimi, İsrail XİN rəhbərinin anti-Türkiyə açıqlaması antisemitizmin tüğyan elədiyi monoetnik Ermənistanda məmnunluq yaradıb. Səbəb aydındır. Ermənilər, onların lobbisi həmişə çalışıb ki, iki ölkə və iki xalq arasında, Türk və yəhudi diasporları arasında daim gərginlik, çəkişmə olsun, etimadsızlıq hökm sürsün. Altını isə həm də Azərbaycan çəksin. Nazirin açıqlaması nəyin siqnalıdır, İsrail parlamentində (Knesset) tanınma məsələsi gündəmə gələ bilərmi? Onu da demək yerinə düşər ki İsrailin üçüncü böyük şəhəri olan Hayfada 1915-ci il hadisələrində həyatını itirənlər üçün abidə ucaldılıb. 2020-ci ildə isə Təl-Əviv yaxınlığındakı Petah Tikva bölgəsində “erməni soyqırımı anım abidəsi” açılıb. Bu da təbii ki, Ankara ilə münasibətlərə zaman-zaman gərginlik qatıb.
Novella Cəfəroğlu
Nəvələri İsraildə əsgərlikdə olan Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a qeyd etdi ki, Knesetdəki ərəb fraksiyası zaman-zaman “erməni soyqırımı”nı tanımaq təşəbbüsü ilə çıxış edib: “Lakin heç zaman qəbul edilməyib. Mən inanmıram ki, Kneset belə qərar qəbul etsin. Sadəcə, bu məsələdə cənab Ərdoğanın mövqeyi birtərəfli olmamalı idi. Mən Ərdoğanı çox bəyənirəm, Azərbaycana hər zaman dəstək olub, amma münaqişədə həll variantını tapmaq üçün daha çox səy göstərmək lazımdır. Mən demirəm ki, orada dinc insanlar ölmür. Amma bu prosesi İsrail başlamayıb”. N.Cəfəroğlu dedi ki, PKK-nın Türkiyədə etdiyi terroru HƏMAS İsraildə təkrarlayb: “Amma HƏMAS-ı terror təşkilatı saymır. Bu müharibədə Türkiyə liderinin mövqeyi fərqli olmalı idi. Yəni hər iki tərəfi qınamalıydı. Necə ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə doğru mövqe sərgiləyir. Türkiyə də belə yanaşmalıydı. Onu da unutmayaq ki, heç bir ərəb ölkəsində Atatürkə büst qoyulmayıb, amma İsraildə onun monumenti var. Bunu da nəzərə almaq lazımdır. Təbii ki, fələstinli uşaqların ölümünə ürəyimiz ağrayır. Ancaq konfliktin həllində rol oynamaq lazımdır, təkcə pisləməklə iş bitmir. Ona görə də Prezident İlham Əliyevlə Ərdoğan birgə hərəkət edərək bu münaqişənin həllində vasitəçilik etməlidir. Biz türk qardaşlarımızı çox sevirik, bir ömür onlara borcluyuq, cənab Ərdoğan Qarabağ məsələsində sona qədər yanımızda oldu, buna görə minnətdarıq. Ancaq Qəzza hadisələrində birtərəfli mövqe tutmaqla problem həll olunmayacaq. İsrail üçün 3-4 min hərbçi itirmək çox böyük faciədir, çünki əsgərə dəyər verilir. Ona görə bir araya gəlib münaqişəni həll etmək olar, yalnız Əliyevin iştirakı ilə...”
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, İsrailin saxta soyqırımı tanıması ehtimalını istisna etmir, lakin Knesetin belə bir qərar verməsini şəxsən özü gözləmir. Partiya sədri hesab edir ki, bu iddialar, qarşılıqlı ittihamlar gərginliyin nəticəsidir: “Halbuki zamanında türklər yəhudilərə onlara edilmiş soyqırımı ilə bağlı təbliğatda dəstək olublar. İsrail gərək bunu da unutmasın. Mən İsrail xalqının da müdrik mövqe tutacağını və gərginliyə son qoyacağını gözləməkdəyəm. Hər halda, xoş mənzərə deyil. Çünki Türkiyə qardaşdır, İsrail dostdur. İki tərəfin münasibətlərinin pisləşməsi xoşagələn hal deyil”. AMİP sədri ümid edir ki, Azərbaycan Prezidenti vasitəçilik edərək iki ölkə arasında barışığa nail olacaq: “Bundan əvvəl də Azərbaycanın müsbət rolu olub. İsrail də unutmamalıdır ki, iddialar həmişə qarşılıqlı olur. Ona görə də vəziyyəti daha da ağırlaşdırmaq yerinə əlaqələri düzəltmək lazımdır. Bu gün Qəzzada baş verənlərə Türkiyənin, onun liderinin mövqeyi hər kəsə bəllidir. Ərdoğan dinc əhalinin öldürülməsinə etiraz edir. İsrailin müttəfiqləri, ABŞ rəsmiləri də eyni çağırışları edirlər ki, HƏMAS-a qarşı əməliyyatlar aparılarkən mülki insanlar nəzərə alınmalıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ