İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail prezidentinin Bakıya ilginc təklifi, erməni baş nazirin “sionizm” qeybəti...

Ermənistanla İranın İsrailə münasibətdə ortaq maraqları yaranıb

İsrail prezidenti İsxak Hersoqun Prezident İlham Əliyevə Azərbaycanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrikdə ekspertlərin diqqətini çəkən maraqlı məqam var. İ.Hersoq həmkarını İsrailə səfərə dəvət edərək yazıb: “Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyinizin açılması üçün də bir fürsət ola bilər”.

Yada salaq ki, həftəsonu Ermənistanın baş naziri Nikol Paşinyan iranlı həmkarı Seyid İbrahim Rəisi ilə telefonda danışıb. Telefon söhbətində Paşinyanla İbrahim Rəisi arasında İsraillə bağlı müzakirələr də olub. Rəisi vurğulayıb ki, “Sionist rejim (İsrail - red.) heç bir halda region xalqlarının dostu deyil və bu rejimin Fələstin xalqına etdiyi zülm misilsizdir: ”Sionist rejimin regionda təsirinin qarşısını almaq üçün bu rejimin hərəkətlərinə diqqətli və ehtiyatlı yanaşmaq lazımdır".

Onu da yada salaq ki, Azərbaycan uzun illər bölgədəki bəzi müsəlman ölkələri incitməmək üçün İsraildə səfirlik açılmasını ertələyib. Ermənistan isə uzun müddət Misirdəki səfiri vasitəsilə bu ölkə ilə diplomatik əlaqələrini sürdürüb, 2020-ci ilin payızında isə Ermənistanın Təl-Əvivdə səfirliyi rəsmən açılıb. Ermənistanın özündə bu ideyanın əleyhdarları var idi. Onlar bunu onunla əsaslandırırdılar ki, bu addım, nəticə etibarilə, Ermənistan-İran münasibətlərinə çox mənfi təsir göstərəcək. Ancaq bütün bunlara baxmayaraq, İsraildə səfirlik açmaq istəyənlər üstünlük təşkil etdilər. İndi Paşinyanın İranla “sionist rejimi müzakirələri” aparması Ermənistanın heç vaxt, heç bir ölkə ilə səmimi münasibət qurmadığını göstərir. Məlumdur ki, Azərbaycanla İsrail arasında təhlükəsizlik məsələlərində, bu ölkənin neftlə təminatında çox ciddi əlaqələr formalaşıb. Eyni zamanda Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq məsələlərində çox yüksək inkişaf səviyyəsi mövcuddur. Azərbaycan İsraildən ən müasir silahların alıcısı kimi çıxış edir. Ona görə də 44 günlük müharibədə Ermənistan bu ölkədən “incik” düşdü.

Görünür, indi Ermənistanla İranın İsrailə münasibətdə ortaq maraqları yaranıb. İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına (həm də cənub sərhədlərinə yaxın bölgələrdə) investisiya yatırmaq istəkləri də təkcə rəsmi Tehranı deyil, Ermənistanı da narahat edir.

İsrail prezidentinin məktubundakı səfirlik açmaq istəyi nədən xəbər verir? Rəsmi Bakı orada səfirliyini açacaqmı?

Diplomatik barbarizm - Elçin Mirzəbəyli

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycan-İsrail münasibətlərinin hər hansı üçüncü dövlətə, o cümlədən İrana heç bir aidiyyəti yoxdur: “İran və onun məzhəb pərdəsi arxasında gizlənmiş panfarsist rejimi Azərbaycanın dostlarına və düşmənlərinə münasibətdə mövqe ifadə edəcək, Fələstin xalqının və bütövlükdə müsəlmanların hüquqları barədə fikir yürüdəcək ən sonuncu ölkədir. Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistana hərtərəfli dəstək verən, onlar üçün həyat yolu funksiyasını yerinə yetirən İran İslam Respublikası adlı dövlətin simasındakı pərdə sonuncu dəfə Azərbaycan sərhədlərinin yaxınlığında güc nümayişi və Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı hikkəli bəyanatları zamanı tamamilə yırtılıb. Qonşuluğundakı dinbir qardaşlarının ana südü kimi halal torpaqlarının 30 ilə yaxın zaman kəsiyində Ermənistanın işğalı altında qalmasına, müsəlmanların qəbirlərinin, ziyarətgahlarının, məscidlərinin dağıdılmasına, təhqir edilməsinə göz yuman, müsəlman azərbaycanlılara qarşı soyqırım həyata keçirən erməniləri ərzaqla, yanacaqla, tibb ləvazimatları və işğalı davam etdirmək üçün gərəkli olan digər nəsnələrlə təmin edən bir ölkənin Fələstin xalqının hüquqlarından söz açması və bunu Ermənistanın baş naziri ilə müzakirə etməsi qədər paradoksal heç nə ola bilməz. İsrail Azərbaycanın dostudur və bunu uzun illər boyu ölkəmizə, xalqımıza münasibətdə sərgilədiyi ədalətli mövqeyi ilə sübuta yetirib. Hətta Azərbaycanın Fələstin məsələsində İsraillə mövqeləri üst-üstə düşməsə də, rəsmi Təl-Əviv bunu problemə çevirməyib, anlayışla qarşılayıb. İsrail Azərbaycan ərazilərinə ideoloji zəhər səpməyə, insanları zombiləşdirməyə və öz dövlətinə, bu dövlətin konstitusion quruluşuna qarşı çevirməyə çalışmayıb, bütün platformalarda ölkəmizin ədalətli mövqeyinə dəstək verib. Məhz bu səbəbdən Azərbaycanın ən qısa bir zamanda İsraildə səfirlik açmasının zəruri olduğunu düşünürəm. Məlum olduğu kimi, artıq İsrailin qardaş Türkiyə və bir sıra ərəb ölkələri ilə münasibətləri normallaşır. Bir neçə gün öncə İsraillə Birləşmiş Ərəb Əmirliyi arasında azad ticarətlə bağlı dövlətlərarası müqavilə imzalanıb. İsraillə diplomatik əlaqələr quran müsəlman ölkələrinin sayı isə artmaqdadır. Şübhə etmirik ki, qarşılıqlı etimadlı münasibətlərin formalaşması Fələstin məsələsinin də ədalətli həllinə müsbət təsir göstərəcək və Fələstin məsələsi dini-siyasi alver predmeti kimi bəzi ölkələrin əlindən çıxacaq”.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri C da maraqlı fikirlər səsləndirdi: “Ölkələr arasında diplomatik münasibətlərin qurulması vacib şərtdir. Amma daha vacib olan real münasibətlərdir. Elə ölkələr var ki, onlarda səfirliklərimiz var, amma həmin ölkələr bizə qarşı düşmən mövqe tuturlar. İsrail prezidentinin mövqeyini başa düşürük. Onun məqsədi İsraildə Azərbaycan səfirliyinin açılması ilə müəyyən ölkələrə mesaj göndərməkdir. Məncə, biz bu məsələyə bu prizmadan yanaşılmasına, bizim vasitəmizlə kimlərəsə mesaj verilməsinə razı olmamalıyıq. Azərbaycan bu günə qədər balanslaşdırılmış siyasət yeridib, bir-birinə düşmən olan ölkələrlə eyni dərəcədə xoş münasibət saxlayıb və hər kəsi bu siyasətlə hesablaşmağa məcbur edib. Bu, müstəqil, diktədənkənar siyasət nümunəsidir. Belə də yola davam deməliyik. Amma müəyyən məqamda İsraildə səfirliyin açılması istisna edilməməlidir. Ermənistan İsraillə Azərbaycan arasında inciklik salmaq məqsədilə 2020-ci ildə orada səfirliyini açdı. Amma sonra da açdığına peşman oldu. İkinci Qarabağ müharibəsində İsrail səfirliyinin olmasına rəğmən Ermənistanı deyil, Azərbaycanı dəstəklədi. Ermənistan da oradan səfirini geri çağırmalı oldu. Guya İsrailin rəğbətini qazanmaq, Azərbaycana qarşı onlardan istifadə etmək istəyirdi, əks reaksiya və nəticə ilə üzləşdi, İsraillə münasibətləri bir az da korlandı. Azərbaycan İsraillə münasibətlərini qarşılıqlı maraq üzərində qurur və bu siyasət də davam etdirilməlidir”.

Cavanşir ABBASLI

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR