Onlayn ictimai-siyasi qəzet
Yanvarın 16-da İsraillə HƏMAS arasında əsir və girovların dəyişdirilməsi də daxil, tarixi anlaşma əldə olundu. Hər iki tərəf, həmçinin Azərbaycan və Türkiyə bu anlaşmanı alqışladı.
Müqavilə üç mərhələdə həyata keçiriləcək. Altı həftə davam edəcək birinci mərhələdə İsrail qoşunların anklavdan tədricən çıxarılmasına başlayacaq. HƏMAS bütün qadınlar, uşaqlar, 55 yaşdan yuxarı kişilər və iki ABŞ vətəndaşı da daxil olmaqla 33 nəfəri azad edəcək.
Birinci mərhələnin başlamasından sonra on altıncı gündə sazişin ikinci mərhələsinin həyata keçirilməsi üzrə danışıqlara başlanılacaq. Onun çərçivəsində qalan israilli məhbusların azad edilməsi və daimi atəşkəs nəzərdə tutulur. İsrail qoşunlarını tamamilə çıxaracaq, həmçinin mindən çox fələstinli məhbusu azad edəcək. Üçüncü mərhələdə tərəflər ölənlərin cəsədlərini dəyişdirəcək, Misir, Qətər və BMT-nin nəzarəti altında olan Qəzza zolağında yenidənqurma işlərinə başlanacaq.
HƏMAS və İsrail arasında davam edən gərginlik və hərbi əməliyyatların qarşısını almaq üçün bu razılaşma böyük əhəmiyyət kəsb edir. Razılaşmanın icrası bölgədə humanitar vəziyyəti yüngülləşdirə və tərəflər arasında müvəqqəti sabitliyə yol aça bilər. Bununla belə, razılaşmanın uzunmüddətli təsirləri və hər iki tərəfin öhdəlikləri yerinə yetirməsi prosesi hələ də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Sənədin imzalanmasında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xüsusi rolu olduğu bildirilir. Artıq İsrail baş naziri Benyamin Netanyahu Trampa telefon açaraq ona təşəkkür edib.
Yanvarın 20-də Amerikada yenidən AĞ Evə dönən Donald Trampın andiçmə mərasimi baş tutacaq. O zaman demək olarmı ki, Tramp vəzifəsinə Yaxın Şərqə sülh gətirməklə başlayır? İsrail-Həmas müharibəsi bitdimi? Bitdisə, qalib kimdir? Bu, Tramp dönəmində diqqəti və resursları daha çox İrana yönəltmək üçün əldə olunan bir anlaşmamı? Güney Qafqaz regionuna, Azərbaycana, Türkiyə-İsrail münasibətlərinə mümkün təsirləri nə olacaq?
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, İsrail-HƏMAS münaqişəsinin qalibinə dair bu suala birmənalı cavab vermək çətindir: “İsrail ordusu dünyanın ən güclü ordularından biri hesab olunsa da, HƏMAS-ın asiğmetrik mübarizə taktikası hərbi əməliyyatlarda ona ciddi çətinliklər yaratdı. İsrailin hərbi hava qüvvələrinin üstünlüyünə baxmayaraq, yerdə baş verən döyüşlərdə hərbi məqsədlərin tam həyata keçirilməsi mümkün olmadı. Bu münaqişə bir daha göstərdi ki, müasir hərbi texnologiyaların üstünlüyü qeyri-rəsmi və mobil qruplara qarşı savaşda hər zaman qələbəni təmin etmir. Psixoloji davamlılıq və əraziyə bələd olmaq hərbi proseslərdə önəmli təsir vasitəsi kimi çıxış edir.
HƏMAS ilə savaş zamanı mülki əhalinin itkiləri İsrailin beynəlxalq imicinə ciddi təsir göstərib. Bu vəziyyət İsrail daxilində də ciddi siyasi böhrana səbəb olmuş, müxtəlif siyasi partiyalar arasında qarşıdurmaları gücləndirib. ABŞ-ın seçilmiş prezidenti Donald Trampın bu münaqişənin həlli ilə bağlı fəaliyyəti regionda hərbi eskalasiyanı dayandırmaq və əsas oyunçular arasında, xüsusilə Türkiyənin də iştirakı ilə, bir status-kvonun təmin olunmasına yönəlib. Ola bilər ki, növbəti mərhələdə Fəth təşkilatının Qəzzada hakimiyyətə gətirilməsi ilə bağlı danışıqlar başlansın. Bu, həmçinin ABŞ-ın bölgədə sülhün təmin edilməsində daha geniş təsir gücünə sahib olmaq istəyini əks etdirir".
Siyasi şərhçi onu da vurğuladı ki, İranın Yaxın Şərqdəki təsir gücü, xüsusilə də Fələstin məsələsindəki mövqeyi ABŞ-ın əsas prioritetlərindən biri olub: “Azərbaycan və Türkiyənin bu məsələlərdəki birgə fəaliyyəti isə hər iki ölkənin müsəlman dünyasında nüfuzunun artmasına müsbət təsir göstərə bilər. Azərbaycanın bu münaqişənin dayanması baş verərsə, dağıdılmış ərazilərin bərpası və yenidənqurma proseslərində Türkiyə ilə birlikdə iştirak etməsi mümkündür. Bu, Azərbaycanın beynəlxalq səviyyədə humanitar məsələlərdə fəallığını artıracaq və müsəlman dünyasında daha güclü nüfuz qazanmasına səbəb olacaqdır.
Digər tərəfdən, Suriyada yeni hakimiyyətin verdiyi mesajlar və regionda ehtimal edilən yeni iqtisadi layihələr münaqişənin aktiv fazasının dayandırılmasında bir çox tərəfi bir araya gətirə bilər. Məsələn, Qətərdən Suriya vasitəsilə Türkiyədən keçərək Avropaya qaz nəqlinin başlanması üçün danışıqlar artıq gedir. Bu xəttin təhlükəsizliyinin təmin olunması layihədə iştirak edən hər bir tərəf, xüsusilə transmilli iqtisadi oyunçular üçün vacibdir.
Münaqişənin siyasi həlli olmadan onun tam sona çatması mümkün deyil. Atəşkəs müvəqqəti bir tədbir olsa da, onun davamlılığı daxili və xarici amillərdən asılıdır. Hər bir halda dinindən, dilindən, rəngindən asılı olamayaraq xalqların əminamanlığı ümumbəşəri bir prinsipdir. Bu prinsipin reallaşdırılması Fələstin xalqının yaşadığı faciələrin sonlanmasına kömək edə bilər. Bütün hallarda silahların durması, insanların evlərinə dönməsi önəmlidir. Sonda Azərbaycanın dövlət başçısı İlham Əliyevin də Azərbaycan televiziyalarına verdiyi son müsahibəsində qeyd etdiyi kimi, dünya yeni düzənə doğru gedir. Bu yeni düzəndə bütün mədəniyyətlərin, o cümlədən də bizim tərkib hissəsi olduğumuz müsəlman dünyasının sülh və rifah halında yaşaması arzu ediləndir. Bunun üçün isə müsəlman dünyasının iqtisadi, insani, mədəni inkişafının təmin edilməsi, humanitar rifahının yüksəlməsi zəruridir. Rifahın yüksəlməsi və dirçəliş isə ancaq sülhdən və əmin amanlıqdan rassional istifadə etməklə mümkündür".
Şahin Cəfərli
Politoloq Şahin Cəfərlinin bu savaşın yekunları ilə bağlı feysbuq hesabında paylaşdığı status xüsusi diqqət çəkir: “İsrail və HƏMAS arasındakı anlaşmaya baxanda kimin qalib, kimin məğlub olduğu anlaşılmır. Hətta razılaşmanın HƏMAS-ın lehinə olduğunu söyləmək yanlış olmaz.
Birinci mərhələdə (42 gün ərzində) cəmi 33 girovun əvəzində İsrail 1200-dən çox fələstinlini öz həbsxanalarından buraxacaq. Bunların içərisində terrorçuluqda və digər ağır cinayətlərdə ittiham olunan, məhkum edilən xeyli adam var. İsrail ordusu Qəzza daxilində hazırkı mövqelərindən 700 metr geri çəkiləcək, Misirlə sərhəddəki Rəfah nəzarət-buraxılış məntəqəsi açılacaq, humanitar yüklər əvvəlkindən artıq həcmdə Qəzzaya daxil olacaq.
İkinci mərhələdə isə digər girovların buraxılması müqabilində İsrail ordusunun tamamilə Qəzzadan çıxması nəzərdə tutulur. Bu, o deməkdir ki, HƏMAS öz mövcudiyyətini qorumaq və yenidən güclənmək imkanı qazanır. Anlaşma İsrail hakim koalisiyası daxilində ultraradikal və dindar sionistlərin (milli təhlükəsizlik naziri Ben Qvir və maliyyə naziri Smotriç) kəskin etirazına səbəb olub. Ben Qvirin istefaya hazırlaşdığı barədə xəbərlər var, Smotriç də partiyasının hökuməti tərk edə biləcəyini deyib.
Bayden administrasiyası tərəfindən hazırlanan razılaşmanın qəbulunda Trampın ciddi rolu oldu. O, andiçmədən əvvəl anlaşma əldə olunması üçün Netanyahuya təzyiq göstərdi və HƏMAS-a ultimatum verdi. Ənənəvi diplomatiyaya qıcığı olan Trampın sövdələşmə əldə etmə metodu budur. Demokratlar kimi uzun-uzadı, nəticəsiz görüşlər və telefon danışıqları aparmaq bu eqosentrik adamın stili deyil.
Yeri gəlmişkən, Azərbaycan-Ermənistan sülh prosesinə də Tramp tərəfindən analoji münasibət görə bilərik. Bunu respublikaçı Konqres üzvü, Helsinki Komissiyasının sədri Co Uilson da deyib".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ