Onlayn ictimai-siyasi qəzet
Türkiyə xarici işlər naziri Hakan Fidan və Türkiyədə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata birgə bəyanatla çıxış ediblər.
Musavat.com xəbər verir ki, Türkiyə XİN başçısı Hakan Fidan görüşdə Qəzzadakı son vəziyyətin müzakirə edildiyini bildirib: “Qəzzada atəşkəsin davamlı olması zəruridir. Netanhayunun müharibəni yenidən başlama ehtimalı ilə bağlı dərin narahatlıq keçiririk. Yeni soyqırıma əsla yol verilməməlidir. Digər tərəfdən İsrail Qərbi Şərianı hədəf alan addımlarına son verməlidir. Fələstinlilərin öz torpaqlarından zorla köçürülməsinə yönəlmiş heç bir addım qəbuledilməzdir. Bu istiqamətdə istənilən addım uğursuzluqla yekunlaşacaq. Bölgə dövlətləri bu mövzuda ortaq yanaşmaya malikdir. Rusiyanın da eyni mövqedə olması məmnunedicidir”.
Qeyd edək ki, İsrail ordusu Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşdirilən qoşunların döyüş hazırlığı səviyyəsini artırıb. Bu addımın niyə atıldığı barədə isə açıqlama verilməyib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov Musavat.com-a açıqlamasında bildirdi ki, hazırda atəşkəslə bağlı müəyyən problemlər yaşanır:
“Ötən həftə HƏMAS-ın təhvil verdiyi cəsədlərin arasında başqa şəxslərin cəsədləri olub. İsrail tərəfi isə bundan xeyli narazı qaldı, HƏMAS-ı atəşkəsi pozmaqda günahlandırdı. Netanyahu administrasiyası daha sonra açıqlamasında 600-ə yaxın məhbusu buraxmaq niyyətinə olmadığını bildirdi. Buna görə də gərginlik qalmaqdadır. Bəzi ekspertlər hesab edirlər ki, Netanyahu yenidən Qəzzaya hücum edə bilər.
Əslində Netanyahunun belə bir istəkdə olması müəyyən qədər gözləniləndir çünki o ilk növbədə HƏMAS-ın məhv edilməsinə çalışır. Məlumdur ki, Qəzzada hələ də HƏMAS-ın müəyyən dəstələri mövcuddur. Hələ müharibənin əvvəlindən İsrail qarşısına qoyduğu əsas məqsədi reallaşdıra bilməyib. Bunun üçün Qəzzaya İsrail Müdafiə Qüvvələrinin yenidən daxil olması zəruridir. İkincisi, İsrail hələ də Qəzzanı təhdid kimi gördüyü üçün nəzarəti əlində saxlamaq istəyir. Belə olan halda atəşkəs İsrail üçün əsirləri geri qaytarmaq üçün vasitədir.
Əsirlərin geri qaytarılması da Netanyahu kabinetinin əsas hədəflərindən biri idi. Amma görünən odur ki, prosesin ləng getməsi İsrailin istəyinə uyğun deyil. Eyni zamanda atəşkəs üç mərhələdən ibarətdir. İkinci mərhələ ilə bağlı danışıqlar başlamalı idi, İsrail tərəfi hələ də bu mərhələni başlatmayıb. Bu da ondan xəbər verir ki, əsirlərin müəyyən qisminin qaytarılmasından sonra İsrail ilə HƏMAS arasında hərbi əməliyyatlar yenidən başladıla bilər”.
S.Zahidov ABŞ-nin prosesdəki rolunu da şərh edib: “Donal Tramp atəşkəsin özünün vasitəçiliyi ilə əldə olunmasına çalışacaq. Amma HƏMAS atəşkəsin şərtlərinə vaxtı-vaxtında riayət etməsə, İsrailin tələblərini gecikdirsə, hər an hərbi əməliyyatlar başlaya bilər. Bununla da regiona növbəti eskalasiya dalğası yayılacaq. Donald Tramp fevralın 4-də Netanyahu ilə görüşündə bildirdi ki, Qəzzada Yaxın və Orta Şərqin rivyerasını yaratma planları var. Bunun üçün qəzzalılar köçürülməlidir. Söhbət 2, 2 milyon qəzzalıdan gedir. Amma bu plan realistik hesab olunmur. Birincisi, bunun üçün qəzzalıların öz istəyi olmalıdır. Zorla köçürülmə etnik təmizləmə deməkdir ki, bunu BMT də bildirib. Digər tərəfdən qəzzalıların hara köçürüləcəyi qeyri-müəyyəndir. Bu günə qədər Tramp İordaniya, Misirlə görüşlər keçirib. Amma onların heç biri bu təklifə müsbət cavab verməyib. İordaniya kralı 2 minə yaxın uşağı himayə edə biləcəyini bildirdi, amma daha artığına söz vermədi. Bu, problematik məsələdir. Milyonlarla insanı qəbul etmək ölkə daxilində sosial-iqtisadi problemlər yaradır. Bu həm də ölkənin daxili təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirilir. Vaxtilə, 1967-ci il müharibəsindən sonra Fələstin Azadlıq Təşkilatı İordaniyaya üz tutmuşdu. 1971-ci ildə onlar İordaniya hakimiyyətinə qarşı üsyan qaldırdılar. Hakimiyyət də məcbur qalaraq onları ölkədən qovdu. Onlar Livana üz tutdular, orda da vətəndaş müharibəsi başladı. Dövlətlər bu faktlara istinadən qəzzalıların qəbul edilməsinin HƏMAS-la gərginliyə səbəb ola biləcəyini bilirlər. Eyni zamanda həmin ölkələr İsrail üçün potensial hədəfə çevrilə bilərlər. Türkiyə də buna qarşıdır. Hakan Fidan bunu açıq formada bəyan etdi. Bu, ilk növbədə qəzzalıların fundamental hüquqlarının pozulması deməkdir. İsrail ərazidə öz təsir dairəsinin olmasını istədiyi üçün bu ideyanı dəstəkləyir. Bu isə Türkiyənin maraqlarına uyğun deyil”.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ