İnsanlara hürriyət, millətlərə istiqlal!

İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır

Orta Asiya ölkələrindən Rusiyaya gedən əmək miqrantlarının sayı xeyli azalıb. Əsas səbəb Rusiya Federasiyasının miqrasiya siyasətinin sərtləşdirilməsi, miqrantların təqib olunması, incidilməsidir. Bu, əmək miqrantlarının axınının azalmasına səbəb olub. Eyni zamanda bu siyasət miqrantların Rusiyadan ölkələrinə pul köçürmələrinin həcmini də azaldıb. Bu ölkələrin ÜDM-inin əhəmiyyətli hissəsini xaricdən göndərilən valyuta təşkil edir.

Ancaq “rus qardaşları”ndan ağızları yanan asiyalılar əl-qollarını salıb oturmaq və ya Rusiyanın hüquq-mühafizə orqanlarının aramsız təzyiqinə və təhqirinə dözmək niyyətinndə deyillər. Onlar, necə deyərlər, alternativ yollar axtarırı və tapırlar. Qığızıstan, Özbəkistan və Tacikistan vətəndaşları artan bir templə üzlərini Böyük Britaniya, Cənubi Koreya, Fars körfəzi ölkələri və Avropa İttifaqı ölkələrinə tutublar.

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Dünya Bankının məlumatlarına əsaslanaraq bildirir ki, miqrasiya axınlarının azalmasına baxmayaraq, Orta Asiya ölkələrinə pul köçürmələrinin axını stabil olaraq qalır və hətta artım tendensiyası müşahidə olunur.

Məsələn, Tacikistanda 2024-cü ildə pul köçürmələrinin həcmi 5,8 milyard dollar təşkil edib. Bu, 2023-cü illə müqayisədə 27% çoxdur və respublikanın ÜDM-nin 45%-ni təşkil edir. Rusiya hələ də tacik miqrantların əsas təyinat ölkəsi olaraq qalır, lakin BMqT-nin hesabatında qeyd edildiyi kimi, pul köçürmələri Qazaxıstan, Cənubi Koreya, ABŞ və bir sıra digər ölkələrdən də gəlir.

Rusiya DİN-in məlumatına görə, 2024-cü ilin avqust ayına olan məlumata görə, ölkədə 1,2 milyondan çox tacik miqrant yaşayır. 2024-cü ildə Cənubi Koreyada isə 6339 Tacikistan vətəndaşı işlə təmin olunub və bu, 2023-cü ilin göstəricilərindən demək olar ki, 40% çoxdur.

Qeyri-qanuni miqrasiyaya nəzarətİ gücləndirən ölkələrdən biri olan ABŞ-dən 77 Tacikistan vətəndaşı deportasiya edilib, Aİ ölkələri isə 725 Taciksitan vətəndaşına Avropanı tərk etməyi əmr edib.
Xaricdə işləyən Özbəkistan vətəndaşları da ağ gündə deyillər. Özbəkistan hakimiyyəti artıq öz vətəndaşlarına xəbərdarlıq edib ki, xaricdə qanunları pozan miqrantların deportasiyası ilə bağlı bütün xərclər indi vətəndaşların özləri tərəfindən ödəniləcək. Bundan əlavə, qanunu pozanların Özbəkistanı tərk etmələri bir il müddətinə qadağan ediləcək. Onlar müvafiq qara siyahıya salınacaqlar və beynəlxalq məşğulluq proqramlarında, xüsusən də inkişaf etmiş ölkələrdə iştirak edə bilməyəcəklər.

İmmiqrasiya üzrə hüquqşünas Əlişir Sadıkov bildirib ki, bundan əvvəl ABŞ-nin viza qaydalarını pozan 131 nəfər Özbəkistan, Qazaxıstan və Qırğızıstan vətəndaşları Daşkəndə deportasiya edilib. Uçuş tam olaraq Özbəkistan tərəfi tərəfindən maliyyələşdirilib. Özbəkistan Nazirlər Kabinetinin fərmanında qeyd olunur ki, sentyabrın 1-dən miqrasiya qaydalarının pozulmasına görə deportasiya olunmuş Özbəkistan vətəndaşları iki il müddətində xarici pasport ala bilməyəcəklər.

Yeni qaydalara baxmayaraq, əmək miqrantlarının Özbəkistanın dövlət büdcəsinə töhfəsi əhəmiyyətlidir: 2024-cü ildə ölkəyə pul köçürmələrinin həcmi rekord həddə - 14,8 milyard dollara çatıb. Bu, ÜDM-in 13%-ni təşkil edir. 11,5 milyard dollarla Rusiya pul köçürmələrinin əsas mənbəyi olaraq qalır, üçüncü yerdə Qazaxıstan, ABŞ, Cənubi Koreya və Türkiyə gəlir.

Özbəkistanlı miqrantlar üçün Rusiyadan sonra yeganə əhəmiyyətli xarici əmək bazarı Cənubi Koreyadır. Bu ölkəyə daxil olan Özbəkistan vətəndaşlarının işə götürülməsi üçün kvota 100 minə çatdırılıb və onların sayı artıq 89,7 minə çatıb. Ötən il daha 59,7 min özbək Türkiyədə yaşamaq icazəsi alıb.

Qırğızıstanda 2024-cü ilin sonuna fiziki şəxslərdən pul köçürmələrinin ümumi həcmi 2,9 milyard dollara çatıb və bu, 2023-cü ildəki 2,7 milyard dollarla müqayisədə artım deməkdir. Əsas gəlir mənbələri 379 min Qırğızıstan vətəndaşının miqrant kimi qeydiyyata alındığı Rusiyadan gəlib. 2020-ci ildə qırğızıstanlı miqrantların sayı 680 min nəfər olub.

Qırğızıstan vətəndaşları artıq xaricdə məşğulluq mərkəzi vasitəsilə 29 ölkəyə getmək imkanına malikdirlər və ən populyar istiqamətləri Böyük Britaniyadır. Onlar “dumanlı Albion”a daha çox ora mövsümi iş üçün gedirlər. BB bu işçilərdən müəyyən müddət ərzində öz işlərini görəndən sonra vətənlərinə qayıtmağı tələb edir. İngiltərənin əcnəbi işçilər üçün ayırdığı 40 minlik kvotada 10 min yer Qırğızıstan vətəndaşları üçün nəzərdə tutulub. Bu il 2,5 min qırğız artıq Böyük Britaniyaya gedib.

Rusiyanın Orta Asiya ölkələrindən olan miqrantlara qarşı tutduğu kateqorik mövqenin səmərəsizliyi, xeyrindən çox ziyan gətirməsi Rusiyanın özündə etiraf, sözü gedən respublikalarda isə iddia olunur. Bildirilir ki, bu, tərəfdaşlar arasında münasibətləri pozur və Rusiyanın regionda təsirini zəiflədir.

Bu gerçəklikdir. Doğrudan da RF-nin miqrantlara qarşı münasibəti sərtləşdikcə, həmin respublikalarda da Moskvaya qarşı sayğısızlıq artır, artıq ona əvvəlki kimi hörmətlə yanaşmırlar. Yəni Kreml əlindəki baltanı bir miqrantlara vuranda, bir də öz ayağına vurur.

Rusiya prezidentinin 2025-ci il mayın 1-dən qüvvəyə minən xarici vətəndaşların ölkədən çıxarılması rejimi haqqında fərmanı Orta Asiyadan olan on minlərlə miqrantın deportasiyası ilə bağlı təhlükə yaradır. Rəsmi məlumatlara görə, Rusiya ərazisində 70 minə yaxın Qırğızıstan, 200 mindən çox Tacikistan, 200 minə yaxın Özbəkistan vətəndaşı qeyri-qanuni miqrant kimi qeydə alınıb.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR