İnsanlara hürriyət, millətlərə istiqlal!

“İslam doqquzluğu”nun yaratdığı üstünlüklər - təhlil

Azərbaycan üçün yeni fürsət pəncərəsi; D-9 nə vəd edir...

Azərbaycan daha bir beynəlxalq əməkdaşlıq platformasına qoşulub. Belə ki, dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində Azərbaycan Respublikası yekdilliklə təşkilatın üzvü seçilib. Bu qərar, D-8 təşkilatının sıralarının ilk dəfə genişləndirilməsi kimi tarixə düşüb. Azərbaycanı tədbirdə qonaq qismində baş nazir Əli Əsədov və XİN rəhbəri Ceyhun Bayramov təmsil edib.   

Dövlət rəhbərlərinin toplaşdığı Qahirə sammiti çərçivəsində iqtisadi məsələlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə mövzusu olub. D-8 üzvləri son olaraq iyun ayında İstanbulda bir araya gəlmişdi. 

Arayış üçün bildirək ki, D8 Türkiyənin sabiq və mərhum baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda müsəlman ölkələri - Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı əsasında qurulub. Təşkilatın katibliyi İstanbulda yerləşir və 2020-2030 illər üçün qəbul edilmiş “Yol xəritəsi” çərçivəsində fəaliyyətini davam etdirir.

Azərbaycan da quruma qoşulmaq üçün rəsmi müraciət etmişdi. Türkiyə bu təşəbbüsü bütünlüklə dəstəkləyirdi. Qahirə sammitində Azərbaycan nəhayət, D-8-ə üzv oldu. Beləliklə də, D-8 indi D-9-a çevrildi.  

“Azərbaycanın D-8-ə üzv olması ilə daha da gücləndik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə D-8-in zirvə görüşündə deyib. “Qardaş Azərbaycana təşkilatımıza ”xoş gəldin" deyirik. Azərbaycanın D-8-ə üzvlüyü təkcə təşkilatı böyütməyəcək, həmçinin gücləndirəcək", - Türkiyə lideri qeyd edib. O, Azərbaycana yeni qoşulduğu təşkilatda uğurlar diləyib.

Öz növbəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif deyib: “Mən qardaş ölkə Azərbaycana D-8-in yeni üzvü kimi salamlayıram, ona xoş gəldiniz demək istəyirəm”. O, Azərbaycanın D-8-in hədəflərinə çatmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı X səhifəsində paylaşım edib: “Bu gün (dekabrın 19-da - red.) Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm. Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu bizim üçün qürur mənbəyidir. Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”.

Baş nazir Əli Əsədov isə sammitdəki çıxışında 11-ci Zirvə toplantısında ölkəmizin iştirakının xüsusi tarixi əhəmiyyəti olduğunu vurğulayaraq bildirib ki, bu gün Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar veriblər: “Buna görə bütün üzv dövlətlərə minnətdarlığımızı bildiririk. Azərbaycan təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə yaxından töhfə verəcək”.

Azərbaycanın D-9-a üzvlüyü ölkə üçün nələr vəd edir? Təşkilata qoşulmaq Bakıya hansı siyasi və iqtisadi üstünlüklər gətirə, hansı çağırışlar formalaşdıra bilər? 

Vüqar Bayramov — Vikipediya

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun dediyinə görə, nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-I isə 18 milyard 182 milyon dollar olan D 9 ölkələri müsəlman dünyası əhalisinin 63.0 faizinə sahibdir: “Bu dünya əhalisinin 16.0 faizi deməkdir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Bu isə deməkdir ki, D-9 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geo-siyasi mövqeyini daha da gücləndirəcək. Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir. Təşkilat 15 iyun 1997-ci il tarixində yaradılmışdır”. 

İqtisadçı Eldəniz Əmirov isə bildirir ki, D-8 yaradılarkən hədəfləri böyük idi: “Çox iddialı hədəflər qoyulmuşdu. Lakin ötən müddət ərzində bu hədəflərə nail olunduğunu söyləmək mümkün deyil. Yəni 30 ilə yaxındır yaranmasına baxmayaraq, D8 bu illər ərzində qarşısına qoyduğu məqsədə böyük ölçüdə çata bilməmişdi. Bunu üzv ölkələrin hər birinin inkişafında bu təşkilatın rolunun digər təşkilat və əməkdaşlıqlarla müqayisədə daha az olması, eyni zamanda üzv ölkələrin bir-birilə olan iqtisadi-siyasi münasibətlərinin mövcud vəziyyəti təsdiq edir. Məsələn, bunlardan sadəcə birinə baxaq. Bu təşkilatın ən böyük ölkəsi olan Türkiyənin xarici ticarət dövriyyəsi ötən il 585 milyard dollar olduğu halda təşkilatın bütün üzvləri ilə toplam ticarəti heç 50 milyard dollara gəlib çatmayıb. Bir təşkilatın ən böyük dövləti öz ticarət dövriyyəsini 30 il ərzində bu təşkilat daxilində 10 faizdən çox artıra bilməyibsə, deməli, bu təşkilatın inkişafına mane olan problemlər vardır. 

Təbii ki, təşkilat yaranarkən məqsəd həm siyasi, həm iqtisadi, texnoloji və digər aspektlərdən birgə inkişafa nail olmaq idi. Düzdür, üzv ölkələri arasında ticarət müqavilələri və gömrük tənzimləmələrini asanlaşdırmağa çalışmış, birgə inkişaf proqramları hazırlanmışdır. Amma bu təşkilata üzv ölkərindən asılı olan və onlardan asılı olmayan bir sıra səbəblərə görə 1997-ci ildə qoyulmuş hədəflədə nail ola bilməmişlər. Belə problemlərin səbəbləri arasında obyektiv olanı da var, subyektiv olanı da. 

Subyektiv səbəblər kimi ölkələr arasında koordinasiyanın təkmil olmaması, üzv ölkələrin bir-biri ilə əlaqələrinin dərinləşməsinə çalışmamasını qeyd etmək olar. Obyektiv səbəblər olaraq üzvlərin bəzilərinin kəskin beynəlxalq sanksiyalara məruz qalması, ölkələrin iqtisadi-siyasi potensial baxımından fərqli olmasıdır".

Ekspertə görə, hazırda qlobal geosiyasi vəziyyət bu regionda yeni zərurətlər yaratmaqdadır: “Bu baxımdan hesab edirəm ki, bu təşkilatın öz hədəflərinə nail olmaq üçün üzv ölkələr yeni fəaliyyət planı hazırlamalı və təşkilatı ən aktiv fazaya keçirməlidir. Belə bir durumda Azərbaycanın da bu təşkilata üzv olması, təkcə ölkəmiz üçün deyil, elə təşkilatın özü üçün də müsbət dinamika yarada bilər. Çünki Azərbaycanın getdikcə artan nüfuzu hər bir təşkilata yalnız müsbətlər gətirə bilər. Lakin Azərbaycan tərəfi də yəqin ki, tam olaraq bu təşkilata fokuslanmayacaq. Çünki bu təşkilatın perspektivləri ilə bağlı kifayət qədər həm də risklər mövcuddur. Buna görə də Azərbaycan digər istiqamətlərdə olan iqtisadi münasibətlərində aktivliyi qəti şəkildə azaltmadan D9 daxilində birgə əməkdaşlığın bütün sahələrində yeni imkanlar axtarmalı və bu imkanları ölkənin mənafeyinə uyğun istifadə etməlidir. 

Hazırda Türkiyə istisna olmaqla, D-9 üzvü digər 7 ölkə ilə olan ticarət dövriyyəmiz heç 1 milyard dollara çatmır. Daha dəqiq, cəmi 872 milyon dollardır. Bunların arasında elə ölkə var ki, ümumiyyətlə, ticarət dövriyyəmiz heç yarım milyona da çatmır. Odur ki, bu təşkilata üzv olmaq və birgə əməkdaşlıq perspektivlərini doğru qiymətləndirmək, ticarət dövriyyəmizə, o cümlədən ixrac bazarlarının diversifikasiyasına və bir çox digər istiqamətlərdə müsbət təsirlər yarada bilər".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın quruma üzvlüyü həm Bakı, həm də qrup üzvləri üçün faydalıdır: “Baxmayaraq ki, Azərbaycan hər bir ölkə ilə ikitərəfli əlaqələri də genişləndirir, çoxtərəfli münasibətlərin inkişafı da həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün faydalı ola bilər. D-9 əsasən islam ölkələrinin birliyidir. Ümumiyyətlə, Azərbaycan çoxsaylı formatlarda iştirak etməkdə maraqlıdır. Bu, imkan verir ki, daha çox ölkə ilə siyasi-iqtisadi əlaqələri genişləndirək. D-9 üzvləri kifayət qədər rəngarəngdir, müxtəlif coğrafi əraziləri təmsil edirlər. Bu da əməkdaşlıq üçün fərqli imkanlar deməkdir. Bu təşkilatın təşəbbüskarı Türkiyədir, bir çox məsələlərdə aparıcı rol da ondadır. Türkiyə də Azərbaycanın strateji müttəfiqidir. Bu, Azərbaycan üçün təşkilatın işində daha yaxından iştirak etmək imkanı yaradacaq. Gələcəkdə təşkilat üzvlərinin iştirakı ilə reallaşa biləcək regional layihələrdə ölkəmizin aktiv iştirakına səbəb olacaq”.

Qeyd edək ki, Azərbaycanın D-9 üzvlərindən Türkiyə və Pakistanla iqtisadi əməkdaşlıqdan əlavə, strateji siyasi-hərbi müttəfiqliyi mövcuddur. Daha bir üzv ölkə - İranla Azərbaycan çox mühüm regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində tərəfdaşlıq edir. Tehranın regionda daha çox Azərbaycana düşmən olan Ermənistanın yanında yer almasına baxmayaraq, xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində birgə iştirak iki ölkənin iqtisadi maraqları baxımından mühüm əhəmiyyətə malikdir. Buna görə də daha bir müstəvidə İranla təmas imkanlarının yaranması Bakı üçün yeni bir müzakirə müstəvisi deməkdir.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR