Onlayn ictimai-siyasi qəzet
Bəllidir ki, bütün cəmiyyətlərin iqtisadi-sosial inkişafı, qabaqcıl texnologiyalarla ayaqlaşması, ağıllı gənclər ordusunun yetişməsi təhsilə çox bağlıdır. Hansı cəmiyyətdə ki, təhsilin səviyyəsi aşağıdır, orada toplumun inkişafından söz açmaq qeyri-mümkündür.
Bu baxımdan, Azərbaycan dövləti də təhsilin yüksək səviyyə qaldırılması üçün son illərdə mühüm addımlar atmağa çalışır. Təhsilin səviyyəsinin yüksəlməsində isə peşəkar kadrların rolu çox mühümdür. Artıq ölkədə kadrların səviyyəsinin yüksəlməsi üçün sertifikasiya imtahanları keçirilir.
Lakin təəssüf ki, aparılan sertifikasiya imtahanlarının nəticələri o qədər də ürəkaçan deyil. Ötən ay ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 55 faizinin 30-50 bal, 35 faizinin 0-29 bal, 10 faizinin isə 51 və yuxarı bal topladığı məlum oldu. Ekspertlərin fikrincə, bu nəticə yalnız orta deyil, eləcə də ali məktəblərdə təhsilin keyfiyyətinin artırılması baxımından siqnaldır. Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov Elm və Təhsil Nazirliyinin yetərli bal toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etməsini təklif etmişdi.
“Bu, ali məktəblərdə pedaqoji fənlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər. Yəni əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə, o zaman ali təhsilin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər. Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən sertifikasiyada iştirak müddəti pedaqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir və bu da yeni universitet məzunlarının aldıqları təhsilin keyfiyyətini qiymətləndirməyə də imkan verə bilər”, - deyə millət vəkili qeyd etmişdi.
Vüqar Bayramov həmçinin bütövlükdə sertifikasiya imtahanlarının yalnız orta deyil, ali təhsildə də islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirdiyini vurğulamışdı.
Bəs təhsilin yüksək səviyyəyə çatması üçün ilk növbədə orta, yoxsa ali məktəblərdə islahatlar aparılmalıdır? Bunun üçün hansı təhsil proqramlarına ehtiyac var?
Kamran Əsədov
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Öncə qeyd edim ki, təhsilin əsas məqsədi öz-özlüyündə bilik əldə etməkdən daha çox, qlobal kapitalizmin tələbatını ödəmək üçün lazım olan bacarıqlar əldə etməyə xidmət edir. Məlumdur ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində təhsil, xüsusilə də ali təhsil müstəsna əhəmiyyət kəsb edir. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir.
Bu mənada təhsilə cəmiyyətdən təcrid olunmuş şəkildə qiymət vermək mümkün deyil və belə bir qiymət obyektivlikdən uzaq olardı. Təhsil cəmiyyətin vacib tərkib hissəsi olduğundan, cəmiyyətdə baş verən bütün proseslər son nəticədə təhsil sahəsindən də yan keçmir. Cəmiyyətin inkişafı təhsilin inkişafını da şərtləndirir və əsas amilə çevrilir. Təhsilin inkişafında dövlətlərdə hökumətlərin rolu çox önəmlidir.
Dövlətlərin təhsilin inkişafındakı məsuliyyətləri, cavabdehliyi ölkələrə görə dəyişkəndir. Bu da təbii prosesdir. Məsələn, Yaponiya Təhsil Nazirliyi islahat üçün 10 nəfərdən ibarət bir alt komissiyası yaradıb. Bu komissiyaya təhsil sisteminin ayrı-ayrı pillələrini yaxşı bilən təhsil işçiləri, cəmiyyətin nümayəndələri daxil edilib. Çox maraqlıdır ki, Təhsil Nazirliyinin bir işçisi, məmuru belə, bu komissiyada yer almayıb. Bu, cəmiyyətin müxtəlif profilli üzvlərinin problemi maddə-maddə ortaya qoymaq, həlli yollarını göstərmək məsuliyyətinə malik olmalarının, təhsilin inkişafının yalnız Təhsil Nazirliyinin vəzifəsi olmadığının göstəricisidir.
Təhsilin ilk və ən önəmli tərəfdaşlarından biri də ailədir. Bir çox ölkələrdə ailə təhsil sisteminin bünövrəsi, alt infrastrukturu hesab edilir. Bu dövlətin təhsil sistemi ailə ilə birlikdə, uyumlu bir şəkildə cəmiyyətə, dövlətin inkişaf məqsədlərinə cavab verən vətəndaşın yetişdirilməsində fəaliyyət göstərir.
İnkarolunmaz faktdır ki, Azərbaycanda təhsilin inkişafı üçün əsas məsuliyyət təhsil işçilərinin, müəllimlərin, təhsili idarəetmə orqanlarının, ilk növbədə Təhsil Nazirliyinin üzərinə düşür. Bu da təbiidir. Lakin yalnız onların səyləri ilə ölkədə təhsil sahəsində ciddi inkişafa nail olmaq mümkün deyildir. Dünyada olduğu kimi, təhsili inkişaf etdirmək üçün cəmiyyətin hər bir üzvü öz səlahiyyəti, qabiliyyəti, potensial imkanları çərçivəsində çalışmalı, milli mənafedən çıxış edərək vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir.
Azərbaycanın Boloniya prosesinə 2005-ci ildə qoşulmasına baxmayaraq, hesab edirəm ki, ötən müddət ərzində universitetlərimizin bu istiqamətdə fəaliyyəti qənaətbəxş sayıla bilməz. Dövlət ali məktəblərində təhsil alan tələbələrin yalnız 25 faizi Boloniya Bəyannaməsinin əsas müddəalarından olan tədrisdə kredit sistemi ilə təhsil alırlar. Bu bizi qane etməməlidir".
Ekspert qeyd edib ki, problemlərdən biri də daha çox ali məktəblərə qəbula diqqət yetirib, təhsilin keyfiyyəti, universiteti bitirəcək mütəxəssislərin hansı bilik və bacarıqlara malik olmasının ikinci plana keçirilməsi ilə bağlıdır: “Fikrimcə, ali məktəblərdən çıxış, yəni təhsil müəssisələrini bitirmək məsələsi daha ciddi nəzarətə götürülməli, burada elə mexanizmlər tətbiq edilməlidir ki, yalnız layiq olanlar diplom alsınlar. Çünki ali məktəbi bitirən gənc birbaşa istehsalata, məktəbə, xəstəxanaya, iqtisadiyyatın müxtəlif sahələrinə işləməyə gedir.
Bəzi valideynlər yanlış olaraq düşünürlər ki, onların övladları ali və orta məktəblərdə təhsil alarkən bilik, savad göstərməklə deyil, başqa vasitələrlə qiymət almalıdırlar. Belə insanlar müəyyən mənada müəllimi təhrik edirlər ki, övladı oxumasa da ona qiymət yazılsın, bacarığı olmaya-olmaya ona təhsil haqqında sənəd verilsin. Bütün müəllimlərə, həm ali, həm də orta məktəblərdə çalışanlara, övladları universitet və ümumtəhsil məktəblərində oxuyan valideynlərə müraciət edib demək istəyirəm ki, təhsil haqqında sənədi almağın bir yolu var - yaxşı oxumaq, tədris plan və proqramlarında nəzərdə tutulan bilik və bacarıqlara yiyələnərək imtahan verib müvəffəq qiymət almaq. Heç kim başqa yol axtarmasın, çünki digər yol yanlış yoldur və bu yol bizi yalnız tənəzzülə apara bilər. Cəmiyyətin hər bir üzvü bilməli və çalışmalıdır ki, yalnız müvafiq bilik və bacarığı olan şəxslər təhsil sənədi ala bilər".
HAZIRLADI: Xalidə GƏRAY
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ