İnsanlara hürriyət, millətlərə istiqlal!

Elon Mask lisey illərində niyə məktəb dəyişdi: Atası ilə münasibətləri niyə pozuldu? - SENSASİON YAZI

O, dünyanın ən varlı insanıdır. Hər addımı ilə gücünə güc qatır, titullarına hər gün bir yenisini əlavə edir. Son olaraq “ABŞ prezidentinin müşaviri” kimi tanıdıldı, lakin etdiyi çıxışlar və hərəkətlərlə daim tənqid hədəfinə çevrilir. Bəs Elon Maskın bu mübahisəli xarakterinin təməlində nə dayanır? Onun qalmaqallı çıxışlarının səbəbi uşaqlıqda böyüdüyü mühit ola bilərmi?

Cənubi Afrikanın Pretoriya şəhərində yerləşən Pretoria Oğlanlar Liseyinin çox sayda tanınmış məzunu var. 1901-ci ildə qurulan bu məktəb İngiltərədəki oxşar məktəblərin bir nüsxəsi kimi görünür. Bu məktəbdən İşçi Partiyasının siyasətçisi Piter Heyn, Buker mükafatlı yazıçı Deymon Qalqut və sevgilisi Rivə Stinkampi öldürdüyü üçün illərlə həbsdə yatan paralimpiyaçı idmançı Oskar Pistorius kimi məşhur adlar çıxıb. Ancaq məktəbin ən tanınmış məzunu bunlar deyil – son dövrlərdə ABŞ prezidenti Donald Trampın müşaviri kimi gündəmə gələn texnologiya sahibkarı Elon Maskdır.

Mask 1980-ci illərin sonunda bu məktəbdə təhsil alıb. Məktəbin yaşıllıqlarla əhatə olunmuş kampusu, atasının da yaşadığı zəngin Voterkloof məhəlləsinə olduqca yaxın idi.

Həmin dövrdə aparteid rejimi süqut etməyə yaxın idi və Cənubi Afrika ciddi bir qarışıqlıq içində idi. 1984-cü ildə qara dərili insanların yaşadığı qəsəbələrdə üsyanlar başlamış, 1986-cı ildə isə ağ azlığın idarəsində olan hökumət fövqəladə vəziyyət elan etmişdi. Ancaq ağların yaşadığı ayrılmış bölgələrdə həyat sakit və rifahlı keçirdi.

Screenshot_4.png (484 KB)

Pretoria Liseyində Maskdan bir sinif yuxarıda oxuyan Conatan Stüart “The Guardian”a verdiyi açıqlamada belə deyir: “Ölkə alovlar içində olsa da, biz yaşıllıqlarla əhatələnmiş məhəllələrimizdə təhlükəsizlik içində yaşayırdıq. Nisbətən zəngin bir təbəqə vardı, qalan hər kəs onun xaricində qalırdı”.

Maskın paylaşımından sonra Tramp Cənubi Afrikanı “cəzalandırdı”

1971-ci ildə Pretoriyada doğulan Mask bir müddət əvvəl “X” hesabından etdiyi paylaşımda doğulduğu ölkənin “açıq-aşkar irqçi qanunlarını” tənqid etdi və “Cənubi Afrikada ağ dərililər irqlərinə görə sıxıntı çəkirlər” fikrinə “bəli” cavabını verdi.

Bu paylaşımların ardından Tramp Cənubi Afrika hökumətini ağ dərili afrikanslara qarşı ədalətsiz irqçilik tətbiq etməkdə suçlayan bir fərmana imza atdı. Bu qərarda, xüsusi mülkiyyətin bəzi hallarda dövlətləşdirilməsinə imkan verən bir qanun əsas gətirildi. Bu qanunla bağlı olaraq ABŞ-ın Cənubi Afrikaya verdiyi yardımlar (xüsusilə ölkənin HIV/AIDS büdcəsinin 17 faizi) dayandırıldı və ağ afrikanslara ABŞ-a sığınma hüququ tanındı. 

Screenshot_3.png (468 KB)

1989-cu ildə Cənubi Afrikanı tərk edib əvvəlcə anasının vətəni Kanadaya, daha sonra isə ABŞ-a köçən Maskın bu qərarlarda nə dərəcədə təsiri olduğu bilinmir. Həmçinin Tramp prezidentliyinin əvvəlində də Cənubi Afrikadakı ağlara qarşı irqi ayrı-seçkilik iddialarına maraq göstərmişdi.

Mask Starlink-i Cənubi Afrikada da satmaq istəyir

Maskın Trampa yaxın müşavirlərdən biri olduğu nəzərə alınsa, bu məsələləri prezidentlə bölüşmədiyini düşünmək çətindir. Digər tərəfdən, Maskın Cənubi Afrikada iqtisadi maraqları da var. Ölkədə əhalinin yalnız 7 faizini təşkil edən ağlar kənd təsərrüfatı torpaqlarının 70 faizindən çoxuna sahibdir. Mask, bu paylanmanı dəyişdirməyə yönələn torpaq islahatı qanunlarını irqçilik və “oğurluq” kimi qiymətləndirir. Hətta ağ fermerlərin öldürülməsini “soyqırım” olaraq xarakterizə edən iddiaları dəstəkləyir. Amma tədqiqatlar bu cinayətlərin daha çox iqtisadi səbəblərlə törədildiyini göstərir.

Bu arada Mask Starlink peyk internet şəbəkəsini ölkədə satışa çıxarmağa çalışır. Lakin ölkə qanunlarına görə telekommunikasiya sektorunda fəaliyyət göstərən xarici sərmayədarların yerli ortaqlarının 30 faizi qara dərili şirkətlər olmalıdır. Trampın fərmanının Maskın bu tələbdən azad olmaq cəhdlərinə təzyiq göstərdiyi bildirilir.

Aparteid rejimində böyümək Maskın dünyagörüşünü necə formalaşdırdı?

Son aylarda Maskın Trampın andiçmə mərasimindəki əl hərəkətləri “nasist salamına” bənzədildi (Mask bu iddiaları rədd etdi), Almaniyadakı “Almaniya üçün Alternativ” kimi sağçı partiyalarla münasibətləri də tənqid olundu. Bəs Maskın aparteid dövründə böyüməsi onun mövqelərinə necə təsir edib?

Bu sual hələ də cavabsızdır.

Maskın ailəsi kimi ingilisdilli ağ Cənubi afrikalılar aparteid rejimindən faydalanmışdılar, lakin həmin dövrdə hakimiyyətdə olan afrikanslarla birbaşa əlaqəli deyildilər.

Məktəb dəyişməsinin səbəbi: Şiddətli zorakılıq

Mask beş illik lisey həyatının ilk iki ilini Yohannesburqda yalnız ağların təhsil aldığı Bryanston Liseyində keçirmişdi. Bu məktəb paralı və qarışıq dövlət məktəbi idi. 1980-ci illərdə də Bryanstonda idman uğuru çox önəmli idi.

Mask 1985-ci ildə məktəbin şahmat klubuna qatıldıqdan sonra dəhşətli zorakılığa məruz qaldı. Son bir hadisədə ağır şəkildə döyülərək pilləkənlərdən atıldı və günlərlə xəstəxanada müalicə aldı. Bunun ardından atası Errol, Elon və qardaşı Kimbali Pretoriya Liseyinə köçürdü.

Yeni məktəbində eyni sinifdə oxuyan Gideon Furi Mask haqqında belə danışır: “Çox ortabab bir tələbə idi. Nə super idmançı, nə super dərrakəli, nə də pis uşaqlardan idi. Öz dost qrupu var idi”.

Yeni məktəbi ölkənin qalan hissəsindən fərqli idi

O dövrdə Cənubi Afrikada mətbuata ağır senzura tətbiq olunurdu. Qəzetlərdə qəsəbələrdə baş verən hadisələr və toplu həbslərlə bağlı xəbərlər qara xətlərlə örtülürdü. Lakin Pretoria Liseyi dövrünə görə kifayət qədər liberal bir məktəb idi. 1981-ci ildə ilk qara dərili tələbəni qəbul edən məktəbin direktoru Malkolm Armstrong hüquqi boşluqdan istifadə edərək ölkə daxilindəki qondarma müstəqil “vətənlər”də yaşayan diplomatların oğullarını da məktəbə qəbul etmişdi.

Patrick Konroy, “Armstrong qadağan olunduğu dövrdə Afrika Milli Konqresi (ANC) ilə görüşmüşdü. Tələbələrə demokratiya, insan hüquqları və sosial ədalətin əhəmiyyətindən tez-tez danışardı” deyə xatırlayır. Hazırkı direktor Qreqari Hassenkamp da Armstrong haqqında oxşar fikirlər söyləyib, lakin bütün müəllimlərin bu liberal baxışa sahib olmadığını da qeyd edib. 

Screenshot_5.png (606 KB)

Keçmişdə Demokratlara səs verdiyini açıqlamışdı

Mask daha əvvəl açıqlamalarında “mühafizəkar olmadığını”, 2008-ci ildən bəri Demokratlara səs verdiyini, lakin sonradan fikrini dəyişdiyini bildirmişdi. Həm də Maskın demokratiyaya və demokrat liderlərə şübhə ilə yanaşdığı məlumdur. Maskın babası 1930-cu illərdə Kanadada demokratiya əleyhinə bir partiyanın lideri olmuşdu. Bu partiya ölkənin elita texnokratlar tərəfindən idarə olunmasını dəstəkləyirdi. Daha sonra isə Cənubi Afrikaya köçmüşdü.

Bəzi dostlarına görə, Mask güclü lider axtarışında bu lideri Trampda tapıb. Digərləri isə onun aparteidin sona çatması ilə bağlı mübarizələri tam yaşamadığı üçün Nelson Mandelanın 1994-cü ildə prezident olması kimi bir “möcüzəni” anlaya bilmədiyini deyirlər.

30 ildən çox vaxt keçsə də, ANC Cənubi Afrikada iqtisadi bərabərsizliyi həll edə bilməyib. Qara dərilərin iqtisadi baxımdan gücləndirilməsi üçün qəbul olunan siyasətlərə baxmayaraq, bu təbəqədə işsizlik ağlara nisbətən beş dəfə çoxdur. Eyni zamanda ölkə cinayət səviyyəsinin ən yüksək olduğu ölkələrdən biridir.

Atası aparteid dövrünü tərifləyirdi

Ağ Cənubi afrikalıların bir çoxu qara dərilərə tətbiq olunan müsbət ayrı-seçkilik qanunlarını özlərinə qarşı mənfi ayrı-seçkilik kimi qəbul edir. Bu ilin fevralında Pretoriyadakı ABŞ səfirliyinin qarşısında toplaşan yüzlərlə adam “Prezident Trampa Tanrıya şükür” və “Cənubi Afrikanı Yenidən Böyük Et” kimi pankartlar açdılar.

Errol Mask isə Cape Towndakı evində verdiyi müsahibədə belə deyib: “Gözəl günlər idi. Cinayət yox idi. Problem yox idi. İnsanlar – qara dərililər və ağlar – bir-biriləri ilə yaxşı yola gedirdilər. Hər şey qaydasında idi. Gerçək budur. Əlbəttə, insanlar bunu eşitmək istəmir, amma bu gerçəkdir”.

Atası ilə münasibətləri niyə pozuldu?

Maskın atası Errolla çətin münasibəti uzun müddətdir məlumdur. Qardaşı Kimbal, Maskın bioqrafiyasını yazan Walter Isaacson-a bildirib ki, ataları onlara saatlarla qışqırar, “beş para etməzsiniz”, “zavallısınız” kimi ifadələr işlədərdi. Anaları Maye isə Errolu fiziki zorakılıqda ittiham edib. Errol isə bütün bu iddiaları “cəfəngiyyat” adlandırıb. 

Screenshot_6.png (581 KB)

Isaacson-un yazdığına görə, Mask 2017-ci ildə atasının 30 yaşlı ögey qızı Yana Bezuidenhoutdan uşaq sahibi olduğunu öyrəndikdən sonra onunla bütün əlaqəsini kəsib. Errol isə bu münasibətin pozulmasının səbəbini fərqli izah edir. Onun dediyinə görə, Keiptaunda qeyd olunan doğum günlərində (Errol 70, Elon 45 yaşını qeyd edirdi) Trampın prezidentliyini dəstəklədiyini söyləyib və araları bu səbəbdən pozulub.

Errol: “Biden hakimiyyətə gələndə işlər dəyişdi. Elon artıq Amerikanın məhv edilməyə çalışıldığını başa düşdü. İndi hər gün bir-birimizə mesaj yazırıq. Əlbəttə, bəzən cavab verə bilmir, o zaman şəxsi köməkçisi mənə cavab verir”, – deyə bildirib.

"Hürriyet" qəzetinin materialı əsasında: https://www.hurriyet.com.tr/dunya/live-son-dakika-iran-ile-gerilim-tirmaniyor-abdden-flas-israil-hamlesi-42753344

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Aprel 2025

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR