Onlayn ictimai-siyasi qəzet
“Bütün incə sənətlər arasında ağıl üçün ən az xeyirlisi musiqidir. Musiqi düşüncəni dağıdır, fikri yayındırır, azadlığı boğur”
(İmmanuil Kant)
Əvvəlcədən xəbərdarlıq edirəm, bu yazıda çoxlu sitat olacaqdır. Həmişə mənim yazdığımı oxumaq olmaz, dünyada ağıllı adamlar çoxdur, təvazökarlıq olsa da etiraf etməliyəm. Bəzən hörmətli oxucular əski zamanlardakı yazılarımdan elə sitatlar gətirirlər, heyrətə gəlirəm, deyirəm kaş bunu indi yazaydım. Məsələn, təzəlikcə Həcc ziyarəti üçün yığdığı pulu xeyirxahlığa sərf edən və ziyarətdən qalan adam haqda hədisi xatırlatmışdım. Yəqin çoxunuz bilirsiniz: qonşusu ziyarətdən qayıdır, deyir səni orda gördüm. (Guya bununla bizə təskinlik verirlər ki, kim yaxşılıq etsə elə ziyarətdə olmuş kimidir). Uzun sözün qısası, mən bu hədisi yazdım, diqqətli oxuculardan Ruslan bəy xatırlatdı ki, haçansa mən bu temada belə bir cümlə yazmışam: “Hacı Qalib həccə 37 dəfə getsə də onu orda 1 dəfə də görən olmayıb”.
Köhnə kişilərin yadında olar, rəhmətlik Leonid İliç Brejnevin aforizmlərindən biri belə idi: “Çörək olarsa, mahnı da olar”. (İkinci əziz məsəli “Azərbaycan iri addımlarla irəliləyir” idi). Məncə bunların hər ikisi hələ də aktualdır. Diqqət edin, son günlərdə musiqi müəllimlərinin attestasiyası olub, 600-dən çox müəllimi peşəsinə yaramadığı üçün işdən qovublar. Onlar yığışıb dövlət idarələri önünə gedir, etiraz mahnıları oxuyurlar. “Bella çao”, “Aynadan gözəl”, “Sınıq qəhvədan”, “Əjdər əmi”, “Maral, maral”, “SOS” və sairə.
Doğrudur, buna qədər riyaziyyat, ana dili müəllimlərinin də attestasiyası olmuşdu, lakin deyəsən ən ağlaşmalısı manıs müəllimlərindədir. Necə deyərlər, Yadullanın müsibəti. (Hardansa yadıma uşaq vaxtı musiqi dərsində keçdiyimiz mahnı düşdü: “Piano çalır İsi, Do re mi fa sol lya si”). Yəqin burada musiqi müəllimlərinin asudə vaxtda istifadə imkanlarındakı problemlər də öz rolunu oynamışdır. Doğrudan, axı bunları bələdiyə seçkisində tarın içində bülleten daşımağa, yaxud, deputatlığa namizəd müxalifətçinin üstünə pianino yıxmağa məcbur etmək bir az çətindir. Lap o “Bəxtiyar” kinosundakı kimi: “Mən tək, kontrabasda?!”
Əlbəttə, yenə yuxarıdakı aforizmə qayıtsaq, iddia edirəm ki, musiqi müəllimlərinin ixtisarında Trampın tarif siyasəti rol oynamışdır. Neft ucuzlaşır, çörək azalır, nəticədə musiqi dayanır. Hələ indi yaxşıdır, 2009-cu ildə “Azneftyağ” zavodunun “Neftçi” ansamblından bilirsinizmi neçə solist ixtisara düşmüşdü? 85 nəfər! Təsəvvür elə. Guya zavodun bu qədər çalıb-oxuyanı varmış. Həmin il Yevlax Musiqi Məktəbinin direktorunu isə 172 saxta diplom satdığı üçün tutmuşdular. Yəqin indi ixtisara salınan müəllim(ə)lər də həmin kateqoriyadandır.
Hamısı Trampın işləridir. İmkan vermir yaşayaq. Kartof da 2 manat olub. Gəl indi çal-oyna...
Ancaq etiraz edən müəllim(ə)lərin arqumentləri də daşdan keçərlidir. (Mövzuya uyğun olsun deyə, “sarı simə toxunur” yazaq). Məsələn, biri dedi ki, məndən opera parçaları soruşdular bilmədim, biz harda operaya qulaq asaq, məktəbdə şəraitimiz yoxdur və sairə.
Çox haqlıdır. Sən Biləcəridə manıslıq məktəbində qarmon-nağara dərsi öyrədən şəxsə axı nə üçün Cüzeppe Verdinin “Traviata” operasından Alfredonun ariyası barədə sual verirsən? Onu uşağa öyrətsə uşağın axırı nə olacaq? Bu, həyatda onun nəyinə gərəkdir? Bəstəkar olub acından öləcək. İndiki halda Ağaverdinin meyxanalarını, nə bilim, iranlı manısın “Mamana demə” mahnısını öyrənir, gedir toyda çalır, oxuyur, beş manat pulunu qazanıb, kasıbçılığını edir. Bizə Üzeyir Hacıbəyli yox, Üzeyir Mehdizadə lazımdır! Millət öz sözünü çoxdan deyib. Müəllimə operadan sual verən komissiyanın dilini qatlayıb... Nəsə, çox əsəbləşdim, gedim bir az dumbul çalıb oynayım, hirsim yatsın...
Ay camaat, hələ başqa bir düşük arqumentə baxın. Attestasiya komissiyası aşkar edib ki, bəzi musiqi müəllimləri pianonu cəmi 1 barmaqla çalırmış. Pah... Dəhşət. Guya siz indi səhv tapmısınız dana... Sanki on barmaqla çalsa “2-ci dərəcəli Mərifət” medalı veriləcək.
Başqa tərəfdən, 1 barmaqla çalır, lap əla. O biri barmaqları boş qalır, nəsə faydalı işlərdə istifadə edin. Məsələn, 1 barmaqla çalsın, 9 barmaqla corab toxusun. Qeyri-neft sektoru belə inkişaf etməlidir.
Bax, məndən yazmaq, belə edəcəksiniz, axırda boynunun dalında saz çalan aşıqlar, tarı dabanıyla kökləyən sənətkarlar, skripkanı qarnında tutanlar da qəhətə çəkiləcək.
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ